Çərşənbə , İyun 29 2022
Ana səhifə / İqtisadiyyat / Dünya ərzaq böhranına doğru: Azərbaycan nə düşünür?

Dünya ərzaq böhranına doğru: Azərbaycan nə düşünür?

Dünya cari ildən etibarən uzunmüddətli iqtisadi böhrana qədəm qoyur. Artıq əksər beynəlxalq qurumlar qlobal iqtisadiyyat üzrə artım proqnozlarına endirim istiqamətində dəyişiklik edirlər. Dünya Bankının ardınca İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da qlobal ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozunu 2021-ci ilin dekabr ayında dərc edilən hesabatı ilə müqayisədə 1,5 faiz bəndi azaldaraq 3 faizə endirib.

OECD-in “İqtisadi Perspektivlər” hesabatının iyun sayına əsasən 2023-cü ildə qlobal iqtisadiyyat 2,8 faiz artacağı proqnozlaşdırılır. Qurum bu il Türkiyə iqtisadiyyatının 3,7 faiz, Avrozona iqtisadiyyatının 2,6 faiz, ABŞ iqtisadiyyatının 2,5 faiz, Yaponiya iqtisadiyyatının isə 1,7 faiz artacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə müvafiq olaraq 0,4 faiz çox, 1,7 faiz, 1,2 fauz və 1,7 faiz azdır. Türkiyə iqtisadiyyatının 2023-cü il üçün artım proqnozu 3 faiz proqnozlaşdırılır.

Sənədə əsasən, OECD üzv ölkələri arasında ən yüksək inflyasiya bu il Türkiyədə (72 faiz), Argentinada (60,1 faiz) və Litvada (15,6 faiz), ən aşağı istehlak qiymətlərin artımı Yaponiyada (1,9 faiz), İsveçrədə (2,5 faiz) və Norveçdə (4,6 faiz) qeydə alınacaq.

Qlobal artım sürətini azaldan ən mühüm səbəblər sırasında koronavirus pandemiyası, Ukraynadakı müharibə və enerjidaşıyıcılar bazarındakı kəskin bahalaşma dayanır. Bu səbəblər üzündən dünyanın cari ilin payızından etibarən ərzaq qıtlığı ilə üzləşəcəyi, 2023-cü ildə problemin daha da dərinləşəcəyi gözlənilir. BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri Rebekka Qrinspenin sözlərinə görə, ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək. O qeyd edib ki, Rusiya və Ukraynadan ixrac olunan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına qaytarılmaması ehtimalı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır: “Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrə qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub”.

BMT rəsmisi qeyd edib ki, əgər münaqişə və taxıl və gübrənin yüksək qiymətləri növbəti əkin mövsümünə qədər davam edərsə, mövcud böhran digər əsas bitkilərə, xüsusilə də düyüyə keçə bilər. Rebekka Qrinspen vurğulayıb ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Ukraynadan ərzaq məhsulları, eləcə də Rusiyadan gələn ərzaq və gübrələri dünya bazarlarına qaytarmaq lazımdır: “Gübrə tədarükünə yenidən başlamaq, onu kiçik fermerlərə təqdim etmək, geniş yayılmış tədarükün dəstəklənməsi növbəti 18 ay ərzində kritik cəhətdən vacib olacaq”.

Qeyd edək ki, hazırda qlobal ərzaq bazarındakı ən mühüm problem Ukrayna kənd təsərrüfatı məhsullarının həmin bazara çıxarılmasıdır. Rusiya bu çıxışı əngəlləyərək, ixrac üçün dəhliz açmağın müqabilində özünə qarşı sanksiyaların aradan qaldırılması tələbini irəli sürür. Bir neçə aydır ABŞ və Avropa İttifaqı Ukrayna məhsullarının dünya bazarına çatdırılması üçün yollar tapmağa çalışır. Bu sahədə Türkiyə təşəbbüsü ələ alaraq, Rusiya, Ukrayna və BMT ilə birlikdə Odessa limanından ixrac üçün dəhlizin yaradılması istiqamətində aktiv işlər görməkdədir. Artıq Rusiya tərəfi bu təşəbbüslə razı olduğunu bəyan edib. Moskva Ukraynanın liman akvatoriyasının minalardan təmizlənməsinin gərəkliyini bildirir. Ukrayna isə Rusiyanın bundan Odessa və Nikolayevi işğal etmək üçün istifadə etməyəcəyinə 3-cü ölkələrin hərbi dəniz qüvvələrinin cəlbi ilə qarantiya verilməsini zəruri hesab edir.

Ukrayna böhranı dünyada ərzaq qıtlığı yaradacaq - Azərbaycanı nə gözləyir?

Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müavini İqor Javka bəyan edib ki, Türkiyənin apardığı danışıqlarda ölkə prezidenti şəxsən iştirak edir. Onun sözlərinə görə, prezident Zelenski müzakirələri bilavasitə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanla aparır. Javka vurğulayıb ki, Ukraynanın bu prosesdəki mövqeyini bütün tərəflər bilir.

İtaliyanın baş naziri Mario Draqi də bəyan edib ki, qlobal ərzaq böhranının qarşısını almaq üçün Qara dənizdən Ukrayna taxılının dünya bazarına yolunun açılması qaçılmazdır: “Ərzaq böhranının baş verməsinin qarşısını almaq üçün ilk işimiz Ukrayna taxılının Qara dəniz limanlarından ixracını təmin etmək olmalıdır. Biz limanlarda yığılıb qalan milyonlarla ton taxılı oradan çıxartmalıyıq. BMT-nin bu prosesdəki vasitəçilik səyləri çox vacib və təəssüf ki, yeganə mümkün addımlardır”.

Draqi qeyd edib ki, Ukrayna prezidentinə limanlara hücum olmayacağına dair təminatlar verilməlidir.

Qlobal ərzaq bazarında gözlənilən böhranın qarşısını almaq üçün ABŞ bir neçə ölkə ilə birlikdə məhsul və gübrə istehsalını artıracaq. Bu barədə ABŞ prezidenti Co Bayden Amerika ölkələri sammitindəki çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə Birləşmiş Ştatlar həmin ölkələrlə əməkdaşlığın əlaqələndirilməsi üçün bri neçə təşəbbüslə çıxış edəcək: “Bura ABŞ-ın karib hövzəsi ölkələri ilə iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli üçün əməkdaşlığı da daxildir. Argentina, Braziliya, Kanada Çili və Meksika bizim qitədə ən böyük ərzaq ixracatçılarıdır. Onlar ərzaq və gübrə ixracını artırmaq üçün əməkdaşlıq edəcəklər”.

Baydenin çıxışından bir gün əvvəl onun administrasiyasının yüksək vəzifəli məmuru ABŞ-ın ərzaq böhranı ilə mübarizəyə 300 milyon dollardan yuxarı vəsait ayıracağını bildirib.

Bayden qeyd edib ki, Qərb yarımkürəsi ölkələri mövcud çatdırılma zəncirinin möhkəmləndirilməsi üçün tədbirlər görməlidirlər. Onun sözlərinə görə, pandemiyanın yaratdığı iqtisadi böhran bütün dünyada iqtisadi azalmaya gətirib çıxarıb. Ukraynadakı hadisələr isə bu prosesi daha da gücləndirib.

Aydın görünür ki, ABŞ və Avropa kasıb ölkələrdə ərzaq qıtlığının kəskinləşməsini özləri üçün ciddi təhdid hesab edirlər. Belə ki, xüsusilə Şimali Afrika ölkələrində aclıq dərinləşərsə, əhalinin kütləvi şəkildə Avropaya  axını başlaya bilər. Buna görə də Qərb Rusiyanın təhdidlərinə boyun əymədən qlobal ərzaq böhranının qarşısını almaq yolları axtarışındadır.

Ərzaq təminatında ciddi şəkildə idxaldan asılı olan Azərbaycan üçün qlobal ərzaq bazarındakı problemlərin təsirsiz qalması mümkün deyil. Bu təsirin daha çox qıtlıq deyil, qiymət bahalaşması formasında hiss olunacağı gözləniləndir. Belə ki, Azərbaycanın buğda aldığı hər iki ölkədə  – Rusiya və Qazaxıstanda bu il buğda istehsalında artım proqnozlaşdırılır. Bu o deməkdir ki, əsas ərzaq məhsulu olan buğda təchizatında qıtlıq yaranmayacaq. Lakin Azərbaycan qlobal bazar qiymətlərinin  bahalaşması fonunda buğda bazarında kəskin qiymət rəqabəti ilə üzləşəcək. Aydın məsələdir ki, Qazaxıstan və Rusiya istehsalçıları məhsullarını mümkün qədər yüksək qiymətə satmağa çalışacaqlar. Bu isə Azərbaycanın idxal etdiyi buğdanın indikindən 15-20 faizədək baha başa gəlməsini şərtləndirəcək. Məlumdur ki, yanvar ayında buğda, un və çörəyin qiymətindəki bahalaşmadan sonra dövlət buğda və un idxalçıları, həmçinin un istehsalçılarına dəstək mexanizmi işə salmaqla təkrar qiymət bahalaşmasının qarşısını alır. Lakin qlobal bazar qiymətlərinin sürətlə bahalaşması fonunda dövlət dəstəyinin qiymətləri sabit saxlamaq üçün yetərli olmayacağı indidən məlumdur. Bu isə ən uzağı payız aylarında Azərbaycanda un və çörəyin qiymətinin yenidən artacağı deməkdir.

Onu da qeyd edək ki, Azərbaycanda yerli istehsal ərzaqlıq buğda tələbatının çox cüzi bir hissəsini qarşılamaq imkanındadır. Ölkədə istehsal olunan təxminən 1,8 milyon ton buğdanın keyfiyyət baxımından cüzi bir hissəsi ərzaqlıq istifadə üçün yararlı olur. Buna görə də tələbatı qarşılamaq üçün ildə 1,2-1,3 milyon ton ərzaqlıq buğda idxal edilir. Bu il ölkə üzrə buğda əkinlərinin sahəsində azalma müşahidə olunmaqdadır. Belə ki, ötən il ölkədə 608,5 min hektar sahədə payızlıq buğda əkilmişdisə, bu il məhsulu üçün əkin sahələri 6,4 min hektar azalmaqla 602,1 min hektara düşüb. Lakin yazlıq buğda əkinləri keçən ilkindən 2,2 dəfə çox olmaqla 4,2 min hektar təşkil edir. Buna baxmayaraq, ölkənin bu il özünü təmin edəcək qədər  keyfiyyətli buğda istehsalını təmin etməsi real deyil. Bu istiqamətdə İsraillə sıx əməkdaşlığa başlanıb. İsrail mətbuatının yazdığına inansaq, iki ölkənin birlikdə həyata keçirməyə hazırlaşdığı böyük layihə 2025-ci ildən etibarən Azərbaycanın buğda ixracatçısına çevrilməsinə hesablanıb.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov 

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanın gözlənilən ərzaq böhranından maksimum az təsirlənməsi üçün ərzaq istehsalçısı və idxalçısı olan biznesə ciddi maliyyə dəstəyi verilməlidir: “Xüsusilə də indi kənd təsərrüfatı fəaliyyətlərinin aktiv dövrüdür. Bunu nəzərə almaqla istehsalı daha aktiv mexanizmlərlə dəstəkləmək olar. Eyni zamanda tədarük prosesini sürətləndirməklə həm idxal, həm yerli istehsal hesabına əhəmiyyətli ərzaq ehtiyatlarının yaradılması əsas hədəflərdən biri olmalıdır. Qida zəncirinin əsas iştirakçıları olan sahibkarlar ehtiyatların artırılması üçün ucuz vəsaitlərlə təmin edilməlidilər. Çünki 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlləri, 2023-cü il ərzində dünyada ərzaq qıtlığının yaranması ehtimalı yüksəkdir. Rusiya-Ukrayna müharibəsinin dayanması gözlənilən deyil, bu müharibənin potensial effektləri çox yüksək qiymətləndirilir”.

Dünya praktikası göstərir ki, kənd təsərrüfatı istehsalının artırılması üçün ən təsirli alət aqrar sığorta hesab olunur. Bu, iqlim şərtlərindən çox asılı olan kənd təsərrüfatı istehsalı ilə məşğul olan sahibkarlar üçün mühüm stimul rolunu oynayır. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun mətbuata verdiyi məlumata görə, aqrar sığorta mexanizmi çərçivəsində ölkədə əkinə yararlı ərazilərin 287 min hektarı sığortalanıb: “Bu da ölkə üzrə ümumi əkin ərazilərinin 15 faizi, buğda və arpa əkilən ərazilərin isə 30 faizi deməkdir”.

Ekspertlərə görə, sığorta mexanizmi bütün əkin sahələrini əhatə etməyincə, Azərbaycanda kənd təsərrüfatı istehsalını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkün olmayacaq. Musavat.com

Həmçinin oxuyun

Baramamızın içinə düşən “qurd”- istehsal niyə azalıb?

Azərbaycanda barama istehsalı kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənən istehsal istiqamətlərindən biridir. Bu sahənin dirçəldilməsinə 2016-cı …