Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / DAHA BİR TENDER – Yenə Abşeron, yenə “MSDIS Holdıng”…

DAHA BİR TENDER – Yenə Abşeron, yenə “MSDIS Holdıng”…

Azərbaycanda tender və dövlət satınalmaları mövzusu hələ də iqtisadiyyat və dövlət büdcəsi üçün ağrılı mövzu olaraq qalır və əksər hallarda bu tenderlər hamıya məlum olan “ənənəvi qaydada” keçirilir. Belə ki, dövlət qurumlarının çoxu tenderləri xərcləri şişirdərək, özlərinə yaxın şirkətlərə verir və iqtisadiyyatda azad rəqabət mühitinin formalaşmasına öz mənfi təsirlərini davam etdirirlər.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyi yaşayış binalarında quruculuq-bərpa işlərinin satınalınması üzrə tenderin nəticəsini açıqlayıb. Belə məlum olub ki, növbəti dəfə tender “MSDIS Holdıng” MMC-yə verilib. Bu dəfəki alış-verişin qiyməti 359091 manat olub. Şirkətin bu məbləğin qarşılığında görəcəyi iş isə “su axıdan qıfın sökülməsi”, “sahənin inşaat tullantılarından təmizlənməsi”, “inşaat tullantılarının 15 km məsafəyə daşınması” kimi işlərdir.

Bu, cari ildə Abşeron Rayon İcra Hakimiyyətinin sözügedən şirkətə verdiyi ilk tender deyil. Belə ki, bundan öncə eyni qurum Xırdalanda abadlıq işlərinin satın alınması ilə bağlı elan etdiyi 1.362 milyon manatlıq tenderi də bu şirkətə verib. 

Məlumat üçün bildirək ki, “MSDIS Holding” MMC 10 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 572 500 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyaz Oktay oğludur. Şirkət yarananda nizamnamə kapitalı 20 000 AZN, şirkətin qanuni təmsilçisi isə Yusifov Sərdar İbrahim oğlu olub. Yaranandan 3 ay sonra isə şirkətdə dəyişiklik edilib. Həm nizamnamə kapitalı artırlıb, həm də qanuni təsisçisi dəyişib. Ardınca bu şirkət Daşkəsən rayonunun ərazisində yerləşən mövcud “Daşkəsən” yarımstansiyasının yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan edilən 15 milyon 558,3 min manatlıq tenderin qalibi olub. Həmçinin, “Azərişıq” ASC ilə 116 489.6 AZN-lik tender müqaviləsi bağlanıb.

“Dövlət satınalmaları haqqında” Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması vacibdir. Görünür, qısa müddətdə hansısa “möcüzə” nəticəsində sözügedən şirkət bütün bunlara nail olub…

Ümumiyyətlə, bu şirkət yeni yaradılmasına baxmayaraq, birdən-birə bir neçə milyonluq tenderlər qazanıb. Azərbaycan reallıqları nəzərə alındıqda, bunun sırf şirkətin iş bacarığı, peşəkarlığı və s. ilə bağlamaq sadəlövhlük olardı…

Abşeron Rayon İcra Hakimiyyətinə gəlincə, xatırladaq ki, onun başçısı İradə Gülməmmədovadır. O, 2015-ci ildən bu vəzifədədir və adı ən çox korrupsiyada hallanan icra başçılarındandır. 2020-ci ilin iyun ayında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs olunub. Lakin A.Əliyevin yaxınları rayondakı korrupsiya əməllərinin başında icra başçısının durduğuna dair ölkə rəhbərliyinə açıq müraciət ünvanlayıb… AzPolitika.info

Həmçinin oxuyun

“Ərzaq məhsullarının qiymətinin artımı davam edəcək”

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. …