Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Exchange”lər in bərpası niyə gecikir? – ŞƏRH

“Exchange”lər in bərpası niyə gecikir? – ŞƏRH

Bu ilin 25 aprel tarixində Milli Məclis valyutadəyişmə məntəqələrinin (VDM) bərpasına qərar versə də, nə paytaxtda, nə də bölgələrdə “Exchange”lərin fəaliyyəti gözə dəymir.

Qeyd edək ki, son dəyişikliyə görə, valyutadəyişmə məntəqələrinə nəzarəti  Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirməli idi.  Bundan öncə isə Azərbaycanda VDM-lərin fəaliyyətinə tənzimləyici nəzarəti Mərkəzi Bank həyata keçirirdi.

Yeni qanunda qeyd olundu ki, valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxs lisenziya  almaq üçün 500 manat məbləğində rüsum ödəməlidir. Lakin məsələ bununla bitmədi. Qanun qəbul edilərkən “Exchange” sahiblərinin 50 min manat depozit qoyması məsələsi mübahisə doğurdu və parlament üzvlərinin etirazı əsasında bu maddə qanundan çıxarıldı. Həmin məbləğin və digər şərtlərin müəyyən edilməsi isə Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıldı. Üzərindən 5 aydan artıq vaxt keçsə də, bu məsələ ilə bağlı nə MBNP-dən bir reaksiya gəlib, nə də bir “Exchange” gözə dəyir.

Hazırda isə hər kəsi bir sual  düşündürür? “Exchange”lər nə vaxt açılacaq?

Bu barədə “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, problemin əsas düyün nöqtəsi 50 min manat depozit qoyulması məsələsidir: “Bu məsələ hələ həll olunmayıb. Maliyyə Bazarlarına Nəzarət Palatası o zaman təklif etmişdi ki, valyutadəyişmə məntəqəsi açmaq istəyən fiziki və ya  hüquqi şəxslər, lisenziyadan başqa  50 min manat civarından  depozit yerləşdirməli idi və o pula toxuna bilməzdi. Lakin indiki dövrdə fiziki və ya hüquqi şəxslərin bu qədər sərbəst manat dövriyyəsi yoxdur ki, onlar birdən-birə 50 min manatı depozit qoysun və ölü kapital kimi saxlasın. Bu da VDM-lərin açılmasında çox ciddi problem yaratdı. “Exchange” açmaq üçün təhlükəsizlik baxımından da müəyyən kriteriyalara  əməl etmək lazımdır. Bu da əlavə 15-20 min manat civarında xərc tələb edir. Həm balaca gülləkeçirməz şüşə, həm siqnalizasiyalar, seyflər, avadanlıqlar əlavə xərc tələb edir. Bunun üzərinə obyektin icarə haqqını, kommunal xərcləri  və sairi də gəlsək böyük bir məbləğ alınır. Depozit məsələsi də kifayət qədər böyük yük olduğundan belə fikirdə olan iş adamları bundan imtina edirlər”.

 

N.Cəfərlinin sözlərinə görə, depozit məsələsi doğru yanaşma deyil, sahibkarlar üçün  böyük yükdür: “Bu məsələ həll olunmasa, valyutadəyişmə məntəqələrinin sürətlə açılması həll olunmayacaq.  Bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və hökumətdən asılıdır. Bu qurumlar birgə toplanıb , müzakirə edib qərar verməlidirlər. Qanunvericiliyə  bu dəyişiklik olarkən deputatların bəziləri, əsasən də Vahid Əhmədov bununla bağlı etiraz bildirmişdi.  Ancaq nədənsə, bu qaydalar qəbul olunmur”.

İqtisadçı ekspert vurğuladı ki, VDM-lərin açılması iqtisadiyyat üçün çox vacibdir: “İlk növbədə 2 min əlavə iş yerinin açılması deməkdir. Bundan əlavə, ölkəyə gələn xaricilər valyuta dəyişməkdə çətinlik çəkirlər. Şənbə və bazar, eləcə də bayram günlərində banklar fəaliyyət göstərmir. İşləyən banklar da tələbatı ödəmək qabiliyyətində olmurlar. Məsələn , şəhərin mərkəzində, “Azneft” dairəsinin yaxınlığında belə bir bank filialı var, onun qarşısında hər zaman növbələr olur. VDM-lər həm çox rahat iş rejimində işləyirdilər, gecə saatlarına qədər valyuta dəyişmək mümkün olurdu, həm də şənbə və bazar günləri heç bir problem yaşanmırdı. Həmçinin , “Exchange”lərin qazandığı əlavə qazancdan da büdcəyə vergi şəklində ödəmələr olurdu”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …