Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Dövlət satınalmalarında nə dəyişib?

Dövlət satınalmalarında nə dəyişib?

Azərbaycanda ən problemli sahələrdən biri, bəlkə də, birincisi dövlət xərcləmələridir. Təsadüfi deyil ki, ölkə prezidenti dəfələrlə dövlət qurumlarının, şirkətlərinin xərcləmələrinə sərt nəzarət mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.

Dövlət xərcləmələri dedikdə isə ilk növbədə satınalmalar yada düşür. Çünki məhz bu sahədə uzun illərdir mövcud olan problemləri aradan qaldırmaq mümkün olmur. Dövlət təşkilatlarının, iri dövlət şirkətlərinin satınalmalarındakı qeyri-şəffaflıq hələ də davam etməkdədir. Bu sahədə şəffaflığın yaradılması, azad rəqabət mühitinin formalaşdırılması Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının əsas şərtlərindən biri hesab olunur.

İqtisadçı-ekspert, dövlət satınalmaları sahəsində mütəxəssis Vüqar Hüseynli ilə söhbətimizdə dövlət satınalmalarındakı mövcud vəziyyət, problemlərin həlli yolları barədə danışmışıq. Müsahibəni təqdim edirik.

– Vüqar bəy, dövlət satınalmaları sahəsində son dəyişiklikləri necə qiymətləndirirsiniz? Onlar sizi qane edirmi?

– Birmənalı qeyd edim ki, dövlət satınalmaları sahəsində nə mövcud, nə indiyə qədərki vəziyyət qaneedici olmayıb. Bu sahədə dəyişikliklər az olduğu üçün onlardan danışaq,  daha sonar keçərik problemlərə. Son illərdə yeganə müsbət dəyişiklik qismən də olsa elektronlaşmaya gedilməsidir ki, onun da icrası təəssüf ki, ləngdir, adekvat və arzuolunan səviyyədə olmadığından proses çox ağrılı gedir. Mənfi dəyişiklik isə satınalmaları tənzimləyən mərkəzi icra hakimiyyəti orqanının ictimai hesabatlılıqdan imtinasıdır ki, onun da acı nəticələrini çox keçmədən artıq hiss etməyə başlayacağıq. Belə ki, qanunvericiliyə son dəyişikliklər nəticəsində satınalmalar üzrə illik hesabatlar yalnız İqtisadiyyat Nazirliyinə təqdim ediləcəkdir. Problemlər isə ənənəvidir. Dövlət satınalmalarının bütün iştirakçıları – həm sahibkarlar, həm satınalan təşkilatlar, həm də tənzimləyici qurum, həm də ictimaiyyət tərəfindən baxsaq, təqribən aşağıdakı şəkildə ümumiləşdirərdim problemləri:

Dövlət satınalmalarına anklav yanaşma. Təəssüf ki, dövlət satınalmaları problemlərindən danışanda onun hansı mühitdə, lokal şəraitdə fəaliyyətdə olduğunu diqqətdən qaçırırıq. Birinci, bu sistem ümumi dövlət idarəçiliyi sisteminin tərkib hissəsidir və mövcud idarəetmənin təşkili, onun məhdudiyyətləri və imkanları çərçivəsindən kənara çıxa bilməz. Məsələn, heç bir strateji planı olmayan dövlət qurumlarında ən ideal satınalma prosedurları ilə belə keyfiyyətli satınalmalar həyata keçirilə bilməz. Strateji plan olmadan nə keyfiyyətli büdcə planlaması və xərcləməsi, nə də ki, keyfiyyətli satınalmaların mövcud olması mümkün deyil. Və ya götürək dövlət qurumlarında satınalmaçı vəzifəsi və ya o işləri peşəkar şəkildə icra edəcək mütəxəssisi.  Belə mütəxəssislərin yetişməsi üçün təhsil verilmirsə, bu sahədə yaxşı nəyə ümid edə bilərik?

İdarəetmədə daxili biznes proseslərdə tarazlıq olmasa, zəncir sözsüz ki, ən çox yüklənən həlqədə qırılacaq. İkincisi, bu satınalmalar Azərbaycan iqtisadi mühiti çərçivəsində baş verir. Əgər hamımız etiraf ediriksə Azərbaycan bazarı inhisarçı bazardır, Rəqabət Məcəlləmiz qəbul olunmayıb, antiinhisar qurumumuzun 3 ildən artıqdır birbaşa rəhbəri yoxdur, onda adi dövlət qurumunun satınalmaçısı həmin bazarda mövcud satınalma qaydaları ilə necə rəqabət yarada bilər? Sözsüz ki, mümkün deyil. Olsa-olsa kağız üzərində rəqabət olacaq. 

Bu yanlışı (anklav yanaşmanı) sadə ictimaiyyətlə yanaşı, mövcud sahədə tənzimləmə ilə məşğul olan qurumların rəhbərliyi səviyyəsindəki son açıqlamalardan da eşitmək çox məyusedicidir. 

Saxtalaşdırma. Dövlət satınalmaları sahəsindəki qanunvericilik ilk yaranan andan müsabiqənin baş tutmasının ilkin şərti kimi 3 iddiaçının – şirkətin satınalmalarda iştirakını nəzərdə tutmuşdur. Üstəlik, nəzərə alsaq ki, dövlət təşkilatı bu alışı bir il ərzində həm həyata keçirməli, həm də icra edib yekunlaşdıraraq müvafiq vəsaitləri dövlət büdcəsindən ilin sonunadək çıxarmalıdır, onda satınalmaların həyata keçirilməsi üçün bir ildən daha az vaxt qalmış olur.

İqtisadçı-ekspert, dövlət satınalmaları sahəsində mütəxəssis Vüqar Hüseynli ile ilgili görsel sonucu

Vüqar Hüseynli

İndi özünüz düşünün, inhisarçı bazarda  satınalan təşkilat digər rəqib şirkətləri hardan tapsın, necə cəlb etsin müsabiqəyə əgər həm də satınalmalar sistemimizin də etibarı yoxdursa? Burda iki variant qalır: ya elan olunmuş müsabiqəyə gələn olmadığına görə həmin alışları etməmək, hansı ki dövlət qurumu xalq qarşısında müxtəlif müddətli öhdəlikləri olduğu üçün bunu edə bilməz. Ya da ki, saxtalaşdırmaq, süni, saxta şirkətlərlə müsabiqə görüntüsü yaratmaq.  Bax, sistem yaranandan bu 3 iddiaçı məhdudiyyəti və daxili bazarda rəqabət yaratma üzrə öhdəliyi hər kəsin öz üzərindən atıb satınalan təşkliatlara yükləməsi belə acı nəticələrə gətirib çıxarır. Bu müsabiqə görüntüsü üçün yaradılmış saxta şirkətlərin də xərci, sözsüz ki, qalib şirkətin üzərinə düşməklə yekunda satınalmaların bahalaşmasına gətirib çıxaracaq.

Hazırkı satınalma qanunvericiliyi dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadəyə yox, daha çox inhisarçı bazarın rəqabətli bazar görüntüsü yaratmasına  xidmət edir.

Satınalmalar sisteminin etibarlılığı problemi. Satınalma qanunvericiliyinin mövcud vəziyyəti, satınalan təşkilatların mənfi imici, tənzimləyici qurumun qapalılığı, hansı ki həm müsabiqələri qeydə almaqla onların  legitimliyini təmin edir, həm də satınalma şikayətlərinə baxır, həmçinin qurumun statusunun aşağı olması, hansı ki, beynəlxalq aləmdə ölkədə satınalmalara verilən əhəmiyyətin dərəcəsi kimi başa düşülür, kimi elementlərdən ibarətdir.

Kompromat yanaşması. Uzun illər ərzində satınalmalar sahəsindəki problemlərin aradan qaldırılmaması ictimaiyyətdə belə təəssürat yaradır ki, mövcud problemli sistemin mövcudluq səbəbi məmurların kompromat baqajının formalaşdırılmasına xidmət edir. Bu yanaşma özündə elə bir oyun qaydalarını ehtiva edir ki, orda istənilən halda məmur günahkar çıxır. Belə oyunda hamı həvəslə iştirak edir, jurnalistlər ifşaedici məlumat tirajlayır, tənzimləyici qurumlar satınalan təşkilatlara barmaq silkələyir, israfçı məmursa bu oyun qaydalarının ondan asılı olmadığı “səbəbindən” öz əməllərinə görə mənəvi məsuliyyəti hiss etmir. Kompromat yanaşması həm də satınalmadakı problemlərin daha dərindən  təhlili və araşdırılması üçün düşüncə baryeri rolu oynayır ki, bu da bu oyunun uzunömürlülüyünü təmin edir. Dövlət satınalmalarındakı  son elektronlaşma addımları bu çıxılmaz dairənin qırılacağına ümid verir və “kompromat yanaşma”sının bir düşüncə oyunu olduğunu təsdiq edir.

– Ölkədə elektron hərraclara marağın az olmasını İstehlak Bazarı və Antiinhisar Fəaliyyəti Dövlət Xidmətinin rəhbəri iştirak haqqının yüksək olması ilə əsaslandırdı. Nə qədər düzgün əsaslandırmadır?

– Biznes düşüncədə diqqət gəlir-xərc nisbətinə yönəlir. Ona görə də iddiaçı sahibkarın inamı  olsa ki,  tenderdə qalib gələrək mənfəət əldə edə biləcək, onu heç bir xərclər çəkindirə bilməz. Qurum əgər iştirakçılığı artırmaq istəyirsə, sistemə inamın artırılmasına və öz şəffaf fəaliyyətinə konsentrasiya olmalıdır. Başqalarından nələrisə tələb etmək yanaşması artıq keçmişdə qalıb. Zaman və təcrübə bütün sahələrdə ancaq öz müsbət nümunəmizlə digərlərini analoji addımlara həvəsləndirə biləcəyimizi göstərir. Ancaq təəssüf ki, bayaq qeyd etdiyim kimi, qurumun fəaliyyəti ilə bağlı qanunvericiliyə son dəyişikliklər daha çox qapalılığa xidmət edir ki, bu da sistemə inama mənfi təsir göstərən amillərdəndir.

İştirakçılığı artırmaq istəyiriksə, hansısa qanunvericilik dəyişdirilməsinə və ya qlobal addımlara əl atmadan belə bunu etmək olar. Məsələn, satınalan təşkilatlar illik satınalma planlarını satınalma predmetləri üzrə Qurumun tabeliyindəki dövlət satınalmalarının rəsmi saytında yerləşdirirlər. Satınalan təşkilatlar tərəfindən planlar konkret predmetlər üzrə yerləşdirilməsinə baxmayaraq, sayt tərəfindən müvafiq məlumatlar gizlədilir. Biz adi sahibkar kimi sayta daxil olduqda qarşıda gözlənilən satınalmalar barədə məlumat əldə edə və iştirak üçün hazırlaşa bilmirik.  Sahibkarlara xidmət etməli olan informasiya nə üçün gizlədilir? Həm də bu informasiya iştirakçılığın və rəqabətin artmasına, dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadəyə şərait yaradacaqsa. Mənə aydın deyil.

– Hesablama Palatası dövlət satınalmalarında əsas problem kimi bir mənbədən alışları, bir də kotirovka sorğularına üstünlük verilməsini qeyd edir. Doğru təsbitdirmi? Hər iki məsələ satınalmalar sahəsində hansı çətinliklər yaradır?

– Yəqin ki, bir mənbədən satınalmalar metodunun müsabiqə şəraiti tələb etməməsi və kotirovka sorğusunda da məhdud rəqabət şəraitinin olmasını narahatedici hal kimi qiymətləndiriblər. Ancaq bayaq izah etdiyim kimi, tender prosedurlarının olmasının belə real rəqabətin olduğunu təsdiq edən göstərici olmadığını nəzərə alsaq, göstərilən rəqəmlərin dövlət satınalmalarındakı vəziyyət və ordakı dəyişiklikləri ifadə etmək üçün xüsusi böyük məna və əhəmiyyət kəsb edtdiyini saymıram. Hesablama Palatasının dövlət qurumlarının yoxlanması üzrə daha geniş səlahiyyətlər malik olmasını nəzərə alsaq, müvafiq yoxlama və təhlillər zamanı həm satınalmaların təşkili sahəsindəki daha dərin problemləri üzə çıxarmağa, həmçinin müvafiq səmərəlilik göstəriciləri yaratmaqla satınalmalarda müsbət dəyişikliklərə təsir etmək imkanları genişdir. Məsələn, hər zaman müsabiqələrdəki qalib təşkilatların adı hallanır və qalib şirkətin məlumatları üzərindən hansısa təhlillər aparılmağa çalışılır. Ancaq biz həmin müsabiqələrdəki məğlub digər ən azı iki şirkətin verilənlərinə – onun real fəaliyyət göstərən təsərrüfat subyekti olmasına diqqət yetirmirik. Halbuki müvafiq məlumatlara çıxış imkanı olan Hesablama Palatasının yoxladığı qurumların satınalmalarında real rəqabət indeksini ölçmək üçün kifayət qədər resursları var və bu tip göstəricilər real müsabiqə şəraitini göstərmək üçün geniş potensiala malikdirlər. Eyni məsələdə Antiinhisar Xidməti də məğlub şirkətlər barədə məlumatları açıqlamaqla dəstək ola bilər. Bütövlükdə həm qanunvericilik, həm də effektivlik göstəriciləri baxımından satınalmalarda radikal dəyişikliklərə ehtiyac var.

– Sizcə, satınalmalar sahəsində problemləri aradan qaldırmaq üçün hansı real addımlar atılmalıdır? Söhbət ideal variantdan deyil, mövcud şəraitdə ciddi dəyişikliyə gətirəcək addımlardan gedir.

– Hesab edirəm ki, dövlət satınalmaları ölkədə hər kəsin həyat keyfiyyətinə, həm iş mühitinə təsir edən bir məsələ olduğu və ölkədəki işgüzar mədəniyyətin formalaşmasındakı rolunu nəzərə alaraq həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti bu sahədə aktiv və həssas mövqe tutmalıdırlar. Normativ hüquqi aktlar haqqında Konstitusiya aktımız var. Qanunvericilik normaları yaradılarkən bu aktın tələblərinə əsasən müvafiq əsaslandırılmalar və layihə əvvəlcədən ictimaiyyət üçün açıqlanmalıdır. İctimai müzakirələr mürəkkəb qanun yaradıcılığı prosesinin iştirakçılarının adekvat keyfiyyətli qaydaların qəbulu üçün geniş və ətraflı təhlilləri özündə ehtiva edən informasiya resursuna çevrilə bilər. Əks halda, yenə adekvat olmayan qaydalar və bu qaydalardan əziyyət çəkən ölkə iqtisadiyyatı və dövlət idarəçiliyi ilə baş-başa qalacağıq. Musavat.com

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …