Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / İqtisadiyyat / Deputatların maaş və pensiya oyunları – RƏQƏMLƏR

Deputatların maaş və pensiya oyunları – RƏQƏMLƏR

Deputatların maaş artımı barədə yazmışdım. Həmin yazıya yalnız Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili münasibət bildirdi. Müxtəsər, münasibət ondan ibarət idi ki, deputatların rəsmi qazancı əslində guya cəmi 33% artıb. Bu rəqəm də az deyil, amma reallıqda artım daha çoxdur, təxmini 40%. Gəlin birgə hesablayaq. Özü də yalnız maaşı yox, deputatların pensiyasını da. Orada da maraqlı məqamlar var. Ən azı təəccüblənəcəksiz! Spiker, onun müavinləri, komitə sədrləri və s. vəzifəli deputatların qazancını ayrıca incələməyəcəyəm. Təbii, onların qazancı sıravi deputatdan çoxdur. Elə sıravi deputatın rəsmi qazancı və pensiyasını təhlil edək, kifayətdir.

1. Deməli, cari ilin 1 iyul tarixinədək “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinə əsasən deputatlarımızın əlinə aldıqları xalis qazanc 3903,13 manat təşkil edirdi. Belə ki:

– Deputatın vəzifə maaşı 1732,5 manat idi (spikerin vəzifə maaşının 70%-i);

– Vəzifə maaşının bir misli həcmində əlavə də alırdı, yəni 1732,5 manat;

– Nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il iki aylıq vəzifə maaşı məbləğində müavinət alırdı, yəni il ərzində 3465 manat, bu da ayda 288,75 manat edirdi;

– Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş məzuniyyət haqqından əlavə məzuniyyətdə olduğu zaman müalicə olunması və istirahət etməsi üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət alırdı (“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 29-cu maddəsinə əsasən), yəni il ərzində 3465 manat, bu da ayda 288,75 manat edirdi;

– Deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 50%-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırdı, yəni 866,25 manat.

Beləliklə, deputatın rəsmi aylıq cəmi gəliri 4908,75 (1732,5+1732,5+288,75+288,75+866,25) manat təşkil edirdi.

Bu məbləğdən təbii ki, məcburi tutulmalar olurdu:

– Sonuncu 866,25 manat istisna olmaqla qalan məbləğdən (4042,5 manat) gəlir vergisi. Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən 2500 manatdan 14% (350 manat), 1542,5 manatdan isə 25% (385,63 manat) vergi tutulurdu. Cəmi 735,63 manat;

– “Sosial sığorta haqqında” Qanunun 14.3.2-ci maddəsinə əsasən cəmi gəlirin (4908,75 manat) 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı – 147,27 manat;

– “Tibbi sığorta haqqında” Qanunun  15.10.1.2-ci maddəsinə əsasən cəmi gəlirin (4908,75 manat) 2%-i miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı – 98,18 manat;

– “İşsizlikdən sığorta haqqında” Qanunun 9.0.2-ci maddəsinə əsasən cəmi gəlirin (4908,75 manat) 0,5%-i miqdarında işsizlikdən sığorta üzrə sığorta haqqı – 24,54 manat.

Beləliklə, cəmi tutulmalar 1005,62 manat təşkil edirdi.

Beləliklə, iyulun 1-dək deputat əlinə xalis 3903,13 (4908,75-1005,62) manat alırdı.

2. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən deputatın vəzifə maaşı 2485 manat oldu. Vəzifə maaşının iki misli həcmində də əlavə alacaq, yəni 4970 manat. Digər əlavələr ləğv olundu. Beləliklə, deputatın aylıq cəmi gəliri hazırda 7455 (2485+4970) manat təşkil edir.

Bu məbləğdən məcburi tutulmalar aşağdakı kimidir (yuxarıdakı qanunlara istinadları daha təkrarlamıram):

– Cəmi gəlirin (7455 manat) 2500 manatından 14% (350 manat), 4955 manatından isə 25% (1238,75 manat), cəmi 1588,75 manat gəlir vergisi;

– Cəmi gəlirin (7455 manat) 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı – 223,65 manat;

– Cəmi gəlirin (7455 manat) 2%-i miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı – 149,1 manat;

– Cəmi gəlirin (7455 manat) 0,5%-i miqdarında işsizlikdən sığorta üzrə sığorta haqqı – 37,28 manat.

Beləliklə, cəmi tutulmalar 1998,78 manat təşkil edir.

İyulun 1-dən deputat əlinə xalis 5456,22 (7455-1998,78) manat alır. Deməli, 3903,13 manat əvəzinə hazırda 5456,22 manat alır (təbii, spiker, onun müavinləri, komitə və komissiya sədrləri və müavinləri daha çox alır, məsələn, spiker təxmini 7800 manat). Bu isə 39,79%, yəni təxmini 40% artım deməkdir. Tahir Mirkişilinin dediyi kimi 33% deyil! Biz gizli saxlanılan qanun layihəsini yalnız dərc olunandan sonra tələsik hesablamalarımızda səhvə yol verə bilərik. Amma qanunu qəbul edənlər, layihələri guya aylarla müzakirə edənlər səhv etməməlidir!

İndi təsəvvür edin ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri (!) deputatların maaş artımını dəqiq bilmirsə (amma digərlərindən fərqli olaraq heç olmasa hesablayır, reaksiya verir, rəy bildirir), bu deputatlar qanunları, o cümlədən iqtisadiyyatımıza təsir edən (büdcə, vergi və s.) qanunları necə qəbul edirlər?! Layihələrə necə baxırlar, təhlil edirlərmi, başa düşürlərmi və s.? Yoxsa sadəcə düymə basmaqla məşğuldurlar? Heç olmasa “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tələb olunan qanun layihələrinin əsaslandırmasını dərc etsinlər (necə ki, sivil parlamentlər bunu edir). Ən azı layihələrin hamısını qabaqcadan dərc etsinlər. Özləri başa düşmürsə, biz izah edək!

3. Yeri gəlmişkən, Tahir Mirkişili qeyd etmişdi ki, deputatların maaşından həmkarlar ittifaqına da haqq tutulur. Bildiyim qədər, bu əmək haqqının 2%-dir. Yuxarıdakı hesablamadakı faiz nisbətinə bu, hər bir halda təsir etmir. Çünki əvvəlki gəlirdən də, mövcud gəlirdən də eyni faiz dərəcəsi ilə haqq tutulur. Əvəzində isə deputatlar həmkarlar ittifaqından istirahət mərkəzlərinə “putyovka”lar və s. alırlar. Axı deputatların sırasında Həmkarlar İttifaqları Konfederasiyasının sanki yerinə mismarlanmış sədri Səttar Möhbalıyev də var. Təbii, digər qurumlarda çalışan (təhsil alan) və Konfederasiyaya haqq ödəyənlərin xeyli hissəsi heç vaxt əvəzində bir şey görmür, amma deputatlar təbii, görür, özü də daimi əsaslarla!

Nəinki bütün dövlət qurumlarında və bəzi özəl müəssisələrdə (mühasiblərinin maymaqlığı səbəbindən) işləyənlərin maaşından, hətta tələbələrin də təqaüdündən məcburi qaydada həmkarlar ittifaqında haqq tutulur. Halbuki, qanuna görə könüllü olmalıdır (tələbəlikdən bilirəm ki, bir qayda olaraq, heç kəs həmkarlar ittifaqına ərizəsi ilə könüllü üzv olmur)! Bu barədə ayrıca yazı dərc edəcəyəm.

Burada isə əsas odur ki, sən demə, deputatlarımızın da həmkarlar təşkilatı var imiş! Görəsən rəhbəri kimdir? Deputatları hansı işəgötürənlə münasibətlərdə təmsil edir və qoruyur? Tam cəfəngiyatdır əlbəttə! Amma bunu (həmkarlar ittifaqına ödənilən haqqı) da bizə deputatların gəlirindən məcburi ödəniş kimi təqdim edirlər.

4. “Əmək pensiyaları haqqında” Qanunda “Qulluq stajına görə əmək pensiyasına əlavələr” adlı 20-ci maddə var. Həmin maddəyə görə dövlət sektorunda çalışanların bir qismi pensiyaya əlavələr alır. Onların sırasında deputatlar ən əlverişli imtiyaza malikdir. Belə ki, pensiyada olan sabiq deputatlara (vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə)  fəaliyyətdə olan deputatların əmək haqqının, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80%-i miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Başqa sözlə, sabiq deputatlar mövcud deputatların aldığı əmək haqqının 80%-ni pensiya kimi alır. Məsələn, pensiyada olan müəllim və ya həkimin pensiyası fəaliyyətdə olan müəllim və həkimin aldığı əmək haqqına bağlı deyil. Amma deputatın pensiyası bağlıdır. Buna görə də deputat maaşının artması sabiq deputatların da pensiyasının artması deməkdir! Yəni deputatlarımız qanunlar özləri üçün əlahiddə imtiyaz yaradıblar. İndi necə inanaq ki, bunlar xalq adından və xalq üçün qanunlar qəbul edir?

Amma məsələ bununla da bitmir. Deputatların son maaş artımı pensiyaya 40%-dən də çox təsir edəcək. Çünki, məsələn, deputatların əvvəllər deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergilərdən azad olunan 866,25 manat məbləğində aldıqları aylıq pul təminatı əmək haqqı anlayışına daxil deyildi, buna görə də pensiya hesablananda nəzərə alınmırdı. Həmin məbləği (əvvəlki gəlirin təxmini 18%-i) nəzərə almadan sabiq deputatların pensiyası 50%-dən çox artıb! Beləliklə də, deputatların “vergi güzəştlərimizi də ləğv etmişik” arqumenti reallıqda pensiyalarının daha çox artmasına gətirib!

Deputatlarımızın pensiya hərisliyi isə hətta lətifə predmeti ola bilər. Belə ki, qeyd etdiyim kimi, mərhum deputatın sözügedən pensiyasını ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri alır. Yəqin, düşünürsüz ki, bu pensiyanı uzaqbaşı onların həyat yoldaşı alır, elə? Axı deputatların, bir qayda olaraq, yetkinlik yaşına çatmayan övladları olmur! Səhv edirsiz! Söz gəzir ki, bəzi deputatlar (o cümlədən sabiqlər) övladlığa uşaq götürür ki, pensiyasını vəfatından sonra o ala bilsin. Bir qayda olaraq, qohum olan uşaqları. Hətta nəvələrini də. Bunu araşdırıb ictimaiyyətə məlumat verməyi isə artıq mətbuatın öhdəsinə buraxıram…

P.S. Təbii ki, heç kəs deputatların əksəriyyətinin rəsmi maaşla dolanmasına inanmır. İnanmalı da deyilik. Çünki şəffaflıq yoxdur. Deputatlar və məmurlar gəlir və xərc bəyannamələri vermir, daşınmaz əmlak və kommersiya hüquqi şəxslərinin reyestrləri qapalıdır, dövlət satınalmaları və güzəştli dövlət kreditləri qeyri-şəffafdır və s. və i.a. Çünki deputatlar müvafiq qanunları qəbul etmir. Sonra da deyirlər ki, guya xalq adından və xalq üçün çalşırlar. Buna görə də bizə yalnız onların rəsmi qazanclarını hesablamaq (səhv varsa, dəlilli bildirilsin!), qeyri-rəsmi gəlirləri haqda isə fərziyyələr qurmaq qalır…

Əkrəm Həsənov, ekspert

Həmçinin oxuyun

“Aİ-95 1 manat 60 qəpik olmalıdır”

İqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizdə Aİ-95 premium markalı benzinin …