Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Enerji nazirimiz ölkəmizə neft milyardlarının axmasını istəmir – ŞƏRH

Enerji nazirimiz ölkəmizə neft milyardlarının axmasını istəmir – ŞƏRH

Neftin qiyməti ilə bağlı yeni proqnoz verilib. “Bank of America”ya istinadən xəbər verilir ki, “qara qızıl”ın qiyməti 2022-ci ilin iyununda 1 barel üçün 120 dollara çata bilər. Analitiklər yanacağa artan tələbat fonunda xammalın bahalaşdığını söyləyirlər. Hazırda dünya bazarlarında “WTI” markalı Texas nefti 7 ilin rekordunu yeniləyərək 1 barel üçün 85 dollara satılır. Brent nefti isə 2022-ci ilin yanvar müqavilələrində 84,54 dollara satılır. Beləliklə, “Bank of America”nın proqnozlarının doğru olması halında Azərbaycana milyardlarla dollar əlavə gəlir daxil olacaq. Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, neftin qiymətinin bir barel üçün 60-70 ABŞ dolları civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər. “Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək”, – Pərviz Şahbazov qeyd edib. Bəs görəsən, yüksək qiymətlərin Azərbaycanın iqtisadi maraqlarına ziyanı nədir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, neftin qiymətinin baha olması Azərbaycana sərf eləmir: “İlk baxışdan qısamüddətli dövrdə yüksək gəlirlər əldə oluna bilər. Amma təcrübə onu göstərdi ki, həmin yüksək gəlirlər qısamüddətli dövrdə səmərəsiz istiqamətlərə xərclənir. Əvəzində nə baş verir? Azərbaycanın idxal etdiyi bütün mal və xidmətlərin qiymətləri artır. Yəni  qısamüddətli dövrdə müəyyən üstünlüklər versə də, orta  və uzunmüddətli dövrdə faktiki olaraq əldə edilmiş bu gəlirlərin əhəmiyyətli hissəsi, hətta bəzi hallarda bu gəlirlərdən daha çoxu inflyasiyanın  yeminə çevrilmiş olur. Ona görə də indiki şərtlər daxilində neft enerji kimi dünyada istehsal olunan mal və xidmətlərin demək olar ki, 100 faizinin maya dəyərində öz əksini tapan məhsuldur. Qiymətinin artması heç də o qədər arzuolunan deyil. Diqqət etsəniz, son dövrlərdə yaranmış situasiya dünya bazarlarında təklif edilən məhsulların qiymətlərinin artmasını şərtləndirib. Bu isə idxalçı ölkələr, dolayısı ilə Azərbaycan kimi ölkələr üçün ciddi idxal inflyasiyası riski yaradır”.

Həsənov vurğuladı ki, əgər bu gün neftin qiymətindən birbaşa olaraq yararlanan hökumətdirsə, qiymətlərin bahalaşmasından itirən milyonlarla azərbaycanlıdır: “Neftin qiyməti hökumət üçün əlavə gəlir formalaşdırsa da, qiymətlərin bahalaşması milyonlarla Azərbaycan vətəndaşı üçün əlavə maliyyə yükü formalaşdırır. Ona görə də optimal vəziyyətin tapılması daha doğru yanaşmadır. Ümid edirəm ki, OPEK+ formatında bu istiqamətdə müəyyən işlər görüləcək, hasilat artırılacaq və dolayısıyla neftin qiymətinin  artımının qarşısı alınacaqdır. Bir də başqa bir məsələ korrupsiya riski məsələsidir. Çünki neft bahalaşanda hökümət rahatlaşır, fiskal  gəlirlər artır və bu rahatlamanın doğurduğu çox ciddi korrupsiya mexanizmləri də ortaya çıxır. Yəni neftin bahalaşması prosesi təşviq eləyir. Bu baxımdan da hətta Azərbaycan üçün yüksək neft qiymətləri arzuolunan deyil. Diqqət etsəniz, dövlət vəsaitlərinin qismən səmərəli istifadəsi dövrü neftin ən ucuz olduğu dövrlərə düşür. Buna görə də optimal səviyyənin tapılması ən doğru variant ola bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, neft qiymətlərinin sürətlə bahalaşması həmişə ciddi fəsadlarla qarşılaşır: “Çünki belə kəskin dalğalanmalar olanda qiymətlərin  növbəti mərhələdə kəskin enməsinin də şahidi oluruq.  Bu bir neçə tsikl belə davam edib. Biz bunu  2008-ci ilin yayında gördük, 2014-cü ildə, eləcə də 2016-cı ildə  gördük. Keçən il də  səbəb  pandemiya olsa, belə bunu yaşadıq. Yəni kəskin qiymət artımı, qiymətin sürətlə artması və dalğalanması həmişə növbəti mərhələlərdə kəskin qiymət enməsi ilə müşahidə olunub. Ona görə də neft istehsal edən ölkələrin əsas hədəfi qiymətlərin sabit koridorunun müəyyənləşdirilməsidir. Çünki istehsalçılar üçün də, istehlakçılar üçün də təqribən 60-70 dollar koridoru kifayət qədər komfortlu qiymət koridorudur. Hasilatçılar qiymətin uzun zaman bu səviyyələrdə qalmasında  daha maraqlıdırlar, nəinki müvəqqəti dövrdə, məsələn, 120 dollara qalxıb sonradan yenidən 30-40  dollara qədər enməsi. Belə dalğalanmalar neft istehsalçısı ölkələrə  daha böyük problemlər yaradır. Ona görə də OPEC+  ölkələri,  o cümlədən Azərbaycan da maraqlıdır ki,  qiymətlər təqribən 65-70 dollar koridorunda sabitləşsin və uzun zaman belə qalsın. Ən azından bir neçə il bu qiymət koridorunda neft qiymətlərinin olması bir sabitlik yaradacaq və gələcək planlaşdırmanı daha asanlaşdıracaq, daha da cəlbedici hala gətirəcək. Ona görə də hasilatçı ölkələrin ilk baxışdan qiymətin daha yüksək olmasında maraqlı olduqları görünsə də, əksinə, orta və uzunmüddətli düşündükdə onların qiymət dalğalanmalarından, kəskin enmələrdən və qalxmalardan daha çox əziyyət çəkdiyinin şahidi oluruq”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …