Çərşənbə , Aprel 21 2021
Ana səhifə / İqtisadiyyat / Energetika Nazirliyi neft hasilatına dair məlumatları gizlədir

Energetika Nazirliyi neft hasilatına dair məlumatları gizlədir

2021-ci ilin ilk iki ayında Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb. Fondun ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, bu ilin yanvar-fevral ayları ərzində quruma Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından  3,538 milyon dollar gəlir daxil olub. Bu, qeyd olunan mənbədən əldə olunan gəlirlərin ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 dəfə və ya 65,462 milyon dollar azalması deməkdir. Ötən ilin yanvar-fevralında bu mənbədən fonda 69 milyon dollar daxil olmuşdu.

İlk iki ayda Fondun “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neftin satışından əldə olunan gəlirləi isə ötən ilin iki ayının göstəricisi ilə müqayisədə 430,457 milyon dollar və ya 42,8  faiz azalmaqla 574,543 milyon dollar təşkil edib. Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral aylarında AÇG-dən əldə edilən gəlir 1 milyard 5 milyon dollar olmuşdu.

Qeyd edək ki, fevral ayı üzrə statistika hələ məlum deyil. Lakin yanvar ayı üzrə məlumatlar göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda neft hasilatında xeyli azalma var. Belə ki, Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.

Hasilatın azaldılmasına dair OPEK+ “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barel azaldaraq 595 min barel həcmində saxlamalıdır. Real hasilat isə bundan 2 min barel daha aşağı olub.

2020-ci ilin yanvar ayında isə Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub. Bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib. Gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 milyard 359 milyon 732,8 min dollar dəyərində 4 milyon 14 min 270,28 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən ilin eyni dövründə isə 1 milyard 960 milyon 560.96 min dollar dəyərində 3 milyon 986 min 95.14 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac etmişdi. Beləliklə, bu ilin ilk ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 0,7  faiz çox, dəyəri isə 30,64 faiz azdır.

İlham Şaban: “Çindən gələn xəbərlər bazara daha ciddi təsir edir”

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, neft ixracından gəlirlər Neft Fonduna bir ay gecikmə ilə daxil olur: “Yəni bu ilin yanvar-fevralındakı daxilolmalar dekabr-yanvarda satılan neft həcmlərindən əldə olunan gəlirlərdir. Gəlirlərdəki azalmanın səbəblərinə gəlincə, əvvəla, 2020-ci ilin dekabrı-2021-ci ilin yanvarındakı qiymətlər bir il əvvəlkindən xeyli aşağıdır. İkincisi, ixrac həcmlərindəki azalma da öz sözünü deyir. Hazırda Azərbaycanda neft hasilatında bir il əvvəlki həcmlərdən daha aşağı göstərici var. Bunu Energetika Nazirliyinin açıqladığı statistikadan da aydın görmək olur. Düzdür, nazirlik 2021-ci ildən etibarən ”Azəri-Çıraq-Günəşli” blokundan hasilatla bağlı göstəriciləri gizlətməyə başlayıb. Bu, yaxşı əlamət deyil. Gəlirlərin azalmasında üçüncü amil “Mərkəzi Şərqi Azəri” platformasının tikintisinin yüksək tempə keçməsidir.  Bu isə xərcləri artırır, mənfəəti isə azaldır”.

Qeyd edək ki, dünya bazarında neftin qiymətində son günlər müşahidə olunan azalma artımla əvəz olunub. OPEK+ nazirlərinin görüşü ərəfəsində neft qiymətləri yenidən 63-64 dollar həddinə qayıdıb.

Musavat.com

Həmçinin oxuyun

Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Koronavirus pandemiyası dövründə dünyakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari …