Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İqtisadiyyat / Dünyada “ticarət müharibəsi” səngimir – uduzan kim olacaq… – ŞƏRH

Dünyada “ticarət müharibəsi” səngimir – uduzan kim olacaq… – ŞƏRH

ABŞ prezidenti Donald Trampın başlatdığı dünya “ticarət müharibəsi” genişlənməkdə davam edir. Artıq bir çox beynəlxalq qurumlar bu savaşın dünya iqtisadiyyatındakı artım tempini əngəlləyəcəyi ilə bağlı həyəcanlı proqnozlar veriblər.

Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı yeni məruzəsində bildirib ki, dünya iqtisadiyyatı yüksəlməkdədir, lakin bu tendensiya çox davam etməyəcək. Səbəb kimi ticarət müharibəsinin getdikcə alovlanması göstərilib: “Artıq potensial ticarət müharibəsinin ilk yaylım atəşləri guruldadı. Əgər ABŞ-ın büdcə siyasəti Avropa və Asiyada profisitlərin azaldılması üçün tədbirlər görülməməsi səbəbindən ölkənin ticarət defisitinə gətirib çıxararsa, münaqişə o zaman dərinləşə bilər”.

Müəlliflər xəbərdarlıq edirlər ki, bu cür vəziyyət “dünya və daxili iqtisadi fəallığın göstəricilərinin və bazarlarda əhval-ruhiyyənin pisləşməsinə” səbəb ola bilər.

İqtisadçı ekspert Vüsalə Əhmədova da “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hazırda əsas potensial savaş ABŞ və Rusiya arasındadır: “22 mart tarixində ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan toplam dəyəri 60 milyard dollar olan mallara rüsum tətbiq edəcəyinə dair planını açıqladı. Amerika hökuməti Çini texnologiya oğurluğunda ittiham edir. Çinin isə cavab tədbiri olaraq, ABŞ-dan idxal olunan soya bitkisi və donuz əti də daxil olmaqla  kənd təsərrüfatı məhsullarına əlavə 25 faizlik rüsum tətbiq edəcəyi düşünülür. Təbii olaraq, dünyanın aparıcı birjalarının indeksləri Tramp tərəfindən açıqlanan plana kəskin enişlə reaksiya verdi. Bilindiyi kimi, Dow Jones 2,93 faiz, S&P 2,52 faiz, Nikkei 4,5 faiz dəyər itirdi. Ümumiyyətlə ”ticari müharibə” qorxusu investorların inkişaf etməkdə olan ölkələrin valyutalarına olan marağını azaldır. Bu qərar Rusiya birjalarına da təsirsiz ötüşmədi, RTS indeksi 0,49 faiz eniş göstərdi. Neftin qiymətinin artması fonunda rubl dəyərini bir müddət stabil saxlaya bildi. Fond birjalarında isə qeyri-sabitlik qalmaqda davam edir. Rusiyanın əsas ticarət tərəfdaşlarının Avropa ölkələri olduğunu düşünsək, iki ölkə arasındakı ticari çəkişmənin Rusiya iqtisadiyyatına çox təsir göstərməyəcəyi düşünülə bilər. Ancaq Rusiya artıq böyük “ticarət müharibəsi”nin tərəflərindən biridir. Rəsmi Vaşinqton istər diplomatik və istərsə də iqtisadi formatda Rusiyaya savaş elan etmiş vəziyyətdədir. ABŞ idxal olunacaq polada və alüminiuma tətbiq edəcəyi rüsumların Avropa, Avstraliya, Argentina, Braziliya və Cənubi Koreya istehsalçıları üçün ləğv edəcəyini qeyd etdiyi halda, Rusiya və Çinin adını çəkmədi. Tətbiq edilən rüsumlar təbii olaraq Rusiya metallurgiya sənayesinə və ABŞ aktivlərinə sahib Rusiya şirkətlərinə mənfi təsir göstərəcək”.

Vüsalə Əhmədova ile ilgili görsel sonucu

İqtisadçının sözlərinə görə, Rusiya iqtisadiyyatının güclü və resurslarının geniş olması bu ölkənin ticarət müharibəsində çökdürülməsini əngəlləyəcək: “Rusiya və ABŞ-ın ÜDM baxımından uyğunsuzluğu, ABŞ ilə Rusiya qarşıdurmasının uğurlu olacağını düşünməmizə imkan vermir. ÜDM-un həcmi dövlətin beynəlxalq çəkisini müəyyənləşdirməkdə əsas rol oynayır. Ancaq düşünürəm ki, vacib olan iqtisadiyyatın strukturu, onun resurs bazası və yüksək texnologiyalı məhsullar (hərbi sənaye) da daxil olmaqla, bütün malların müstəqil şəkildə istehsalına imkan verən ÜDM-un nominal həcmidir. Həmçinin, hərbi gücün dünya siyasətində rolu istisna edilə bilməz. Nəzərə alsaq ki, Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir və zəngin təbii ehtiyatlara malikdir qapalı şəraitdə belə istənilən çətinliyin öhdəsindən gəlmə iqtidarındadır. Hələ Sovet İttifaqı dövründə ölkə blokada şəraitində belə varlığını sürdürürdü. Əlbəttə, bu hal Rusiya iqtisadiyyatı üçün arzu olunan deyil, ancaq ölümcül də deyil. ABŞ hər necə olur olsun Rusiya iqtisadiyyatını çökdürərək, öz siyasi və iqtisadi hegemoniyasını qorumağa çalışır. ABŞ ümumən Rusiya hakimiyyətinin və siyasətinin dəyişməsi üçün, Rusiyanın dünya ticarətində iştirakını məhdudlaşdırmağa can atır. Qərbə də DTT qaydalarını heçə sayaraq Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsi üçün təzyiqlər göstərir. Rusiya isə Şimali Koreya və İran ilə iqtisadi əlaqələrini genişləndirərək Qərbə alternativ axtarışındadır. Ticarətin dollarla deyil, konkret resursların barteri ilə həyata keçirməyi təklif edir”.

V.Əhmədova onu da bildirdi ki, bu ticarət müharibəsi ABŞ da daxil olmaqla dünya ölkələrinin iqtisadi inkişaf tempini zəiflətsə də, dolların mövqeyinin daha da güclənməsi ilə nəticələnəcək: “ABŞ iqtisadiyyatı hazırda illik 2,2 trilyon dollar idxal, 1,42 trilyon dollar ixrac həyata keçirməklə dolayısıyla, illik 783 milyard dollarlıq xarici ticarət kəsirinə malikdir. Bir baxıma, ABŞ-ın xarici ticarətdəki görünən kəsiri aradan qaldırmaq məqsədilə polad və alüminiuma əlavə gömrük vergisi tətbiq etdiyi düşünülə bilər. Digər tərəfdən, ”ticari müharibələr”in uzunmüddətli perspektivdə bütün dünyada iqtisadi artımı zəiflədəcəyi bir gerçəkdir. ABŞ-ın illik iqtisadi artım tempinin 10 faiz aşağı düşmə ehtimalı da gözardı edilmir. Uzunmüddətli baxıldıqda, ABŞ-ın polad və alüminium idxalının azalması ölkə daxilində istehsal maliyyətlərini artırmaqla birgə, inflyasiyada da canlanma yaradacaq. Dolayısıyla FED uçot dərəcələrini artıracağı ilə bağlı qərar qəbul edə bilər. Bu isə bir çox inkişaf etməkdə olan ölkələr, xüsusilə yüksək xarici borcu olan ölkələr üçün risk deməkdir. Ola biləcək “ticari müharibə”lər və inkişaf etmiş ölkələrin yürütdükləri proteksionist siyasət bu riski daha da artırır. Dolayısıyla bu, ABŞ-a xammal ixrac edən inkişaf etməkdə olan ölkələrin milli valyutalarının dəyər itirməsinə gətirib çıxaracaq. Belə olan halda, yüksək faizli ABŞ dolları və Almaniya şirkətlərinin hissə sənədləri ön plana çıxmış olacaq. Görünən o ki, ABŞ-ın izlədiyi xarici siyasət qısa müddətdə dollar üzərində neqativ təsir yaratsa da, uzun müddətdə dollar güclü bir görüntü sərgiləyəcək”.

Həmçinin oxuyun

Şəhid ailələri və qazilərə veriləcək təqaüd məbləği sabit olmamalıdır (ŞƏRH)

Açıqlanan məbləğlər ilkin gözləntilərə tam cavab vermir”.Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın bütövlüyü uğrunda şəhid olan …