Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Dollar bazara çıxsa, manat neçə olar? – ŞƏRH

Dollar bazara çıxsa, manat neçə olar? – ŞƏRH

“Bu gün manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı, bu gün manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı”.

Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. 

Elman Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank imkan versə, dollar 1.70 manatdan çox aşağı düşə bilər. 

Maraqlıdır, Mərkəzi Bank imkan versə, dollar əslində neçə manat olar? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli Mərkəzi Bankın imkan verəcəyi təqdirdə dolların qiymətinin 5 manatdan aşağı olmayacağını vurğulayıb:

“Biz vətəndaş olaraq da bu prosesi müşahidə edirik. Əslində ölkənin valyutasının məzənnəsinə real şəkildə təsir edən amillər ölkənin daxili istehsalı və xarici ticarət balansı olmalıdır. Manatın məzənnəsinə təsir edəcək xarici ticarət balansını tapmaq üçün oradan xammal və təbii sərvətləri çıxırıq. Bu, o deməkdir ki, Azərbaycanın ticarət balansında neft və qaz ixracını çıxandan sonra yerdə qalan ticarət balansını qarşılaşdırsaq, bizdə xarici ticarət balansında kifayət qədər böyük defisit yaranır. O ölkələrdə valyutanın möhkəmlənməsi müşahidə olunur ki, orada ölkənin xarici ticarət balansında defisit yox, profisit, yaxud  ən azı bərabərlik olsun. İkinci amil ölkənin daxili istehsalıdır. Daxili istehsalı biz necə müşahidə edə bilərik? Məsələn, adi vətəndaş olaraq gündəlik istifadə etdiyimiz məhsullara baxırıq. O məhsulların hansı Azərbaycanda istehsal edilib? Vətəndaşın istifadə etdiyi məhsulların hazırda böyük əksəriyyəti idxal məhsullarıdır. Yəni ölkənin yerli istehsalı yerli tələbatının ən azı 90 faizini ödəyə bilmirsə, burada artıq valyutanın məzənnəsinin möhkəmlənməsindən söhbət gedə bilməz. Elman Rüstəmovun dediyinə gəldikdə isə valyutanın sabit saxlanması və ya möhkəmləndirilməsi üçün bu da bir üsuldur. Amma bu, elə bir üsuldur ki, sanki xəstə ölümə məhkumdur və onu zorla yaşatmaq istəyirlər. Elman Rüstəmov deyir ki, Neft Fondundakı vəsaiti bazara çıxarsaq, manatın məzənnəsi möhkəmlənər. Niyə bazara çıxarılmalı, niyə satılmalıdır? Onun satılması böyük israfdır. Elə təsəvvür edin ki, bazara çıxarılıb hərracda satılan dollar büdcədən götürülüb havaya sovrulur. Yəni manatın məzənnəsinin sabit qalması üçün bazara çıxarılan pulun hamısı izafi xərcdir. Həmin valyutanı əgər real sektora yönəltsələr, müəyyən islahatlar həyata keçirsələr, biz müəyyən müddət sonra görəcəyik ki, manatın məzənnəsi özünü tənzimləyir. Çox təəssüf ki, buna getmirlər”. 

Ekspert bildirib ki, sərbəst buraxısa, məzənnə 1.70 manatdan çox olar:

“Çünki manat xərc olaraq inflyasiyaya uğrayır. Keçən il bu vaxt aldığımız məhsulla bu il aldığımız məhsul arasında böyük fərq var. Bu, o deməkdir ki, manat infilyasiyaya uğrayır. Amma onun digər valyutalara münasibətdə məzənnəsini hökumət süni şəkildə tənzimləyərək sabit saxlayır. Əgər Mərkəzi Bank imkan versə, dollar 5 manatdan yuxarı olar. Amma bunu dəqiqləşdirmək üçün xüsusi iqtisadi hesablamalar aparmaq lazımdır. Tam əminəm ki, bir dollar beş manatdan yuxarı olar. Səbəbləri də dedim. Sadəcə olaraq bazara valyuta ataraq onun məzənnəsini sabit saxlayırlar. Əslində bu valyuta bizim ixrac eləyəcəyimiz məhsulların qarşılığında gəlməlidir. İxrac olmadığına görə yalnız hökumətin satdığı neft və qaza görə dollar gəlir. Halbuki sahibkarlara şərait yaradılmalıdır”. 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …