Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / “Dövlətin vergi siyasətinin təkmilləşdirilməsi 3 tərəfə xidmət etməlidir” – EKSPERT
Financial accounting stock market graphs analysis

“Dövlətin vergi siyasətinin təkmilləşdirilməsi 3 tərəfə xidmət etməlidir” – EKSPERT

Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi barədə müstəqil ekspertlər, xarici təşkilatlar və rəsmi statistikanın hesablamaları arasında həmişə kəskin fərq olub. Belə ki, Dövlət Statistika Komitəsi qeyri-şəffaf iqtisadiyyatın ümumi iqtisadiyyatda payını 8-9 faiz, yerli ekspertlər 70 faizdən yuxarı, beynəlxalq təşkilatlar isə bir qayda olaraq 50-60 faiz civarında hesablayırlar. Uzun illər boyu rəsmi qurumlar, ümumiyyətlə, kölgə iqtisadiyyatının Azərbaycanda problem yaradacaq səviyyədə olmadığını iddia ediblər. Lakin 2017-ci ildən etibarən ölkə rəhbərliyinin birbaşa göstərişi əsasında kölgə iqtisadiyyatının əsas fəsadlarından biri olan qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində bir sıra addımlar atılıb. Bu zaman açıqlanan məlumatlardan aydın olur ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq rəsmi uçotda olan məşğulluqdan az qala iki dəfə yüksəkdir. Bu isə qeyri-rəsmi məşğulluğu yaradan amilin – kölgə iqtisadiyyatının da yüksək səviyyədə olmasından xəbər verir.

Bu ilin yanvarından etibarən hökumət qeyri-rəsmi məşğulluq və kölgə iqtisadiyyatına qarşı mübarizə məqsədilə vergi və sosial sığorta ödənişləri sistemində bir sıra dəyişikliklər həyata keçirib. Bu dəyişikliklərin təsiri nə qədər effektivdir? Kölgə iqtisadiyyatının səviyyəsində azalma varmı? Bu sahədə daha hansı addımların atılmasına ehtiyac var?

Vergi islahatlarının nəticələri pozitivdir

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, vergi sahəsində islahatlar adətən dərhal nəticə vermir: “Yəni gözləmək olardı ki, I rübdə hətta proqnoz-plan belə az yerinə yetirilsin. Amma 10,4 faiz artıq oldu. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə mədaxil yüksək icra olundu. Qeyri-neft sektoru başda olmaqla, neft sektorundan vergi ödənişi həm 2018-ci ilin rəqəmləri ilə müqayisədə, həm də plan-proqnozdan müvafiq olaraq 16,5 faiz və 10,4 faiz yüksək əldə edildi. Sözün qısası,, heç nə itirilmədi. Əksinə, gözləniləndən yüksək nəticələr əldə olunub. Bu, bir daha təsdiq edir ki, neft gəlirlərinin büdcədə payı yüksək olduğu dövrdə vergitutma sahəsində iqtisadi inkişafı stimullaşdıran, kölgə iqtisadiyyatının qarşısını alan islahatlara getmək daha şanslıdır və buna şərait genişdir. Və nə qədər ki, büdcəyə Neft Fondundan transfert imkanı var, bu cür islahatlara getmək lazım və vacibdir. Əsas hədəf isə ondan ibarət olmalıdır ki, vergi dərəcələri iqtisadi aktivliyi, kölgə iqtisadiyyatının leqallaşmasını stimullaşdırsın və pərdəarxası qazanc əldə etmək istəyinin rüşeym halında da olsa belə mövcudluğuna zəmin saxlamasın”.

P.Heydərova görə, hökumətin və dövlətin vergi siyasəti – onun təkmilləşdirilməsi 3 tərəfə xidmət etməlidir: dövlət büdcəsinə, işəgötürənə və işçiyə: “Bu mənada, neft-qaz, həmçinin dövlət sektorundan kənar sahəyə aid vergi ödəyicilərində işləyən fiziki şəxslər üzrə 14 faizlik gəlir vergisinin ləğvini ”vergi islahatlarının tacı” adlandırmışdım. Bundan ən çox qazanc götürən vətəndaş olmalı idi. Dövlət isə sosial ödənişlərində yüngüllük tapacaqdı. Nəticədə də özəl sektorun inkişafı əlavə stimul əldə etməklə, sonradan vergi bazası özü də genişlənəcəkdi. Budur: yanvar-aprel aylarının nəticəsinə görə muzdlu işçilərin sayı da 80 min nəfərdən çox artıb. Və bundan 56 min nəfərin yeni müqaviləsi məhz qeyri-neft sektorunun payına düşüb. Fiziki şəxslərdən gəlir vergisinin üzərinə getməklə, sosial sığorta ödəmə mexanizmini dəyişmək bu vaxta qədər nədən gecikdirilirdi, aydın deyildi. Halbuki ölkədə sığorta-pensiya sisteminin islahatı barədə danışılır və bu istiqamətdə addımlar atılırdı. Sözügedən sistemin inkişafı isə ümumi vergi islahatlarından kənarda mümkün deyildi. Çünki buna qədər fiziki şəxslərdən gəlir vergisi dərəcələri fonunda dəyişiklik etmək tələb olunurdu ki, işəgötürənin əmək haqqı fondundan 22, işçilərin maaşlarından isə 3 faiz ayırma hüquqi şəxslər üçün ağır yük idi. Paralel olaraq isə gəliri 2500 manatadək olanlar üçün 14 faiz vergi ödənişi kifayət qədər böyük məbləğ sayılırdı. Digər ödənişlər də daxil, aylıq gəlirdən ümumən, 40 faizlik ödəniş yükü… Əmək haqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillər də bax, məhz bundan qaynaqlanırdı. Belə ki, məhz vergi yükünün ağırlığı, sığorta-yığım sisteminin tam təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə əmək müqaviləsi ilə işləməyə maraq yox idi. Odur ki, bu ildən tədbiq olunan vergi islahatlarında fiziki şəxslərdən gəlir vergisinə dair dəyişikliklərlə məcburi sosial sığorta ödəmələrinə dair yeniliklərin bir çərçivədə götürülməsi daha böyük hadisə oldu. Və bunun səmərəsini görmək üçün çox gözləmək lazım gəlmədi. Qısa desəm, sözügedən addımı atmaqla, “bir güllə ilə iki dovşan vuruldu” ki, birincisi, əməkhaqlarının gizlədilməsi, ikili mühasibat, əmək müqavilələrinin bağlanmaması kimi amilləri aradan götürmək asanlaşdı, ikincisi isə mükəmməl sığorta-pensiya sisteminin yaradılması istiqamətində indiyədək görülən və hələ görüləsi işlər məntiqi əsas tapdı”.

Ölkənin ən mühüm problemlərindən biri

Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, kölgə iqtisadiyyatı, o cümlədən gizli məşğulluq Azərbaycanda ən ciddi problemlərdən biridir: “Bu amil böyük iqtisadi itkilərə gətirib çıxarmaqla yanaşı, ədalətsiz rəqabət mühitinin də formalaşmasına səbəb olub. Çünki mövcud şərtlər daxilində leqal fəaliyyət göstərən biznesin xərcləri daha yüksəkdir, nəinki uçotdan yayınaraq fəaliyyət göstərənlərin”.

Ekspert hesab edir ki, kölgə iqtisadiyyatına qarşı atılan addımlardan qısa müddətə yüksək effekt gözləmək doğru deyil: “Çünki bu, uzunmüddətli bir prosesdir. Son 25 ildə biznesin, sahibkarlıq subyektlərinin uyğunlaşdıqları bir sistemdən uçot və şəffaflığın olduğu tamamilə yeni sistemə keçid heç də asan iş deyil. Təcrübə də göstərir ki, bir çox hallarda leqallaşma biznesin fəaliyyəti üçün çətinliklər yaradır. Çünki biznes subyektlərinin bacarıqları, rəqabətli mühitdə fəaliyyət göstərmək imkanları məhduddur. Amma bu proses istənilən halda davam etdirilməlidir. Burada həm uçotun dəqiqləşdirilməsi, həm də iqtisadiyyatın növbəti dövr üçün inkişaf istiqamətlərinin daha düzgün qiymətləndirilməsi və müəyyənləşdirilməsi amilləri var. Digər tərəfdən, bu, ədalətli rəqabət mühitinin formalaşdırılması, ədalətsiz yanaşmaların aradan qaldırılması üçün vacibdir”.

Gizli məşğulluğun həm dövlətə, həm də vətəndaşlara vurduğu zərər çox böyükdür: “Burada ən böyük çətinlik illeqal əmək bazarının iştirakçıları üçündür. Bu bazarın iştirakçıları sosial müdafiə mexanizmlərindən hər hansı formada yararlana bilmirlər. Bura pensiya təminatından tutmuş, əmək qəzalarından sığortaya qədər bir sıra mühüm təminatlar daxildir. Vergi Məcəlləsinə və ”Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklərdə əsas məqsəd bu istiqamətdə irəliləyişlərin əldə olunmasıdır.  Birinci rübün nəticələrinə baxsaq, vergi yığımlarında  müəyyən artım müşahidə olunur, qeyri-neft sektorunda yığımlarda 18 faiz artım var. Bu, pozitiv istiqamət hesab oluna bilər. Lakin hələlik real iqtisadiyyatda yeni vergi dəyişikliklərinin tam olaraq tətbiq edilməsi mümkün olmayıb. Çünki burada kifayət qədər ciddi məqamlar var və hətta Vergilər Nazirliyinin özü də etiraf edir ki, mövcud infrastrukturla bu, mümkün deyil. Digər tərəfdən, əmək bazarında muzdlu işlə əlaqədar qeydə alınan müqavilələrin sayı ötən ilin eyni dövründəkindən 17,5 min yüksək olub. Bunun bir qismi yeni açılan iş yerləridirsə, bir qismi də məhz əvvəlcədən illeqal mövcud olan əmək münasibətlərinin rəsmiləşdirilməsidir. Amma faiz etibarilə əldə olunan nəticə cüzidir – muzdlu işçilərin sayında cəmi 1,3 faiz artım olub. Hansı ki, dəyişikliklər tətbiq olunarkən çox yüksək gözləntilər vardı. Xüsusilə mülki müqavilə ilə tənzimlənən əmək münasibətlərinin mühüm hissəsinin muzdlu əmək müqaviləsinə keçiriləcəyi gözlənilirdi. Lakin bu sahədə hələlik ciddi dəyişiklik baş verməyib. Bundan əlavə, sadələşmiş vergi ödəyicisi olmaq hüquqları xeyli məhdudlaşdırılıb, lakin bir çox sahibkarlıq subyektləri bu prosesi həyata keçirə bilmirlər. Məsələn, bizdə olan məlumata görə, hələlik iqtisadiyyatın bir sıra subyektləri, o cümlədən qızıl-zinət əşyalarının emalı və satışı ilə məşğul olan müəssisələr sadələşdirilmiş vergi rejimində fəaliyyətlərini davam etdirirlər. Nəticələr gözləniləndən qat-qat aşağıdır, amma müəyyən pozitiv irəliləyişlər də hiss olunmaqdadır”.

Ağır vergi yükünü yüngül etmək lazımdır

Bundan sonra kölgə iqtisadiyyatına qarşı hansı addımların atılmasının gərəkdiyinə gəlincə, P.Heydərov deyir ki, neft-qaz və ondan gələn gəlirlər daimi deyil: “Başqa sözlə desəm, hər an bu gəlirlər dayana bilər. Odur ki, neftdən əlverişli gəlirlilik dövründən iqtisadiyyatın canlanması üçün bundan sonra da maksimum istifadə etmək gərəkir. Vergi dərəcələri əhalinin məhz aşağı gəlirli hissəsinin maraqları nəzərə alınmaqla endirilməli, ödənişə maraq artırılmaqla, əməkhaqlarının getdikcə artmasına – yüksəldilməsinə zəmin açılmalı və ümumiyyətlə, işçidə öz real və gələcək sosial sığortası haqda düşünməsinə, bunda həvəsli olmasına şərait yaradılmalıdır”.

R.Həsənov isə hesab edir ki, kölgə iqtisadiyyatına qarşı mübarizənin effektivliyini artırmaq üçün əsas məsələlərdən biri vergi yükünün əhəmiyyətli dərəcədə azaldılmasıdır: “Düzdür, bu sahədə müəyyən addımlar atılıb. Lakin nəzərə almaq lazımdır ki, Dünya Bankının hesablamalarına görə, Azərbaycanda kommersiya gəlirlərində vergi yükü 39,8 faizə bərabərdir. Müvafiq göstərici Gürcüstdanda 16 faiz, Qazaxıstanda 31 faiz, bizim kimi neft istehsalçıları olan Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə 14-17 faizdir. Yəni ilk görüləsi işlərdən biri biznesin vergi yükünün kəskin şəkildə azaldılmasıdır. Bu zaman itkidən çəkinmək lazım deyil. Dünya Bankının hesablamasına görə, Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisi 60 faizdir. Bu qədər böyük payın leqallaşması vergi yığımlarında kəskin azalmanın qarşısını alacaq, ən azı mövcud səviyyəni saxlamağa imkan verəcək. Vergi yükünün azaldılması investisiyaların cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsi baxımından da çox mühüm rol oynayacaq addım olar. Digər tərəfdən, bu sahədə fəaliyyət göstərən qurumlarda tam şəffaflığın yaradılması, himayədarlığın tamamən aradan qaldırılması və biznesi buna inandırmaq çox vacibdir”. (Musavat.com)

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …