Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Fermerlər gübrənin pulunu bütünlüklə subsidiya hesabına ödəyəcəklər

Fermerlər gübrənin pulunu bütünlüklə subsidiya hesabına ödəyəcəklər

Ölkə Prezidentinin martın 12-də imzaladığı fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib. Bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər.

Qeyd edək ki, aqrar istehsalçılar dövlətin verdiyi subsidiya məbləğinin yalnız 25 faizini nağdlaşdıra bilirlər. 75 faiz isə gübrə, biohumus və istehsal prosesində lazım olan digər vəsaitlərin alınmasına sərf olunmalıdır. İndiyədək fermerlər 75 faiz çərçivəsində aldıqları gübrə və biohumusun dəyərinin yalnız 70 faizini subsidiya kartından ödəyə bilirdilər. Bu isə alınan subsidiyanın qeyri-nağd xərclənməli olan hissəsinin xərclənməsində çətinliklər yaradırdı. Qaydalara edilən dəyişikliklə bu problem həll olunub.
Daha bir dəyişikliyə əsasən, təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılacaq. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilməyəcək.

Qaydalara edilən daha bir dəyişikliyə görə, Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinq və qiymətləndirmə funksiyası genişləndirilib. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən çarpaz, yerüstü müşahidə və yerində müşahidə ardıcıllığı ilə monitorinqlər aparılacaq. Musavat.com

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …