Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / FTB direktoru işdən çıxarıldığı haqda xəbəri zarafat sayıb

FTB direktoru işdən çıxarıldığı haqda xəbəri zarafat sayıb

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi prezident Donald Tramp tərəfindən qəfil işdən azad edilməsi xəbərini zarafat kimi qarşılayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzeti yazır. Trampın fərmanı barədə xəbər Ceyms Komini Los-Ancelesdə FTB-nin yerli bürosunun əməkdaşları qarşısında çıxışı zamanı haqlayıb. Teleekranda vəzifəsindən azad edildiyi barədə “qaçan sətirlər”lə verilən təcili xəbəri görəndə Komi gülüb və bunu “əla zarafat” adlandırıb. Lakin FTB direktorunu müşaiyət edənlər ona işarə ediblər ki, çıxışını yarımçıq kəsib kabinetə qayıtmalıdır. Və orada ona vəzifədən azad edildiyi barədə xəbəri çatdırıblar.

Ceyms Komi FTB-yə Barak Obamanın dövründən rəhbərlik edirdi və Tramp hakimiyyətə gələndə onu vəzifəsində saxladı. Lakin Ceyms Kominin prezident seçkiləri kampaniyası zamanı roluna dair mübahisələr hələ də səngimir. Belə ki, seçkilərə cəmi bir neçə gün qalmış FTB direktoru Hillari Klintonun dövlət katibi olarkən elektron yazışmaları şəxsi elektron poçtundan aparmasına dair qalmaqalla bağlı təhqiqatı heç kimin gözləmədiyi halda yenidən başladıb. Bu qərar Hillari Klintonun seçki kampaniyasına ciddi zərbə vurub və onun reytinqinin gerilməməsinə, Trampın reytinqinin artmasına təsir edib. Lakin cəmi bir neçə gün sonra Ceyms Komi yenə də gözlənilmədən təhqiqatı dayandırıb.

Hillari Klinton və onun seçki qərargahı dəfələrlə bildirib ki, Ceyms Kominin bu müəmmalı hərəkətləri seçkinin nəticələrinə təsir edib və FTB direktoru açıq-aşkar seçkiyə müdaxilə edib. Hətta FTB direktorunu “Trampın adamı” saymağa başlayıblar, lakin Trampın seçilməsindən sonra Ceyms Komi onun Rusiya ilə şübhəli əlaqələrinə dair təhqiqatın başladıldığını bildirib. Və son günlər bu təhqiqat dərinləşməkdədir və böyük ehtimalla Donald Tramp bu səbəbdən Ceyms Komini işdən azad edib.

Ağ Evdən bildirilir ki, Komi ədliyyə naziri, baş prokuror Ceff Seşnsin tövsiyəsi əsasında işdən azad edilib və o, FTB-yə effektiv rəhbərlik edə bilmirdi. Ağ Ev hesab edir ki, Ceyms Komi səlahiyyətlərindən sui-istifadə edərək Hillari Klintonun barəsində təhqiqatı bağlayıb.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın