Ana səhifə / İqtisadiyyat / Gələn ilin büdcəsi: Gəlirlərin 54,2 faizi neft sektorunun payına düşür

Gələn ilin büdcəsi: Gəlirlərin 54,2 faizi neft sektorunun payına düşür

2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 milyard 776 milyon manatı neft sektorunun, 45,8 faizi və ya 11 milyard 651 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2020-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 214 milyon manat və ya 1,5 faiz az, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 517 milyon manat və ya 15 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə neft sektorunun gəlirləri 171,4 milyon manat və ya 1,3 faiz, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 37,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində qeyd olunub.

Bildirilib ki, neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 88,6 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11,4 faizini və ya 1 milyard 576 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda SOCAR üzrə büdcə ödənişləri 1 milyard 136 milyon manat və neft-qaz sahəsində fəaliyyət göstərən hasilatın pay bölgüsü sazişlərindən mənfəət vergisi 440 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 72,1 və 27,9faizini təşkil edir.

SOCAR və onun törəmə müəssisələri tərəfindən 1 milyard 136 milyon manat məbləğində dövlət büdcəsinə vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 104 milyon manat və ya 8,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 273,3 milyon manat və ya 19,4 faiz azdır. Azalmanın əsas səbəbi növbəti il üzrə xam neft ixracının azalması, təbii qazın ixrac qiymətinin aşağı düşməsi, Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının təqdim edilən mallar (işlər və xidmətlər) üçün faktiki ödənişin aparıldığı vaxt sayılmasının şirkətin vergi öhdəliklərinə təsirinin nəzərə alınması olub.

Hasilatın pay bölgüsü sazişlərindən mənfəət vergisi 440 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozundan 110 milyon manat və ya 20 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 391 milyon manat və ya 47,1 faiz azdır. Azalmanın səbəbi “OPEC+” sazişi çərçivəsində satış üzrə neft həcmlərinin azalması ilə bağlıdır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …