Azərbaycana xaricdən kərə və duru yağların idxalı azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 47 milyon 19 min dollar dəyərində 8 min 501 ton kərə yağı idxal olunub.
Ötən ilin eyni dövründə Azərbaycana 61 milyon 187 min dollar dəyərində 10 min 777 ton kərə yağı idxal edilmişdi.
Beləliklə, kərə yağı idxalı dəyər ifadəsində 23,1 %, miqdar ifadəsində 21,1 % azalıb.
2023-cü ilin ilk 6 ayında Azərbaycana 89 milyon 16 min dollar dəyərində 65 min 424 ton bitki yağları idxal olunub.
Keçən ilin eyni dövründə Azərbaycana 138 milyon 614 min dollar dəyərində 82 min 324 min ton bitki yağları idxal olunmuşdu.
Beləliklə, bitki yağlarının idxalı dəyər ifadəsində 35,8%, miqdar ifadəsində 20,5% azalıb.
Maraqlıdır, bu il kərə və duru yağların idxalının azalmasına səbəbi nədir?
Cebhe.info-ya açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, vətəndaşlar sosial vəziyətlərindən dolayı az yağ alırlar:
“Hökumətin vəzifəsi odur ki, azad bazar iqtisadiyyatını inkişaf etdirsin, normal rəqabət şəraiti yaratsın. Bunun da nəticəsində keyfiyyət qalxsın, əhali ucuz mal alsın.
Lakin yağ idxalının azalması sosial durumla da bağlı ola bilər. Belə ki, insanlar sosial vəziyyətinə görə yağı az alırlar. Buna görə də idxal azalıb. Bütün hallarda yerli məhsula üstünlük vermək lazımdır.
Xaricdən də ölkəmizə normal, təmiz yağ istehsal olunur. Bununla belə, yerli yağlarda problemlər yaşanır. Hökumət elə bir şərait yaratmalıdır ki, qiymət aşağı düşməli, yağa təlabat artmalıdır. Bunlarla yanaşı, keyfiyyətin də qalxmasına önəm verilməlidir”.