Cümə axşamı , İyul 18 2019
Ana səhifə / İqtisadiyyat / Elçin Qurbanov: “Rusiya affekt halındadır”

Elçin Qurbanov: “Rusiya affekt halındadır”

Son zamanlar Azərbaycanla Avropa Şurası arasında ziddiyyətlərin dərinləşməsi hər kəsi narahat edir. Bir zamanlar müstəqiliyimizin qarantı kimi görünən bu qurumla münasibətlərimizin korlanması fonunda Rusiyanın coğrafiyamızda fəallaşması nigarançılığı artıran digər bir amildir.
Bəs, bu proses bizə hansı perspektivləri vəd edir? İki od arasında qalmış Azərbaycan bu vəziyyətdə hansı addımları atmalıdır?
34 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd, tanınmış ekspert Elçin Qurbanovun bu suallara cavab verən yazısını Azinforum.az oxucularına təqdim edirik:

“20 yanvar 1998 –ci il tarixində Prezident Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncamı ilə əsası qoyulan beynəlxalq əməkdaşlığın belə asanlıqla sona yetməsi heç də təqdirəlayiq hadisə deyil. 17 yanvar 2001 –ci il tarixində Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. Ola bilsin ki, birliyin sonrakı siyasi mövqeyi kimlərinsə maraqlarına uyğun olmayıb. Amma bu, Avropa ilə münasibətlərə son qoymaq üçün əsas sayıla bilməz.
Zənnimizcə, Avropa Şurasıyla rəsmi Bakı arasında yaranan siyasi gərginliyin başlıca səbəbi yalnız Rusiya amili ilə bağlıdır. Halbuki, bu gün dünyanın jandarmı rolu oynamağa çalışan Rusiya siyasəti belə əslində nəticə etibarilə ABŞ maraqlarına qulluq edir. Putinin İslam faktorunu əldə bayraq etməklə yaratdığı ajiotajın ətrafına müsəlmanları yığaraq özünü xilaskar kimi qələmə verməsi səmimi deyil. Əsəd rejimindən başqa ölkələrə pənah gətirmiş Suriya qaçqınlarının səkkiz yüz mindən artığını Almaniya qəbul etdiyi halda, Rusiyanın bir nəfər didərgini belə qəbul etməməsi bunun ən bariz sübutudur.
Təsadüfi deyil ki, rus ordusu İŞİD terrorçuları adı altında mötədil müxalif qüvvələrini raket atəşinə tutur. Hegemonluq niyyətilə beynəlxalq cinayət törədən Rusiya bütün dünya ölkələri qarşısında son etibarını da xərcləyib . Onun Suriyadakı siyasət i isə nəticə etibarilə mötədil müxalif qüvvələrinin İŞİD –lə birləşməsi üçün münbit zəmin yaradır. Ölkəsinin bombardıman edilməsini sifariş edən Əsəd rejimi öz məmləkətini daha böyük istilaya qurban verdi.
Həmişəki kimi, ABŞ yenə də Suriyanın daxili işinə qarışmamaqla və beynəlxalq hüquqa zidd hərəkətlərin törədilməsini pisləməklə mələk rolunu qoruyub saxlayır. Okeanın o tayından Suriya qaçqınlarına qucaq açmaqla kimin mələk, kimin şeytan olmasını yəqin etməyə imkan verir.
Hadisələrin belə inkişafı ötən ili Rusiya ili kimi tarixə salan Türkiyənin xeyrinədir və rəsmi Ankaranın Şimali Atlantika Alyansında (NATO) sarsılan üzvlüyünün yenidən möhkəmlənməsinə şərait yaradır.
Biz xeyli əvvəl də Rusiyanın iqtisadi məngənəyə düşəcəyi təqdirdə müharibə aktına əl atacağını qeyd etmişdik. Belə təsəvvür yaranır ki, Rusiya öz hərəkətlərinə cavabdehlik daşımayan, işi görüb sonra fikirləşən affektiv imperiyadır. Əlbəttə ki, onun Suriyada keçirdiyi hərbi əməliyyatlar da qorxu yaratmaq üçün atılan addımdır. Yeri gəlmişkən, bu gün Rusiyada insanlar 3-cü dünya müharibəsinin başlandığını əminliklə dilə gətirirlər.
Bütün bunlar rus aqresiyasının öz vətəndaşları arasında da birmənalı qarşılanmadığından xəbər verir”.

Azinforum.az

Həmçinin oxuyun

“ATABANK”a RƏHBƏRLİK UĞRUNDA MÜBARİZƏ QIZIŞIR – “Sabiq nazir “qurban” hazırlamışdı, ancaq…”

Səhhətində ciddi problemlər yaranan və heç də yaxşı günlərini yaşamayan sabiq vergilər naziri Fazil Məmmədovun …

Bir cavab yazın