Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Dünya qıtlığın astanasında: Azərbaycanın taxıl ehtiyatı nə yerdədir? – Açıqlama

Dünya qıtlığın astanasında: Azərbaycanın taxıl ehtiyatı nə yerdədir? – Açıqlama

3 il bundan qabaq BMT-nin taxıl-buğda qıtlığının olacağı ilə bağlı xəbərdarlığından sonra Milli Məclisdə müzakirələr aparıldı. Bir sıra deputatlar çıxış edib, təkliflər irəli sürdülər. Anbarlar tikilməli, həmin anbarlar buğda-taxıl ehtiyyatı ilə doldurulmalı, həmçinin taxıl-buğda ehtiyat fondu yaradılmalıdır, – deyə fikirlər səsləndirildi. Lakin dünyaya koronavirus “bəlası” yayıldı və hər şey unuduldu.Ötən gün isə unun qiymətinin artmasından sonra bu məsələ yenidən gündəmə gəldi.

Hazırda Azərbaycanın taxıl-buğda ehtiyatı varmı? Taxıl-buğda ehtiyat fondunun yaradılması vacibdirmi?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, ölkədə taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənilir:

“2021-ci ilin 11 ayında Azərbaycan 1 milyon tondan artıq buğda idxal edib və həmin idxal üçün 288 milyon dollara yaxın vəsait xərclənib. 2020-ci ilin 11 ayında isə 1.2 milyon ton buğda idxal olunub. Amma 262 milyon dollar vəsait ödənilib.
Rəqəmlərin müqayisəsi göstərir ki, idxal qiymətlərində artımlar var. Bu da daxili bazarda qiymət artımlarına gətirib çıxarıb. Biz qiymət artımlarının qarşısının alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik.
Əvvəla, taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı.
Taxıl-buğda strateji əhəmiyyət daşıyır. Baxmayaraq ki, buğda istehsal edən fermerlər strateji məhsul olaraq daha çox subsidiya alırlar, amma həmin subsidiya məbləğinə baxılması, xüsusən də istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur. Keyfiyyət növündən asılı olaraq buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər. Nəticə etibarı ilə bu da imkan verər ki, həm istehsalın genişləndirilməsinə nail olunsun, həm də daxili istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısı alınsın”.

Millət vəkili vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizin taxıl istehsalı baxımdan böyük potensialı var:
“Füzuli, Ağdam və digər işğaldan azad olunmuş rayonlarımız, işğaladək taxıl istehsalında aparıcı rayonlar idi. O baxımdan həmin rayonlarımızda da taxıl istehsalının intensiv təşkil olunması və həmin ərazilərimizin yenidən taxıl istehsal edən aparıcı rayonlar sırasına cəlb edilməsi məqsədəuyğundur. Bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var. Təbii ki, mina prosesə təsir edən səbəblərdəndir. Minalardan təmizlənmə prosesinə uyğun olaraq, həmin ərazilərimizdə taxıl əkini sahələrinin salınmasına ehtiyac var ki, bütövlükdə yerli istehsal hesabına taxıl fondunu genişləndirmək mümkün olsun. Azərbaycanda hər bir ailə gündəlik istehlak etdiyi məhsul məhz çörəkdir. Ona görə də yerli istehsalın genişləndirilməsi və xarici bazardan asılılığın minimumlaşdırılmasına ehtiyac var ki, bununla da qiymət artımlarının qarşısını almaq mümkün olsun”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …