Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Gazprom”: “”Türk axını”nın ikinci xəttinin inşası üçün icazələr alınıb”

“Gazprom”: “”Türk axını”nın ikinci xəttinin inşası üçün icazələr alınıb”

“Türk axını” qaz boru kəmərinin (“TurkStream”) ikinci xəttinin inşası üçün icazələr alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. “Türk axını”nın inşası isə qrafik üzrə irəliləyir.

Layihə üzrə Rusiya, Türkiyə və Qara dənizdə indiyədək 760 kilometr boru döşənib. Boru kəmərinin Rusiya hissəsində tikinti işləri yekunlaşmaq üzrədir. Türkiyədə isə təbii qazın qəbulu üçün terminalın inşasına başlanılıb.

Layihə çərçivəsində inşa ediləcək hər iki xəttin də 2019-cu ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən “South Stream Transport B.V.” şirkətinin məlumatına görə, Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. “South Stream Transport BV” Böyük Britaniyanın “Petrofac” şirkəti ilə “Türk axını” qaz boru kəməri layihəsi üzrə ötən ilin sentyabrında 340 milyon avroluq investisiya müqaviləsi imzalayıb. Müqavilə “Türk axını” boru kəmərinin inkişaf etdirilməsini və Türkiyə tərəfi üçün qaz qəbulu terminalının inşa edilməsini nəzərdə tuturdu. Əsas subpodratçı kimi Türkiyənin “Tekfen” inşaat şirkəti təyin edilmişdi. “South Stream Transport B.V.” şirkəti “Gazprom”un 100 faizlik törəməsidir.

“Gazprom” şirkəti cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəməri 1860 kilometr uzunluğunda olacaq. “Türk axını” boru kəmərinin dəniz hissəsinin inşasının 38 faizdən çoxu yekunlaşıb. Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …