Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistan üçün fəlakət ssenarisi: “Ölkədə 2 milyondan da az əhali qalacaq…”

Ermənistan üçün fəlakət ssenarisi: “Ölkədə 2 milyondan da az əhali qalacaq…”

Artıq xəbər verdiyimiz kimi, ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan yeni parlamentin ilk iclasında çıxış edib. Düşmən ölkənin başçısı Qarabağ məsələsində daha radikal mövqe sərgiləyib, həmçinin digər aktual mövzulara toxunub. O sırada Ermənistan üçün kritik həddə çatmış emiqrasiya, ölkənin sürətlə boşalması mövzusunda da danışıb. Ermənistan əhalisinin 2040-cı il üçün 4 milyona çatdırmağı hökumət qarşısında hədəf kimi qoyub.

Sərkisyan digər mifik hədəflərdən də danışıb. Sitat: “2016-2040-cı illərdə biz ÜDM-ın təqribən 5% artımını təmin eləməliyik. Buna həm də demoqrafik situasiyanın yaxşılaşması sayəsində çatmalıyıq. Bundan əlavə, ixracın həcmini ciddi şəkildə artırmalıyıq. Yaxın illərdə ixracın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması hesabına mal və xidmətlərin ixracı ÜDM-nin 40-50%-ni təşkil eləməlidir. Daha sonra bu tendensiya saxlanmalqa 2040-cı il üçün 50-55%-ə çatmalıdır”.

Sərkisyana görə, ötən 25 ildə demoqrafik situasiyanın gedişini bir sıra obyektiv və subyektiv faktorla müəyyən edib: “Nəticələr isə olduqca həyəcanlı, qəbuledilməzdir. Qarşıdakı on illiklər üçün bizim ən böyük vəzifəmiz də məhz Ermənistanda demoqrafik situasiyanı ciddi şəkildə dəyişmək olmalıdır. Bu istiqamətdə işləri üç müstəvidə aparmaq gərəkdir: 1. Emiqrasiyanın dayandırılması; 2.Doğum faizinin artırılması və ömrün uzadılması; 3. Ölkədən emiqrasiya edənlərin qayıtması üçün şəraitin yaradılması”.

Burda deyiblər, “Ac toyuq yuxusunda darı görər”. Sual da budur ki, Sərkisyanın hədəf kimi elan elədiyi yuxarıdakı göstəricilərə müharibə və blokada vəziyyətində olan Ermənistan hansı resursların hesabına nail olacaq? Elə ölkənin praktik olaraq bütün aparıcı iqtisadçı ekspertləri və sosioloqları da Sərkisyanın cızdığı bu hədəflərə nail olmağın mümkünsüzlüyünü bildirirlər.
Musavat.com-un məlumatına görə, bu barədə Rusiyadakı erməni yönlü REGNUM İnformasiya Agentliyində dərc olunmuş analitik yazıda deyilir. Aktuallığı nəzərə alıb yazının özətini təqdim edirik:

“Prezidentin təqdim edilən rəqəmlərin analizi ilə yanaşı, erməni ekspertlər həm də bunu başa düşmürlər ki, yaxın 20-25 il üçün necə iqtisadi hədəfləri proqnozlaşdırmaq və vəzifə kimi qoymaq olar? Axı iqtisadiyyatda, ehtiyatlı ifadə olunarsa, 23 il öncəyə makroiqtisadi göstəriciləri müəyyən eləmək qaydası yoxdur. İqtisadçılar ən uzağı, 5-10 il üçün belə şeyi özlərinə rəva görə bilərlər. Bayırda 21-ci əsrdir, texnologiya elə sürətlə inkişaf edir, dünya iqtisadiyyatı o qədər sürətli dəyişikliklərə məruz qalır ki, hətta yaxın 5 ilə proqnoz vermək olduqca qəlizdir. Bizdə isə 23 il qabağa belə göstəricilər elan olunur. Dünya iqtisadi ictimaiyyəti Sərkisyanın belə bir bəyanatından sonra yəqin ki, dəhlizə çıxıb siqaret çəkəcək”, – deyə erməni prezidentin 2040 hədəflərini şərh edən iqtisadi icmalçı Ayk Gevorkyan ironik şəkildə bildirib.
Ekspertlər demoqrafiya məsələsində də Sərkiysyanın blankanı olduqca yuxarı qaldırdığı qənaətindədir. O sırada BMT-nin Əhali Fondunun erməni ofisinin icraçı direktoru Qarik Ayrapetyan hesab edir ki, Ermənistan əhalisinin sayını 2040-cı il üçün 4 milyona çatdırmaq mümkün deyil. Onun fikrincə, Ermənistan əhalisi 20 ildə 3,5 milyona çata bilsə, elə ən böyük göstərici olar. “Əgər biz hətta 300, 400 və ya 500 min nəfər əhali artımına nail olsaq, bunun özü demoqrafik situasiyanın yaxşılaşması baxımından çox böyük irəliləyiş olardı”, – deyə o qeyd edib.
Ermənistanın Milli Statistika Xidmətinin son açıqlamaları isə bu sahədə vəziyyətin daha dəhşətli olduğunu göstərir. Belə ki, göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistanda doğum faizinin kəskin aşağı düşdüyünü təsdiq edir. “2016-cı ilin birincin rübündə Ermənistanda 9125 uşaq doğulubsa, bu ilin birinci rübündə rəqəm cəmi 8534 olub. 2011-ci ilin ilk 3 ayında isə 10 mindən çox uşaq doğulub. 7 ildə doğum 16% aşağı düşüb. Ölüm faizi isə kəskin qalxıb. Əgər ötən ilin birinci rübündə 7744 ölüm qeydə alınıbsa, bu ilin müvafiq dövründə göstərici 8037 olub” – statistik məlumatda bildirilir.

Əhalinin artımı üçünsə bu iki göstərici arasında müsbət fərqin olması vacibdir. Bu reallıqdan çıxış edən ekspertlər bir daha Serj Sərkisyanın 2040 hədəfinin real olmadığını xüsusi vurğulayırlar. “2017-ci ildə Ermənistan əhalisinin təbii artımı cəmi 497 nəfər olub. Bu da ötən ilin göstəricisindən (1381) təqribən 3 dəfə azdır. Ən dəhşətlisi odur ki, belə bir azalma artıq 5 ildir ardıcıl özünü göstərir. 2013-cü ildə təbii artım 2061 nəfər olub” – erməni analitikləri qeyd edir.

“Ölkə üçün belə fəlakətli tendensiyanı bacardıqca tez dayandırmağın yeganə yolu emiqrantların kütləvi şəkildə geri dönüşü ola bilər. Buna da sürətli və radikal iqtisadi islahatlar həyata keçirməklə nail olmaq mümkündür. Ancaq siyasi proseslər göstərir ki, belə dəyişikliklərin perspektivi hal-hazırda görünmür” – “Aykakan Jamanak” qəzeti yazıb.

BMT Əhali Fondunun erməni ofisinin eksperti Qarik Ayrapetyan da hesab edir ki, demoqrafik durumu dəyişmək üçün immiqrasiyanı (geri dönüş) təmin eləmək lazımdır. Onun fikrincə, ikinci istiqamət – doğum səviyyəsini artırmaqdır. “Ancaq bu da asan məsələ deyil”, – deyə o əlavə edib.

İki il öncə isə BMT Fondu böyük bir tədqiqat aparıb və bu nəticəyə gəlib ki, Ermənistan üçün ən real ssenari müvafiq addımların atılacağı təqdirdə 2050-ci il üçün əhali sayını 3.2 milyona çatdırmaq ola bilər. Əks halda indiki vəziyyət davam edərsə, Ermənistanda 2 milyondan da az əhali qalacaq.

Məsələ ondadır ki, 2008-ci ildə başlayaraq Ermənistanda daimi əhali 100 min nəfərdən çox azalaraq, 3.1 milyondan 2 milyon 990 minə düşüb. Miqrasiya Xidmətinin məlumatına görə, 2008-ci ildən bu günə kimi 346 min nəfər Ermənistandan həmişəlik çıxıb gedib.
“Bir sıra ekspertlər hesab edirlər ki, əhali artımı üçün həlledici faktor Dağlıq Qarabağ probleminin nizamlanması ola bilər. Axı əksəriyyət məhz yeni hərbi əməliyyatların başlayacağı qorxusundan ölkədən emiqrasiya edir”, – məqalənin sonunda vurğulanır.(Musavat.com)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın