Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / İqtisadiyyat / Dövlət bir daha vətəndaşının yanında olduğunu göstərdi – ŞƏRH

Dövlət bir daha vətəndaşının yanında olduğunu göstərdi – ŞƏRH

Ölkə prezidentinin problemli kreditlərlə bağlı fərmanı 2019-cu ilin ən böyük hadisələrindən biri, bəlkə də, birincisidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Bu, çox tədirəlayiq və alqışlanmalı məsələdir. Bununla yüzlərlə, minlərlə ailələrin intizarına, nigarançılığına və narahatlığına son qoyuldu”, – deyən millət vəkili bir daha xatırladıb ki, problemli kreditlər məsələsi son 4 il ən çox müzakirə edilən, gündəmin ən vacib məsələlərindən biri idi:REKLAM

 “Ötən illər ərzində də hər kəs bununla bağlı öz narahatlığını bildirir, problemin həll olunacağı günü gözləyirdi.

Çünki, 2015-ci ildə ölkənin bank-maliyyə sektorunda yaşananlar 21 fevral və 21 dekabr devalvasiyaları əhalinin banklara olan kredit borclarının ödənilməsində çox ciddi problemlər və sıxıntılar yaratdı. Xüsüsilə, dollarla götürülən kreditlərin ödənilməsində banklarla müştərilər, əhali arasında ciddi narazılıqlar özünü büruzə verməyə başladı.

Çox təəssüflər olsun ki, bu illər ərzində  problemin qarşılıqlı anlaşma şəraitində həlli istiqamətində də banklarla əhali arasında dil tapmaq mümkün olmadı. Beləliklə, problem şişə-şişə getdi və məlum duruma gəlib çıxdı. Ancaq cəmi 3 gün öncə ölkə prezidenti keçirdiyi müşavirədə bir çox vacib məsələlərlə yanaşı, problemli kreditlər məsələsinin də həllinin anonsunu verdi.

Qeyd etdi ki, məsələ üzərində iki aya yaxındır iş gedir və yaxın günlərdə bu istiqamətdə addımlar atılacaq. Cəmi 3 gündən sonra, yəni, bu gün ölkə prezidenti bu istiqamətdə konkret addım ataraq,  problemli kreditlər məsələsinin həlli ilə bağlı tarixi Fərmanını verdi. Bu, bir daha Azərbaycan dövlətinin və dövlət başçısının öz vətəndaşının yanında, onun problemlərinin həllində daim iştirakçı və yardımçı olduğunu göstərdi.

Bu, bir daha Azərbaycan dövlətinin iqtisadi qüdrətini, dövlət rəhbərinin dönməz iradəsini ortaya qoydu…”.

Millət vəkili Kamilə Əliyeva da deyib ki, son fərman Azərbaycan dövlətinin və dövlət başçısının öz vətəndaşlarına növbəti diqqət və qayğısının əyani təzahürüdür:

 “Bu fərmanla 2019-cu ilin cəmi iki ayı ərzində atılan önəmli və mühüm addımların sırasına daha bir əlavə olunmuş oldu.

Bu, bəlkə də, digərlərini kölgə altına almamaq şərti ilə, həmin addımların içərisində ən mühümü, ən vacibi idi. Çünki illərdir problemli kreditlərdən əziyyət çəkən insanlar belə bir addımın atılacağını səbirsizliklə, həm də böyük ümidlərlə gözləyirdilər.

Bu da səbəbsiz, əsassız deyildi. İnsanlar Azərbaycan dövləti və hökumətinin, xüsusilə, ölkə prezidentinin daim öz vətəndaşının yanında olduğunu bilir, görür və bu ağrılı məsələdə də onun yanında olacağına böyük ümidlər bəsləyirdilər.

Bu gün verilən tarixi fərmanla insanlar öz ümidlərində, öz gözləntilərində yanılmadıqlarının bir daha əyani şahidinə çevrildilər. Onlar bir daha əmin oldular ki, arxalarında güclü, qüdrətli Azərbaycan dövləti dayanır, Azərbaycan dövlətinin, ölkə Prezidentinin fəaliyyətinin baş xətti məhz Azərbaycan vətəndaşlarının rahatlığının, sosial-rifah halının yaxşılaşdırılmasının təmin edilməsidir”.   

Millət vəkilinin dediyinə görə, bu fərmanla on minlərlə ailənin, bütövlükdə yüz minlərlə insanın problemli kredit məsələsinə son qoyulmuş oldu. 

Millət vəkili deyib ki,  bütövlükdə 850 minə yaxın insan ölkə prezidentinin problemli kreditlərlə bağlı fərmanından faydalana biləcək.

“İnsanlarımız, problemli kreditlərdən əziyyət çəkən vətəndaşlarımız artıq rahat nəfəs ala və Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da daha böyük şövqlə, daha böyük həvəslə qulluq göstərə bilərlər.

Yəni, Azərbaycan dövləti öz vətəndaşı naminə addım atırsa, Azərbaycan vətəndaşı da öz dövləti, onun inkişafı, güclənməsi naminə addımlar atmalıdır, heç bir tərəddüdə yol verməməlidir.

Bildiyiniz kimi, bu gün ölkəmizin inkişafını, müstəqilliyini həzm edə bilməyən qüvvələr hər adi məsələdən yararlanıb, onu dövlətə qarşı yönəltmək, dövlətlə vətəndaşı arasında etimadsızlıq mühiti yaratmağa ən məkrli vasitələrlə cəhdlər göstərirlər. Özünüz də şahidsiniz ki, əlləri hər şeydən üzülənlər indi də problemli kreditlər məsələsindən öz xeyirlərinə yararlanmaq, siyasi xal, kapital toplamaq, cəmiyyətdə qarışıqlıq yaratmaq istəyirdilər.

Amma, Azərbaycan dövləti onların bu arqumentlərini də əllərindən almış oldu, onların və arxalarında dayananların əllərini yenə havada boş  qoydu, istəklərinin çin olmasına fürsət tanımadı. Və bir daha hər kəsə göstərdi ki, Azərbaycan dövlətindən başqa kimsə Azərbaycan vətəndaşını düşünə və onun qayğısına qala bilməz.

Yalnız Azərbaycan dövləti və dövlət başçısı Azərbaycan vətəndaşının ən böyük dəstəkçisi, ən böyük təminatçısıdır”- deyə, millət vəkili sözlərinə əlavə edib.

Həmçinin oxuyun

“Siyəzən Broyler”dən işçiyə qarşı özbaşınalıq – GİLEY-

“Uşaqlar səhər yuxudan oyanır, yemək istəyir, başa sala bilmirəm ki, nənəni işdən çıxarıblar, 19 illik …