Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / “DAŞINMAZ ƏMLAKA YATIRIM ETMƏYİN ƏSL VAXTIDIR” – Ekspert Günay İsgəndərova

“DAŞINMAZ ƏMLAKA YATIRIM ETMƏYİN ƏSL VAXTIDIR” – Ekspert Günay İsgəndərova

Koronavirus pandemiyası fonunda müşahidə edilən iqtisadi böhranın yaratdlığı problemlərdən biri də insanların malik olduqları maliyyə vəsaitlərini qorumaqda çətinlik çəkməsidir. Belə ki, bu cür böhranlarda milli valyutaların dəyərsizləşməsi, bankların müflisləşməsi, bizneslərin çökməsi kimi nəticələr adi hal aldığından mövcud maliyyə vəsaitlərinin hansı formada saxlanılması, yaxud onların dəyərsizləşməməsi üçün nəyə yatırım edilməsi kimi suallar aktuallaşır.

“AzPolitika.info”-ya açıqlama verən daşınmaz əmlak bazarı üzrə ekspert, “Qiymətləndirmə Xidməti Mərkəzi”-nin rəhbəri Günay İsgəndərova qeyd edib ki, nə qədər qəribə də olsa, koronavirusla bağlı yaranan hazırkı böhran daşınmaz əmlaka yatırım üçün əlverişli şərait yaradıb: “Hazırda daşınmaz əmlaka yatırım etməyin əsl vaxtıdır. Düzdür, ümumi iqtisadi geriləmə fonunda gəlirlərin azalması daşınmaz əmlak bazarındakı dövriyyəni də zəiflədə bilər. Lakin orta və uzunmüddətli perspektivdə daşınmaz əmlaka yatırılan investisiya qısamüddətli şoklardan qorunmanın ən yaxşı yollarından biri ola bilər. Qısamüddətli perspektivdə normal gəlirli biznesin bərpa edilməsi və qurulması problemli göründüyündən daşınmaz əmlaka qoyulan yatırımlar əldə olan kapitalın sığortalanması effekti daşımış olur. Bundan əlavə, banklar da biznes kreditləri portfelinin zəifləməsi ilə üzləşə bilərlər ki, bu zaman həmin portfelin ipoteka kreditlərinə yönləndirilməsi mümkündür”.

Ekspertin fikrincə, bu böhrandan bir çox biznes sahələrinin böyük ziyanla çıxacağı, hətta müflis olacağı gözlənilsə də, daşınmaz əmlakın dəyərdən düşməsi perspektivi gözlənilmir. Əksinə, adətən bu cür böhrandan sonrakı dövrlərdə əmlakın bahalaşması tendensiyası müşahidə olunur: “Pandemiya ilə bağlı hazırda dünya iqtisadiyyatını bürümüş böhran mahiyyət etibarı ilə tələbin süni şəkildə azaldılmasına bağlıdır. Dünyanın əksər ölkələrində karantin rejimləri bitdikdən sonra ortamüddətli perspektivdə tələb bərpa olunmağa başlayacaq və iqtisadiyyat yavaş-yavaş da olsa, öz normal məcrasına dönəcək. Sözsüz ki, bu böhrandan daha çox itki ilə çıxan və hətta iflasa uğrayan biznes sahələri olacaq. Lakin daşınmaz əmlak bazarının ciddi ziyan görəcəyini gözləməyə dəyməz. Dünya iqtisadi fəaliyyət tarixinə nəzər saldıqda görərik ki, son onilliklər ərzində dünya əhalisinin (xüsusilə də inkişaf etmiş dövlətlərdə) gəlirlərinin artımında ciddi sıçrayış baş verməsə də, varlı kəsimin varidatı çoxalıb. Məsələn, əgər sizin Parisdə bir eviniz və ya Nyu-Yorkda torpağınız varsa, illər sonra bu əmlakın dəyəri inanılmaz dərəcədə artır. Təbii ki, bu halda varidatın gəlirliliyi həm əmlakın bazarda realizasiyasından əldə edilmiş gəlir vasitəsi ilə, həm də rentanın artması ilə təmin edilir”.

G.İsgəndərova sonda qeyd etdi ki, ölkəmizdə də böhran dövrlərində daşınmaz əmlakın satışı problemli görünsə də, həmin dövrdə həm kapitalın saxlanılması, həm də böhrandan sonra gəlirin təmin olunması baxımından əmlaka yatırım edilməsi ən optimal variantdır: “Böhran dövrlərində daşınmaz əmlak likvidlik problemi ilə üzləşsə də, məhz bu dövrlər üçün sərbəst kapitalın sığortalanmasının ən yaxşı yolu daşınmaz əmlaka yatırımların edilməsidir”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …