Ana səhifə / İqtisadiyyat / Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.
“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında artan gərginlik, Çin iqtisadiyyatı ilə bağlı qarışıq məlumatlar Asiya səhmlərini və valyutalarını aşağı salıb.

“Brent” markalı neftin bir barelinin 90 dollardan yuxarı qalxması ilə neftdə yüksək qiymətlər geri dönüb. Bu da mərkəzi bankların inflyasiyanı yavaşlatmaq cəhdlərinə mane ola bilər.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, son bir ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır.

O da deyir ki, dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlanma ilə bağlıdır.

“Bu ilin martında Birləşmiş Ştatlarda 303 min əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapazonu, 2 faizə yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də güclənməsi müşahidə olunur”.

Azərbaycanda da dollar bahalaşa bilərmi?

Vüqar Bayramov
Foto: Meydan TV

Vüqar Bayramov bildirir ki, manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

“Göründüyü kimi, bu ildə də neft gəlirləri və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Fərid Mehralızadənin şəxsi arxivindən

İqtisadçı Fərid Mehralızadə dünyada dolların məzənnəsinin yüksəlməsinin dollar manat məzənnəsinə təsir etməyəcəyini bildirir. Deyir, Azərbaycanda məzənnəyə təsir imkanı olan yeganə göstərici enerji gəlirləridir:

“Yəni neft və qaz qiymətləri proqnozdan aşağı olsa, risk yarana bilər. İndiki halda, dolların məzənnəsinin yüksələcəyi görünmür”.

Geosiyasi narahatlıqlar qızıl qiymətlərində də artıma səbəb olub.

“Reuters” yazır   ki, səbəb Yaxın Şərqdəki gərginliklərdir və belə durumda qızıl təhlükəsiz liman sayılır.

Beləliklə, spot qızıl 0,9 faiz bahalaşıb və saat bir unsiya üçün 2 365,09 dollara çatıb.

İqtisadçı Natiq Cəfərli düşünür ki, dünyada qızılın qiymətinin kəskin qalxması yaxşı əlamət deyil. Onun sözlərinə görə, tarixən böyük müharibələrdən, təlatümlərdən, böhranlardan öncə qızılın qiyməti kəskin artır, çünki qızıl həmişə böhranlar zamanı “güvənli liman” rolunu oynayıb.

Natiq Cəfərli
Foto: Meydan.TV

“Yeganə obyektiv iqtisadi səbəb kimi onu demək olardı ki, ABŞ Mərkəzi Bankı (FED) yaxın zamanlarda uçot dərəcəsini aşağı çəkməyə başlayacaq, deməli dünyada yenidən “ucuz” və uzunmüddətli pullar yaranacaq, kredit faizləri aşağı düşəcək, sərbəst vəsaitin bir qismi birjalara, səhm bazarına və qızıla gedəcək – yəni, iqtisadi səbəb tək budur, və ya, bu ola bilərdi, amma görürük ki, ABŞ-da inflyasiya düşmür, deməli, FED sürətlə faiz endirməyəcək və ya faiz endiriminin həcmi və dinamikası kiçik olacaq. Başqa sözlə, qızılın qiymətinin belə kəskin artmasında FED-in təsirləri azdır, hətta yox kimidir”.

İqtisadçı bildirir ki, qızılın qiymətinin kəskin artması daha çox risklərlə bağlıdır. Geosiyasi risklər, müharibələrin daha da alovlanması riskləri və ən vacibi, böyük iqtisadi böhranın qapıda olması riski – bütün bunlar “güvənli liman” kimi qızılı önə çıxarır:

“Daha öncə də demişdim ki, dünyada pandemiyanın cinayətkarcasına idarə edilməsi, 17-18 trilyon dollar pul çap edib dünyaya səpilməsi, iqtisadiyyatın bilərək çökdürülməsi, logistik xətlərin dağıdılması böyük müharibələrə, ciddi iqtisadi böhrana səbəb olacaq. Qızıl qiymətləri isə böhranın daha da dərinləşəcəyinin xəbərçisidir. Çıxış yolu isə yeni qlobal masadan, Dünyanın yeni təhlükəsizlik konsepsiyasının qurulmasından keçir”.

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …