Bazar , Noyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / Ecotravel reklam paylaşımında qanunların tələbini kobud şəkildə pozub

Ecotravel reklam paylaşımında qanunların tələbini kobud şəkildə pozub

Azərbaycan kimi demokratik, hüquqi, dünyəvi, unitar respublikalarda dövlətin başçısını xalq seçir. Konstitusiyanın 8-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Dövlət başçısı Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Prezident Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Ali Qanunumuzun 106-cı maddəsində isə yazılıb ki, Azərbaycan Prezidenti toxunulmazlıq hüququna malikdir. Prezidentin şərəf və ləyaqəti qanunla qorunur.

İndi oxucularımız deyəcək ki, bunlar nə danışır? Axı biz bunları bilirik? Hər halda vətəndaşlarımızın çoxu Əsas Qanunumuzun heç olmasa bu maddələrini oxumamış deyil. Ancaq bəzi adamların sosial şəbəkələrdə paylaşdığı statusları, reklam materiallarını görəndə düşünürsən ki, bunların nə dövlətimizin qanunlarından, nə də ki mənəvi qanunlarımızdan xəbəri var. Sosial şəbəkələrdə paylaşılan status məsələsini hələlik qoyaq bir kənara. Bu növbəti yazımızın mövzusudur.

Keçək əsəs məsələyə. Dünən İstaqram sosial şəbəkəsində bir reklam fotosu qarşımıza çıxdı. Ecotravel.az saytı Şahdağ turlarını reklam edən foto paylaşmışdı. Həmin foto digər sosial şəbəkələrdə də var idi. İndi deyəcəksiniz ki, burda nə var ki. Turizm şirkəti son illər istifadəyə verilmiş Şahdağ kompleksinə turist cəlb etmək istəyir. Doğrudur, bu reklam fotosunun məqsədi turist cəlb etməkdir. Ancaq bu reklam dövlət başçımızın fotosu ilə aparılmamalıdır. Prezidentin Şahdağda çəkilmiş fotosunu yerləşdirib həmin fotonun altında tur haqqında məlumat vermək, qiymətləri sadalamaq nə dərəcədə doğrudur?

Bu, 15 may 2015-ci ildə qəbul olunmuş “Reklam haqqında” qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Həmin qanunun 4.5-ci maddəsində yazılıb: “Reklamda əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir”. Bu da o deməkdir ki, prezidentin fotosundan hansısa reklam materialında istifadə olunması qadağandır. Belə reklamlar “Haqsız rəqabət haqqında” qanunun tələblərinə də ziddir. Çünki dövlət başçısı hamının prezidentidir. Onun adından bir sahibkarlıq obyektinin reklamı üçün istifadə edilməsi bu qanunun da tələblərinin pozulması deməkdir. Yəqin ki, bizim bu yazımızdan sonra aidiyyəti dövlət orqanları bununla bağlı tədbir görəcəkdir.

Sonda bir məsələni xüsusi vurğulamaq istəyirik. Deyək ki, mövcud qanunlar bunu qadağan etmir. Ancaq bizim hər birimizin bir mənəvi öhdəliyimiz də var axı. Dövlət başçımıza hörmət əlaməti olaraq onun fotoşəkillərindən öz şəxsi qazanc mənbəyimiz üçün istifadə etməməliyik.

  Cahanpress

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …