“Bloomberg”in məlumatına görə, dünya dizel yanacağı ehtiyatları tarixinin ən aşağı səviyyəsinə çatıb.
Analitiklərin fikrincə, ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. Təchizat tərəfində hər hansı bir pozulma və ya tələbin gözlənilməz artımı bu kritik enerji məhsulunun qiymətini sürətlə yüksəldə bilər.
Mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, istehsalatda və yükdaşımada mühüm rol oynayan dizel yanacağının qiyməti o halda qalxar ki, biz onu bahalaşan ölkələrdən alaq. Azərbaycan xaricdən dizel yanacağı almır, onu daxildə hasil və emal edir. Azərbaycanda kifayət qədər dizelin istehsal olunması bu yanacaq növünün qiymətini sabit saxlamağa köməklik edir:
“Dünyada dizel yanacağının bahalaşmasının Azərbaycanın daxili bazarına heç bir aydiyyəti yoxdur. Xaricdə dizel yanacağının qiymətinin bahalaşması öz təsirini Azərbaycanda göstərməyəcək”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, hazırda dünyada dizel mühərrikli avtomobillərə tələbat get-gedə azalır. Yalnız özü dizel istehsal edən ölkələrdə dizellə işləyən avtomobillərə üstünlük verilir:
“Bir sıra ölkələrində hazırda dizel, qazla, benzinlə işləyən avtomobillərə yox, elektriklə işləyən avtomobillərə üstünlük verilir. Bir çox dünya ölkələri dizelin azalması, yanacaq probleminin yaşanması faktorlarını əvvəldən görüb. İllərdir hibrid, elektrik mühərrikli avtomobillər istehsal etməklə vəziyyətdən çıxmağa çalışırlar. Yalnız o ölkələrdə maraq var ki, onların özünün dizel istehsalı var, ya da həmin ölkələrdə dizel bir qədər ucuzdur”.
Ekspert bildirib ki. Azərbaycanın dizel istehsalı var, zavod da tikilib, bu il istifadəyə verilməsi gözlənilir. Növbəti ildə yəqin ki, zavod hazır olacaq və daha keyfiyyətli dizel yanacağı satılacaq.
Qeyd edək ki, hazırda ölkədə dizel yancağının bir litri 80 qəpiyə satılır.