Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Ekspertlər dolların bahalaşmayacağını deyir

Ekspertlər dolların bahalaşmayacağını deyir

Qərbin qonşu Rusiya və Türkiyə ilə münasibətlərinin gərginləşməsi son günlər hər iki ölkənin milli valyutasını çökdürüb. Rusiya və Türkiyə birjalarında həyəcanlı vəziyyət hökm sürür, dollar lirə və rublu üstələməkdə davam edir. Bundan başqa, İran və Qazaxıstanda da dollar kəskin bahalaşıb. Qonşu ölkələrdəki bu durum Azərbaycanda da iqtisadçı ekspertlər tərəfindən narahatlıqla izlənir. Dolların bahalaşması nəticəsində qonşu ölkələrlə ticarət əməliyyatlarında yaranacaq vəziyyətin manata təzyiqləri artıracağı da istisna edilmir. Yerli banklar artıq dollar alışını artırmağa başlayıblar. Bəzi banklar “valyuta yoxdur” deyib, dollar satışından da imtina edirlər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, qonşu ölkələrdə milli valyutaların ABŞ dollarına münasibətdə ucuzlaşması siyasi səbəblərlə bağlıdır: “Bununla belə, bu, iqtisadi və maliyyə məsələsi olduğundan, üstəlik Azərbaycanın sıx iqtisadi-ticari əlaqələrində olduğu bir ölkələrdə baş verdiyindən təbii ki, narahatlıq doğurur. Belə ki, istər rublun, istərsə də lirənin dünyanın aparıcı valyutalarına nəzərən dəyərdən düşməsinin konkret bir həddi var. Yəni, hədsiz ucuzlaşma Rusiya və Türkiyəyə idxalı səmərəsizləşdirir. Bu ölkələrdən ixracın isə əksinə, səmərəsini artırır. Azərbaycanın isə öz ixrac potensialını genişləndirməyə böyük səylər qoyduğu bir vaxtda bunun nə demək olduğu aydındır. Odur ki, avtomatik olaraq manata da təzyiq yaranır”.

Картинки по запросу ABŞ dolların nəzərən

P.Heydərov onu da vurğuladı ki, manatın məzənnəsi ABŞ dolların nəzərən müəyyənləşdiyindən rubl və lirənin ucuzlaşması manata birbaşa təsir göstərmir: “Məsələ bundadır ki, bizim milli valyuta nə türk lirəsiylə, nə də rus rubluyla məzənnədə əslində, birbaşa olaraq dəyər tapmır – məhz, ABŞ dollarına nəzərən münasibətə girir. Bunu da nəzərə almaq lazımdır. Yəni, ortada nə qədər geniş xarakterli mal mübadiləsi də olsa da, milli valyutalarımızın qarşılıqlı məzənnəsini son anda yenə ABŞ dollarına əsasən müəyyənlik tapır. Ona görə də, Amerika valyutasının həmin ölkələrdə bahalaşması istər-istəməz manata da təzyiqləri artırır. Ancaq bizdə manat sərbəst bazar qanunları mexanizmi şəraitində tənzimlənmədiyinə və dəyər tapmadığına görə, ucuzlaşmır. Odur ki, qeyd etdiyim təzyiqlərin nəticəsini aşkar görmürük. Ancaq müəyyən təsirləri isə hiss edirik və edəcəyik də…”.

Картинки по запросу manat neft

İqtisadçının sözlərinə görə, Azərbaycan manatının dəyəri ən çox neftə bağlıdır: “Ölkəyə dollar gətirən ən çox xam neft ixracıdır ki, pomidor-xiyar ixracı, tərəvəz ixracı bunun yanında heç nədir… Yəni, bu faktorun özü milli valyutamızı “əldə möhkəm” saxlamağa imkan yaradır. O ki qaldı bəzi banklarda ABŞ valyutasının alışının bir qədər bahalaşmasına və satışının da məhdudlaşmasına, bu, hələlik ciddi amillərə əsaslanmır. Düzdür, ilin əvvəlindən bəri, ölkəmizdə dollara tələbat artıb. Ötən 3 ay ərzində1,310 milyard dollar satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65%-dən çoxdur. Söhbət, Neft Fondunun hərraclarda satdığı puldan gedir. Hesab edirəm ki, bu da iqtisadi aktivliyin bərpasıyla əlaqədardır. Yəni, hazırda iqtisadiyyatımızda vəziyyət keçən ilin bu vaxtı ilə müqayisədə fərqlidir, bir az da artıq canlanma mövcuddur. Ona görə də dollara tələb yüksəlib. Sözün qısası, ilin sonunadək manatın dəyərində dəyişiklik gözlənilmir. Bunu ən əsası da, neftin dünya bazar qiyməti diqtə edir… Hazırda 70 dollardan yuxarı səviyyədədir”.

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …