Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / İqtisadiyyat / Fermer təsərrüfatlarını risklərdən necə qoruyaq – ŞƏRH

Fermer təsərrüfatlarını risklərdən necə qoruyaq – ŞƏRH

Son günlər bəzi rayonlarda hava şəratinin pisləşməsi, yağıntı miqdarının artması hətta dolu yağması fermer təsərrüfatlarına ciddi ziyan vurdu. Lakin diqqətçəkən məqam odur ki, bununla bağlı fermerlərə nəinki yardım edilmədi, hətta dəymiş ziyan belə araşdırılıb ictimaiyyətə təqdim edilmədi. Ümumilikdə isə onu qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində aqrar sektor üçün əlverişsiz hava şəraiti, quraqlıq, təbiətin şıltaqlıqları kimi risklər istisna deyil. Kəmd təsərrüfatı bütövlükdə yüksək risk daşıyan və iqlim şəraitindən asılı olan bir sahədir.

Belə olan halda fermerlərin bu sahəyə yatırdıqları vəsaitlərin sözügredən risklərdən sığortalanması məsələsi gündəmə gəlir. Fermer təsərrüfatlarının yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, zəlzələ, torpaq sürüşməsi, dəmyə torpaqlarında quraqlıq kimi təbii fəlakətlərdən sığortalanması üçün  aqrar sığortanın tətbiqinə başlanılmalıdır. Hazırda bu istiqamətdə müəyyən işlər görülsə də, hər hansı işlək mexanizm yoxdur və sığorta şirkətləri də fermerlərlə işləməkdə maraqlı deyillər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli də bildirdi ki, Azərbaycanda aqrar sahənin sığortası normal müzakirə olunmayıb və qərarvermə mexanizmləri yaranılmayıb: “Ancaq əslində aqrar sahənin inkişafı, fermerlərin sığortalanması və gələcəkdə itkilərə məruz qalması üçün sığortanın tətbiqi çox vacib istiqamətlərdən biridir. Azərbaycana sığorta şirkətləri buna maraq göstərmir,  dövlətin də müvafiq təşviq proqramları yoxdur ki, sığorta şirkətlərində maraq oyatsın. Kənd təsərrüfatı çox riskli sahədir, hava şəraitindən  və ya məhsuldarlığın aşağı olmasından asılı olaraq itkilərə məruz qalması riski çox yüksəkdir. Ona görə də şirkətlərə sərf eləmir ki, kənd təsərrüfatı sahəsində sığorta işləri ilə məşğul olsunlar”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçının sözlərinə görə, qonşu ölkələrin, o cümlədən Türkiyənin də təcrübəsi onu göstərir ki, dövlət sığorta xərclərinin ən azı yarısını öz üzərinə götürür: “Bu da sığorta şirkətlərində maraq oyadır ki, sığorta haqqı ödənişlərinin bir qismini fermer özü ödəyir, digər bir qismi, çox zaman yarısını dövlət ödəyir. Ancaq bu halda sığorta şirkətlərinin marağı olur ki, kənd təsərrüfatının sığortası ilə məşğul olsunlar və müqavilələr bağlasınlar. Bu, fermerlərə də sərf edir ki, hava şəraiti, təbiət hadisələri ilə əlaqədar olan itkilərin qarşısı alınır və fermerlər ziyana düşmür. Azərbaycanda da məhz bu formada sığortanın tətbiqinə ehtiyac var. Əgər dövlət öhdəliklərin böyük bir hissəsini öz üzərinə götürməsə bu məsələdə irəliləyiş əldə edilməsi mümkün deyil. Həm də kəndli inanmalıdır ki, sığortalanma özünə xeyirdir. Sığorta şirkətlərinə inam olmalıdır ki, təbii hadisələr nəticəsində fermer təsərrüfatlarına ziyan dəyərsə onlar doğru-düzgün qiymətləndirmə aparıb fermerlərin vəsaitini özünə qaytaracaqlar. Əgər dövlət dəstəyi olmasa bunun həyata keçirilməsi mümkünsüzdür”.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılsa da, istifadəsiz qalır: “Təbii fəlakətlə əlaqədar fermerlərə dəymiş ziyanla bağlı hər bir rayonda Fövqəladə Hallar Komissiyası fəaliyyət göstərir. Komissiya dəymiş ziyanı müəyyənləşdirir və aktlaşdırır. Eyni zamanda biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq yerlərdəki idarələrimizdən məlumat alırıq. Ancaq onu bildirmək istəyirəm ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə elə bir vəsait ayrılmır. Ona görə də bu sahədə fermerlərə kompensasiya verə bilmirik. Məhsul istehsalçıları əkin sahələrini əvvəlcədən sığorta şirkətləri ilə sığorta etdirməlidirlər. Bu məqsədlə hər il dövlət büdcəsindən 1 milyon manat ayrılır, lakin istifadə olunmadan qalır. Kənd təsərrüfatında risklər böyük olduğuna görə, sığorta şirkətləri istehsalçı ilə müqavilə bağlamaqda maraqlı deyillər. Biz məhsul istehsalçılarına müraciət edirik ki, dövlət büdcəsindən bu istiqamətdə vəsait ayrılıb və ilk növbədə əkinlərini risklərdən sığorta etdirmək üçün sığorta şirkətlərinə müraciət etsinlər”.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov ile ilgili görsel sonucu

İ.Cümşüdovun sözlərinə görə, təcrübədə bəzi hallarda dövlətin fermerlərə dəymiş ziyanın müəyyən bir qismini  qarşılaması ilə bağlı faktlar var, lakin bunlar daimi xarakter daşımır: “2014-cü ildə bir neçə rayonda quraqlıq oldu və taxıl məhv oldu. Növbəti il həmin sahələrdə əkin həyata keçirmək üçün dövlət büdcəsinin vəsaiti hesabına alınmış toxumdan istehsalçılara verildi və dövlət dəstək oldu. Ancaq bunlar istisna hallardır. 2016-cı ildə sığorta ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələrindən ibarət qurumlararası birgə işçi qrup yaradılıb. Beynəlxalq tərəfdaşlıq çərçivəsində həmin işçi qrup tərəfindən beynəlxalq maliyyə koorporasiyası, aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə hazırlandı. Həyata keçirilən araşdırmalar və təhlillər nəticəsində Türkiyə Respublikasının mövcud kənd təsərrüfatı sığorta modelinin Azərbaycana uyğunlaşdırılaraq tətbiqi nəzərdə tutulub. Bizə uyğun gələn Türkiyə modelidir. Lakin eyni zamanda kənd təsərrüfatının sığortası ilə bağlı Kanada, ABŞ, İspaniya və İsrail kimi ölkələrin qanunvericilik  təcrübəsi araşdırlıb. ”Kənd təsərrüfatının sığortası haqqında” Azərbaycan Respublikasının qanunu hazırlanıb. Bu qanun hazırda sözügedən dövlət qurumları ilə razılaşdırılır, müzakirələr gedir ki, işlək mexanizmi olan bir qanun olsun. Bizim fermerlərimiz əkin sahələrini müəyyən risklərdən sığorta etdikdə heç bir çətinlik yaranmadan bu kompensasiyanı ala bilsinlər. Kənd təsərrüfatı böyük risklər olan bir sahə olsa da, inkişaf etmiş ölkələrin praktikasında işlək sığorta mexanizmi var. Məhsul istehsalçıları bu sığortadan istifadə edirlər. O cümlədən biz də çalışırıq ki,  mütərəqqi praktikası olan, Azərbaycan şəraitinə uyğun gələn sığorta mexanizmi işlənsin və ilkin sənəd olaraq qanunvericilikdə dəyişiklik edilsin ki, məhsul istehsalçıları da bundan istifadə etsin”.

Həmçinin oxuyun

Azərbaycan buğda idxalını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 294 984,97 min ABŞ dolları dəyərində 1 371 021,99 ton …