Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Gələn il iqtisadi artım nəyin hesabına olacaq? – AÇIQLAMA

Gələn il iqtisadi artım nəyin hesabına olacaq? – AÇIQLAMA

Azərbaycan hökuməti gələn il ölkədə 1,5 faizlik iqtisadi artım gözləyir. İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı 3 il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2018-ci ldə ölkədə 69,4 milyard manatlıq Ümumi Daxili Məhsul(ÜDM) istehsal olunacaq. Bu zaman qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat təşkil edəcək.

Xatırladaq ki, Dünya Bankının bir neçə gün əvvəl açıqlanan hesablamalarında gələn il Azərbaycanda ÜDM-in cəmi 0,9 faiz artacağı bildirilir. Bunun isə bilavasitə “Şahdəniz-2” layihəsi çərçivəsində qaz hasilatına başlanması ilə bağlı olacağı qeyd edilir. DB-nin proqnozuna əsasən, neftin bahalaşmasına baxmayaraq, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz azalacaq. Maraqlıdır ki, Bankın mütəxəssisləri yanvar ayında açıqladıqları hesabatda bu il ölkəmizdə 1,2 faizlik iqtisadi artım proqnozlaşdırmışdılar.

Hökumət və Dünya Bankının gələn ilki iqtisadi artımla bağlı proqnozları nə qədər realdır? 2018-ci ildə Azərbaycanda iqtisadi artım daha çox hansı sektorun hesabına baş verə bilər?

Suallarımıza cavab verən Milli Məclisin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin sözlərinə görə, 2015-ci ilin iki şok devalvasiyasından sonra Azəbaycanda mahiyyət etibarı ilə əvvəlki illərdən fərqli bir makroiqtisadi vəziyyət yaranıb: “Manatın məzənnəsinin, sərmayə qoyuluşlarının kəskin surətdə aşağı düşməsi, banklar tərəfindən iqtisadiyyatın kreditləşməsi həcminin daralması, inflyasiyanın sürətlənməsi fonunda makroiqtisadi vəziyyət xeyli mürəkkəbləşib, nəticədə rəsmi hökumət proqnozlarımda 2016-cı ildə artım nəzərdə tutulsa da, realda 3 faiz enmə baş verib. Milli Məclisdə 2017-ci ilin büdcəsi müzakirə olunarkən biz apardığımız tədqiqatların nəticələrinə əsaslanaraq bildirmişdik ki, hökumət islahatlar istiqamətində nəzərdə tutduğu tədbirlərin heç olmasa yarısını davamlı, sistemli şəkildə və keyfiyyətlə yerinə yetirə bilsə, mənfi meyllərin maksimum neytrallaşdırılması və itkilərin azaldılması hesabına 2017-ci il – son enmə ili ola bilər. Bu il həmin istiqamətdə görülən işlərin əhəmiyyətini dəyərləndirməklə yanaşı, real həyat əyani şəkildə nümayiş etdirir ki, islahatlar istiqamətində atılan addımlar və onlarım kəsəri yetərli səviyyədə olmadığından 2017-ci ildə 1 faiz artım proqnozlaşdırılsa da, 1 faiz enmə özün göstərir və ilin sonunadək enməni azaltmaq olsa da, mənfi meylləri müsbətə doğru dəyişmək mümkün olmayacaq”.

 

Bununla belə millət vəkili hesab edir ki, 2017-ci ildə başlanan və görülən işlər 2018-ci ilin nəticələrinə müsbət təsir edəcək: “Hazırda qlobal iqtisadiyyatda da qeyri-müəyyənliklərlə yanaşı, müsbət meyllər də özünü göstərməkdədir. Azərbaycan üçün çox vacib bir məqam dünya bazarında bir barrel neftimizin qiyməti 2016-cı ilin ilin əvvəllərindəki 32 dollardan qalxaraq 2017-ci ildə 50-55 dollar ətrafında hərəkət etməsidir. 2017-ci ildə görülən və 2018-ci ilin birinci yarısına qədər görülməsi nəzərdə tutulan işlər, eləcə də qlobal və xarici mühitin bəzi amillərinin xeyrimizə işləməyə başlaması, bir tərəfdən iqtisadiyyatımızın 2 illik kiçilmə mərhələsindən sonra artıma meyillənməsi, digər tərəfdən isə ölkədə islahatların genişləndirilməsi və dərinləşdirilməsi üçün də şərait yaradır. Əgər hökumət bu şansdan səmərəli istifadə edib, islahatları sürətləndirsə, onlara sistem xarakteri verib davamlılığını və yüksək keyfiyyətini və mükəmməlliyini təmin edə bilsə, onda 2018-ci ildə Azərbaycanda ÜDM-in 1-1,5 faiz, qeyri-neft sektorunun isə 2,5- 3 faiz ətrafında artımına nail olmaq mümkündü”.
İqtisadçı-alimin fikrincə, ÜDM-də neft sektorunun payının 30 faizin ətrafına endirilməsi nəzərdə tutlsa da, hələ bir müddət də ölkədə ÜDM-in ümumi göstəricisi xeyli dərəcədə neft sektorunun nəticələrindən asılı olmaqda davam edəcək: “Qeyri-neft sektorunda görülən işlər, Sumqayıt, Mingəçevir, Pirallahı, Neftçala, Masallı və sair redional əhəmiyyətli işlərin qeyri-neft sektorunun nəticələrinə birbaşa və multiplikativ effekti tədricən artacaq deyə, bu sahədə artım tempi ÜDM-in ümumi artım tempini üstələyəcək…. Bununla yanaşı səylər artırılsa, süni qiymət artımı yığışdırılsa, inflyasiyanı birrəqəmli səviyyəyə endirmək və əhalinin real gəlirlərinin azalması kimi təhlükəli meyllərin qarşısını almaq da mümkündür”.

Ə.Məslimli bildirir ki, rəsmi hökumət proqnozları bir qədər fərqlə beynəlxalq iqtisadi qurumların Azərbaycan iqtisadiyyatına dair proqnozları ilə uzlaşır. Burada əsas fərq artımın daha çox neft, yoxsa qeyri-neft sektorunun göstəricilərinin yaxşılaşdırılması hesabına əldə edilməsi ilə bağlıdır: “Hansı amildən asılı olmayaraq, bu işlər reallaşa bilsə və 2018-ci ilin proqnoz rəqəminə nail olunsa, onda hökumətin 2019-cu ildə 1,4 faiz, 2020-ci ildə 3,7 faiz, 2021-ci ildə 9,4 faiz artım proqnozlarının da özünü doğrultma ehtimalı arta bilər. Amma həmin nəticələrə etibarlı şəkildə nail olmaq islahatları genişləndirib dərinləşdirmək və keyfiyyətini artırmaqla yanaşı, makroiqtisadi sabitliyə təsir edə biləcək risklərin nə dərəcədə neytrallaşdırılacağından, Azərbaycanın neft sektorunda istehsalın nə dərəcədə heç olmasa nisbi sabit olacağından, yoxsa xeyli aşağı düşəcəyindən, dünya bazarında neftin qiymətinin 2018-ci ilin hökumət proqnozlarına nə qədər uyğun və ya ondan aşağı-yuxarı olacağından, manatın məzənnəsinin dayanıqlılıq dərəcəsindən, sərmayə və kredit qoyuluşlarının səviyyəsi, rasionallıq və səmərəlilik dərəcəsindən, korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqları, talançılıq və sair bu kimi neqativlərə qarşı mübarizənin kəsərlilik dərəcəsindən, ölkədə, xüsusən də regionlarda iqtisadi fəallığın atırılmasından, sahibkarlığın qarşısındakı maneələrin aradan qaldırılması istiqamətində son vaxtlar görülən işlərin dairəsinin genişləndirilməsindən, layiqli maaşlı iş yerlərinin açılma səviyyəsindən və sair bu kimi amillərdən asılı olacaq”.musavat.com

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …