Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / DAK dünya azərbaycanlılarına müraciət etdi: “Atəşkəs daimi ola bilməz!”

DAK dünya azərbaycanlılarına müraciət etdi: “Atəşkəs daimi ola bilməz!”

İllərdir Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkir. Erməni terror təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib, Dağlıq Qarabağ və ətraf bölgələrdəki şəhər və kəndlərimiz yerlə-yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb, bir milyondan artıq qaçqınımız var. Bu illər ərzində beynəlxalq təşkilatların çağırışına və beynəlxalq hüquqa hörmət olaraq məsələnin sülh yolu ilə həllinə üstünlük verən Azərbaycan Respublikası 25 ildən artıqdır ki, Ermənistan tərəfinin təxribatlarına rəğmən birtərəfli şəkildə atəşkəsə əməl edir. 1994 – cü ildən rəsmi atəşkəs elan olunmasına baxmayaraq Ermənistan qoşunları və onların Dağlıq Qarabağdakı ekstremist hərbi birlikləri tərəfindən mütəmadi olaraq  atəşkəs dəfələrlə pozulub, rəsmi müharibə olmasa da bu müddət ərzində də çoxlu əsgər itkimiz olub.
Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq bu aktlardan irəli gələn vəzifələr indiyədək beynəlxalq qurumlar tərəfindən icra edilməmişdir. Ermənistan işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışları yalnız kağız üzərində qalmışdır. Bu məqsədlə yaradılmış ATƏT-in Minsk qrupu məsələnin həlli yolunda heç bir  imkandan istifadə etməmiş, Ermənistanın  hərbi təcavüzü qarşısında beynəlxalq hüququn prinsiplərinə zidd olaraq ona gərəkən təzyiqi göstərməmişdir. İşğalçı  Ermənistan öz  havadarlarına arxalanaraq yenə də bu siyasətini davam etdirir , işğal faktını unutduraraq Dağlıq Qarabağı müstəqil erməni təşkilatı kimi tanıtdırmağa çalışır.  Lakin son günlər Azərbaycan Ordusu qoşunların təmas xəttində düşmənin növbəti təxribatına layiqli  cavab  verdi, öz döyüş bacarığını və potensialını göstərərək az vaxt ərzində bir  neçə strateji nöqtəni, müəyyən ərazilərimizi azad edərək düşmənə ağır tələfat verdirdi.
Son günlərdə baş verən hadisələr  Azərbaycan xalqının iradəsinin heç bir savaşla və terrorla qırmağın mümkün olmadığını göstərdi. Bəlli oldu ki, Azərbaycan ordusu 25 il öncənin ordusu deyil və istənilən vaxt torpaqlarımızı düşmən işğalından  azad edə bilər. Biz yenidən milli birliyimizin, xalqla ordunun birliyinin, millətin böyük səfərbərlik gücünün şahidi olduq. Dünyanın müxtəlif guşələrindən Azərbaycanın haqq işini müdafiə edən səslər yüksəldi. Güney Azərbaycanda keçirilən mitinqlər milli birliyimizi bir daha nümayiş etdirdi.
Biz Dünya Azərbaycanlıları Konqresi olaraq  Azərbaycan dövlətinin Dağlıq Qarabağ  siyasətini müdafiə edir və son günlərdə  erməni işğalçılarına verilən layiqli cavabı dəstəkləyir və davamını diləyirik.
Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı Vətənimizə dəstək aksiyaları keçirməyə və Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməyə çağırırıq.
İşğal edilmiş bütün torpaqlarımızın azad edilənə, milyondan artıq qaçqın və köçkünümüz öz yurdlarına qayıdana qədər bu mübarizə davam edəcəkdir!
DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın