Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Fransa Senatında azərbaycanlı qaçqın və köçkün problemi – Fotolar

Fransa Senatında azərbaycanlı qaçqın və köçkün problemi – Fotolar

İyunun 21-də BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konfrans Avropa Robert Şuman İnstitutu (IRSE) və “Paris-Ile-de-France” Müdafiə Araşdırmaları Ali İnstitutu (IHEDN) ilə birgə təşkil edilib. Tədbir Bas-Rhin regionunun senatoru və Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti Andre Reişarın himayəsi altında keçirilib. Konfrasa diplomatlar, ictimai-siyasi xadimlər, senatorlar, idmançılar, UNESCO və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 50-dən çox iştirakçı qatılıb.

Senator Reişar tədbirin açılışında çıxış edərkən deyib: “Bu gün ona görə əlamətdardır ki, azərbaycanlı köçkünlərə həsr olunan tədbir Fransa Senatında keçirilir. Azərbaycanda minlərlə insan Qarabağ münaqişəsi nəticəsində dogma ocağından didərgin olmuşdur. ATƏT-in Minsk Qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəsilə sülhə nail olmaq üçün 20 ildən artıqdır ki, çalışmasına baxmayaraq, heç bir nəticə hasil olunmayıb. Fikrimcə, bu taleyüklü məsələ ilə beynəlxalq ictimaiyyət məşgul olmalıdır.

IRSE təşkilatının prezidenti Yamina Benguigui: “IRSE təşkilatının məqsədi xalqlar arasında həmrəylik yaratmaqdır. Hazırkı miqrasiya böhranına görə Qərbi Avropada qaçqın və məcburi köçkün məsələlərinə daha çox diqqət yetirilir. Həmçinin, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının probleminə də beynəlxalq nəzərlər artırılmalıdır. Hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yeni platformasına lazımi dəstək verilməlidir. Bu, konstruktiv dialoq üçün yeni imkanlar yaradır”.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin: Dəfələrlə beynəlxalq səviyyədə “Ermənistanın işğalçılıq siyasəti qınaq obyektinə çevrilib. Buraya, həmçinin, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamentinin qətnamələri və digər sənədlər də daxildir. Bugünkü konfransın basilica məqsədi bir tərəfdən geosiyasi kontekstin və Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin ifadələrini təqdim etməklə, bu insanlar haqqında obyektiv məlumatlılığın artırılmasına nail olmaqdır. Digər tərəfdən isə münaqişənin həm diplomatik nöqteyi-nəzərdən, həm də vətəndaş cəmiyyətinin fəaliyyəti vasitəsi ilə ədalətli, sülh yolu ilə həlli üçün imkanlarını nəzərdən keçirməkdir.”

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov Ermənistanın təcavüzünün miqyasını nümayiş etdirən Azərbaycan xəritəsi fonunda çıxış edərək deyib: “Cənubi Qafqazda məcburi köçkün məsələsinin həll edilməsi həm Ermənistan, həm də Azərbaycanın marağındadır. Bu, Sovet İttifaqının süqutu zamanı yaranan unudulmuş münaqişədir. Hər həftə “təmas xətti”ndə əsgərlər öldürülür. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir”.

Tədbir çərçivəsində tanınmış amerikalı jurnalist Tomas Qoltsun rejissorluğu ilə çəkilmiş “Offside” adlı sənədli filmin nümayişi də təşkil olunub. Filmdə “Qarabağ” Futbol Klubu haqqında bəhs edilir. Bu komanda Ağdamda yerləşən dogma stadionu 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan ev oyunlarını doğma meydançasından kənarda keçirir. Filmin nümayişindən sonra fransalı taekvondo ustası Paskal Gentil idmanın gücü haqqında danışıb. O, bu yaxınlarda Parisdə qaçqınlar üçün keçirilmiş taekvondo müsabiqəsindəki iştirakından, idmanın insanların həmrəylik hissinə necə təsir göstərə biləcəyindən söhbət açıb. O, həmçinin, Azərbaycanın Sülh və İdman təşəbbüsündə iştirak potensialını yüksək qiymətləndirib. Bu təşəbbüs Monako Şahzadəsi II Albertin rəhbərliyi altında həyata keçirilir və  Paskal Gentil isə özü bu təşkilatda Sülh naminə Çempiondur.

Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov: “Bu məsələ Azərbaycan üçün bir nömrəli problemdir. 25 il ərzində Fransa və Azərbaycan arasında mükəmməl münasibətlər qurulub. Hazırda əhalinin onda bir hissəsi köçkündür və bunun Azərbaycana böyük iqtisadi təsiri olub”.

Azərbaycan Parlamentinin üzvü və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə tərəflərin bir araya gətirilməsi məqsədi daşıyan yeni təşəbbüs olan Azərbaycan və Ermənistan arasında Sülh naminə Platformasının həmtəsisçisi Rövşən Rzayev: “Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni həmkarları ilə dialoqun qurulmasını dəstəkləyir və məsələnin sülh yolu ilə həllini istəyirlər.

Yeni dialoq olmalıdır. Lakin Ermənistan tərəfi yeni Sülh Platformasının həyata keçirilməsi işinə dəstək vermək əvəzinə, əksinə müxtəlif əngəllər törətməklə məşğuldur. Ermənistan tərəfindən Sülh Platformasına dair bir dəfə də olsa müsbət cavab alınmayıb. Bu zaman isə hər gün “təmas xətti”ndə gənclər öldürülür. Bizim məqsədimiz sülh mesajı göndərməkdir.”



Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın