Şənbə , Oktyabr 1 2022
Ana səhifə / İqtisadiyyat / Gələn ilin büdcəsində kimə çox, kimə az pay düşəcək – RƏQƏMLƏR

Gələn ilin büdcəsində kimə çox, kimə az pay düşəcək – RƏQƏMLƏR

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsinin ilkin parametrləri açıqlanıb. Maliyyə Nazirliyi 2023-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə aid digər sənədləri Nazirlər Kabinetinə təqdim edib. Nazirlik həmçinin büdcənin parametrlərinə dair məlumatları öz İnternet saytında yerləşdirib.

Açıqlanan sənədə görə, 2023-cü il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin layihələri beynəlxalq çağırışlar, eləcə də İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ortamüddətli dövr üzrə makroiqtisadi proqnoz göstərciləri və fərziyyələr nəzərə alınmaqla hazırlanıb.

Sənədlərdən aydın olur ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barrelinin orta illik ixrac qiyməti 2023-2026-cı illər üçün 50,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən cari ildə ölkədə ÜDM-in real artımı 3,5 faiz olmaqla 117,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 7,3 faiz olmaqla 67,1 milyard manat təşkil edəcək. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2023-cü ilin sonuna 73,1 milyard manat, 2026-cı ildə isə 92,3 milyard manata qədər artacağı və real artım tempinin 4,5-5,1 faiz intervalında olacağı gözlənilir. 2023-2024-cü illərdə qaz hasilatının artması neft-qaz ÜDM-nin artımını dəstəkləyərək real artım tempinin 2023-cü il üzrə 0,2, 2024-cü ildə 2,6 faizə qədər artmasına, 2026-cı ildə isə azalan hasilat göstəriciləri neft-qaz ÜDM-nin geriləməsinə (-1,9 faiz) səbəb olacaq. 2026-cı ilə doğru ÜDM-in real artım tempinin tədricən zəifləməsi neft-qaz ÜDM-i üzrə real artım tempinin azalan dinamikasından qaynaqlanacaq.

Hökumət 2026-cı ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 78,0 faizə, neft sektorunun payının isə 22,0 faizə bərabər olacağını proqnozlaşdırır. Eyni zamanda cari ilin yekununda ölkədə orta illik inflyasiyanın12,5 faiz, 2023-cü ildə  6,9 faiz olacağı, 2026-cı ildə 3,6 faizə qədər azalacağı gözlənilir

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb. Hökumət ümid edir ki, inflyasiya səviyyəsini tənzimləməklə növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 milyard manat, xərclərinin isə 89,2 milyard manata çatmasına nail olacaq.

Növbəti üç ildə Azərbaycan hökuməti dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsini dəstəkləyəcək.

2023-cü il büdcəsi neftin 50 dollar qiymətinə uyğun hazırlanıb. Bu zaman büdcə gəlirlərinin ÜDM-in 29 faizi həcmində – yəni 30720,7 milyon manat olacağı nəzərdə tutulur. Bunun 53 faizi və ya 16 milyard 297 milyon manatı neft sektorunun, 47 faizi və ya 14 milyard 423,7 milyon manatı qeyri-neft sektorunun payına düşəcək.

2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə ÜDM-in  12,7 faizi, büdcə gəlirlərinin 43,6 faizi həcmində – 13 milyard 402 milyon manat təmin olunacağı proqnozlaşdırılır.

Dövlət Neft Fondundan büdcəyə 11 milyard 280 milyon manat və ya büdcə gəlirlərinin 36,7 faizi həcmində transfert ediləcək.

Daha 4 milyard 750 milyon manat və ya büdcə gəlirlərinin 15,5 faizi Dövlət Gömrük Komitəsindən təmin ediləcək. Bundan əlavə, gəlirlərin 750,0 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 538,7 milyon manatı və ya 1,8 faizi isə sair gəlirlərin payına düşəcək.

Gələn il büdcə gəlirlərində neft sektorundan daxilolmalar 2022-ci ildəkindən 795,5 milyon manat və ya 4,9 faiz çox olacaq. Neft Fondundan transfertdən əlavə büdcəyə daha 5 milyard 17 milyon manat neft-qaz sektorunda çalışan şirkətlərin ödədikləri vergilərdən daxil olacaq.

Gələn ilin büdcəsi: pisi nə, yaxşısı nədir - mütəxəssis rəyi

Hökumət 2023-cü ildə Azərbaycana 21,2 milyard manatlıq mal və məhsul idxal olunacağını proqnozlaşdırır.

Dövlət büdcəsinin xərcləri 2023-ci il üçün 33 milyard 300 milyon manat  və ya ÜDM-nin 31,5 faizi həcmində proqnozlaşdırılır. Bu məbləğin 22 milyard 635,7 milyon manat və ya 68,0 faizinin cari xərclərə, 9 milyard 659,3 milyon manat və ya 29,0 faizinin əsaslı xərclərə, 1 milyard 5,0 milyon manat və ya 3,0 faizinin dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi nəzərdə tutulur.

2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 2023-cü ildə ümumi dövlət xidmətləri üzrə xərclərə 13,2 faiz və ya 575,6 milyon manat, iqtisadi fəaliyyət xərclərinə 2,6 faiz və ya 183,1 milyon manat az, mənzil və kommunal təsərrüfatı xərclərinə 30,2 faiz və ya 82,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 10,6 faiz və ya 262,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 17,2 faiz və ya 79,6 milyon manat, səhiyyə xərclərinə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait proqnozlaşdırılıb.

Bundan əlavə, dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 517,2 milyon manat və ya 13,3 faiz daha çox olmaqla 4 milyard 403,8 milyon manat məbləğində vəsaitin yönələcəyi nəzərdə tutulur.

Kənd təsərrüfatı bölməsi üzrə 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 204,8 milyon manat və ya 20,5 faiz çox olmaqla 1 milyard 202,1 milyon manat proqnozlaşdırılır.

Gələn ilin dövlət büdcəsi bu həftə parlamentə təqdim edilməlidir »  Missiya.az - Xəbər portalı

Ətraf mühitin mühafizəsi bölməsi üzrə isə 37 tədbiri əhatə edən 6 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 71,1 milyon manat və ya 24,3 faiz çox olmaqla 363,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Gələn il üçün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3 milyard manat vəsaitin xərclənməsi planlaşdırılır. Büdcə sənədində görə, bu məbləğ icraçılar tərəfindən verilmiş sifarişlər əsasında müəyyənləşdirilib.

2023-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 5 milyard 320 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (5 milyard 85 milyon manat) müqayisədə 235 milyon manat və ya 4,6 faiz artıqdır.

2023-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 579,3 milyon manat proqnozlaşdırılır ki, bunun da 1 milyard 405,3 milyon manatının (54,5 faiz) borclanma, 1 milyard 74,0 milyon manatının (41,6 faiz) vahid xəzinə hesabının qalığı, 100,0 milyon manatının (3,9 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Gələn il hökumət işğaldan azad edilmiş ərazinin rezidentlərinə münasibətdə vergi güzəştləri, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əlavə vergi güzəştləri vermək niyyətindədir. Eyni zamanda əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəliri vergidən, MİDA-nın yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi ƏDV-dən azad olunacaq, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın müddəti 1 il artırılacaq.

2023-cü ildən 20 Yanvar şəhidlərinin övladlarına əmək haqqı gəliri ilə bağlı güzəştlər veriləcək,  lakin şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılacaq.

Gələn il həmçinin nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılacaq, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv ediləcək və hesabların vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılması təmin olunacaq.

Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır

Hökumət həmçinin 2023-cü il üzrə xərc siyasəti istiqamətlərini də açıqlayıb. Bunlar İşğaldan azad edilmiş ərazilər üzrə bərpa və yenidənqurma işlərinin, böyük qayıdış planının təmin edilməsi, ərazilərdə müasir infrastrukturların, o cümlədən hərbi infrastrukturların tikintisi; Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi; Əməyin ödənişi, sosial müdafiə və sosial təminat üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla sosial dəstək tədbirlərinin həyata keçirilməsi; Səhiyyə xərclərinin, o cümlədən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin, yoluxucu xəstəliklərin, o cümlədən COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və profilaktik tədbirlərin maliyyə təminatı; Təhsil xərclərinin, o cümlədən dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd kvotasının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması; Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin, prioritet şəkildə buğda istehsalının inkişaf etdirilməsi üçün maliyyə dəstəyi və subsidiyaların ayrılmasının artırılması;  Ölkənin tranzit potensialının daha dolğun istifadəsi, Transxəzər dəhlizi üzrə daşınmaların nəqliyyat logistika infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin dəstəklənməsi; Əməyin ödənişi, sosial müavinət, təqaüd və pensiyalar, dövlət borcuna xidmətlə bağlı xərclərin (büdcə qanunvericiliyinə əsasən müdafiə olunan xərclər) prioritet maliyyə təminatı; Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı; Dövlət büdcəsindən iqtisadiyyata dövlət öhdəliklərinin, o cümlədən dövlət sifarişi üzrə öhdəliklərin qarşılanması, həmçinin subsidiya, subvensiya, dotasiya və qrant formasında maliyyə dəstəyinin davam etdirilməsi və bir sıra zəruri məhsul və xidmətlərin qiymət artımının (inflyasiyanın) sosial təyinatlı tədbirlərə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara təsirinin qarşılanmasından ibarətdir.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Hökumət manatı yaxın 3 ildə sabit saxlamaq niyyətindədir

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsi layihəsində manatın dollar qarşısında məzənnəsi 1 dollar = 1,7 …