Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Fərat qalxanı” əməliyyatının Türkiyə üçün perspektivləri – TƏHLİL

“Fərat qalxanı” əməliyyatının Türkiyə üçün perspektivləri – TƏHLİL

Avqustun sonlarında Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” adlı hərbi əməliyyat çərçivəsində və Azad Suriya Ordusu (ASO) döyüşçülərinin də iştirakı ilə Suriyanın Cərablus şəhərinə qoşun yeridərək, bu bölgədəki “İslam Dövləti”nin (İŞİD) dayaq məntəqələrinə çox ciddi zərbələr endirdi.

Cərablusdan geri çəkilən İŞİD yaraqlılarının yerini isə gözlənildiyi kimi Azad Suriya Ordusu aldı.

Suriya münaqişəsinin başlamasından bu günə qədər Türkiyə ilk dəfədir ki, açq şəkildə ASO-ya hərbi dəstək vermək üçün başqa ölkəyə hərbi müdaxilə etmiş oldu.

Riskli addım

Bir çox müstəqil araşdırmaçıların rəyinə görə isə Türkiyə Suriya ərazisinə qoşun yeritməklə əslində çox böyük riskə gedir.

Türkiyə qoşunlarının Suriyada hələ uzun müddət qalacağı istisna deyil.

Baş nazir Binali Yıldırımın da ABŞ -ın Vitse-prezidenti Joe Biden-lə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə “Suriyada nə qədər lazımdırsa, o qədər qalacağıq” ifadəsini işlətməsi faktı da bunu təsdiq edir.

Aydındır ki, Türkiyənin burda hərbi varlığının üç prioritet məqsədi var, birincisi Suriya-Türkiyə sərhəd bölgələrində fəallaşan, özünü İslam Dövləti adlandıran qruplaşmanı buradan birdəfəlik uzaqlaşdırmaq, ikincisi isə Suriyada təsiri get-getə ardan etnik Kürdləri Fərat çayının şərq tərəfinə sıxışdırmaqdır.

Üçüncü məqsəd isə təbii ki, azad edilən ərazilərdə (Cərablusdan Azaz şəhərinə qədər) terrorçulardan tamamilə təmizlənmiş bufer zona yaratmaq.

Bufer zonanın yaradılmasının həm Suriyadakı münaqişədən qaçmağa çalışan qaçqınların hərəkətini daha da asanlaşdıracağı gözlənilir.

Bu məqsədlərin qısa müddətdə həyata keçirilib keçirilməyəcəyini demək çətin olsa da hələ ki, üstünlüyün Türkiyənin tərəfində olduğu aydındır.

Maraqlısı odur ki, Ağ Ev hərbi əməliyyatlar başladıqdan dərhal sonra “Türkiyənin terrora qarşı olan mübarizəsini dəstəklədiyi” açıqlamasını yaydı.

O günlərdə Ankarada rəsmi səfərdə olan vitse-prezident Joe Biden də bunu mətbuat önündə təkrar etdi.

Görünür ABŞ başda olmaqla Qərb ölkələri türk ordusunun timsalında Suriya və İraqda dərin kök salan İŞİD-ə qarşı mübarizə aparan peşəkar bir müttəfiq əldə etdiklərini qəbul edirlər.

Avropa ölkələrini də təhdid edən “İslam Dövləti”nin türk ordusuna elə də ciddi müqavimət göstərə biləcək mexanizmləri olmadığından məsələ onların xeyrinə həll edilə bilər.

“Kürd məsələsi”

Lakin rəsmi Washington-u qane etməyən bir məsələ Ankaranın kürdlərə qarşı olan barışmaz mövqeyidir.

Türkiyə qəti şəkildə Suriyadakı kürdlərlə hər hansı danışıqlara getmək niyyətində deyil, həmçinin də Suriyada yeni kürd dövlətinin yaranmasının da qəti əleyhinədir.

Lakin Ankaranın kürd məsələsindəki mövqeyi ilə heç də bütün ölkələr razı deyil. Rəsmi Washington və rəsmi Kreml Suriyada fəaliyyət göstərən PYD-nin (və onun hərbi qanadı YPG) əsas dəstəkçiləri olaraq bilinirlər.

Digər maraqlı məqam isə Türkiyənin hərbi müdaxiləsinə Rusiya və İranın münasibətidir. Bilindiyi kimi İran və Rusiya həm Suriyanın ərazi bütövlüyünü, həm də Bəşir Əsəd rejimini dəstəkləyirlər.

Türkiyədə də Erdoğan hökümətinin son vaxtlar prezident Bəşir Əsədə qarşı nisbətən daha mülayim bəyanatlar səsləndirməsi onu göstərir ki, Ankaranın Suriya siyasətində ciddi dəyişiklər gözlənilir.

Məhz buna görə də İran və Rusiya Suriyada davam edən hərbi əməliyyatlara sərt reaksiya verməkdən çəkinirlər.

Bütün bunlara baxmayaraq, qeyd edilidiyi kimi, Türkiyənin keçirdiyi hərbi əməliyyatların da kifayət qədər riskləri çoxdur.

Beynəlxalq araşdırmaçılar Türkiyənin bilərəkdən “Suriyadakı bataqlığa” girdiyini qeyd edirlər.

Düzdür, risklər olsa da türklərin İŞİD-ə qarşı uğurlu əməliyyatları Qərb ölkələrinin də maraqlarına xidmət edir. Qərbin qarşısında duran yeganə dilemma “kürd məsələsidir”.

Yeni xarici siyasət

Ümumilikdə isə Rusiya, İran, ABŞ, və Əsəd rejimi ilə razılığa gəlinmədən Türkiyənin burda hər hansı ciddi hərbi uğurlara imza atması olduqca qəliz məsələdir.

Hələ ki, bütün bu ölkələr heç bir fəal müdaxilə etmədən sadəcə müşahidə aparmaqla kifayətlənirlər.

Regional güc balansı nəzərə alınmadığı təqdirdə isə Türkiyəni bölgədə ciddi məğlubiyyət gözləyə bilər.

Yaxın Şərqdə daha da dərinləşən böhran böyük ehtimalla Türkiyənin yeni xarici siyasət kursu götürməsinə səbəb olacaq.

Rəsmi Ankaranın hər keçən gün ABŞ-a olan müttəfiqlik inamı daha da azalır. Washington-un da passiv mövqeyi Türkiyəni Rusiya və İran bloku ilə daha da yaxınlaşmağa vadar edir.

Türkiyə artıq açıq-aydın görür ki, Washington Suriya məsələsində hələ uzun müddət daha heç bir ciddi uğur əldə edə bilməyəcək.

Danılmaz həqiqətdir ki, Türkiyə özünün bu çətin günlərində yeni siyasi paradiqmaya və strategiyaya ciddi ehtiyac duyur. (BBC)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın