Cümə , Fevral 26 2021
Ana səhifə / İqtisadiyyat / Çörək bahalaşmayacaq, amma…

Çörək bahalaşmayacaq, amma…

Azərbaycan hökuməti buğda və unun ixracına əlavə rüsumların tətbiq olunması, həmçinin satılan hər 1 ton una görə 35 manat dövlət subsidiyasının ödənilməsi ilə ölkədə çörəyin və unun bahalaşmasının qarşısını almağı hədəfləyib.  Məlumdur ki, həm buğda, həm un dekabrdan bəri xeyli bahalaşıb: unun 50 kq-lıq bir kisəsində 2-3 manata yaxın artım var. Lakin dünya bazarında buğdanın bahalaşmasının davam etməsi hökumətin unun və ondan sonra da çörəyin qiymətinin bundan sonrakı bahalaşmasını önləmək üçün addımlar atmasına səbəb olub.

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, dünyada ərzaq bahalaşır və bu özünü xüsusən taxıl məhsullarında – buğdada göstərir: “Bu səbəbdən də ölkəmizdə də ilin ortasına doğru un və un məhsullarının qiymətlərinin artacağı gözlənilirdi. Onsuz da yanacağın və suyun qiymətlərinin artması buna əlavə zəmin yaratmışdı. Üstəlik, buğda sarıdan idxaldan asılı olduğumuz üçün dünyada qiymətlərin qalxması da bunu qaçılmaz edəcəkdi. Odur ki, hökumət qabaqlayıcı addım atmalı idi və atdı da…

Nazirlər Kabineti məlum qərarı verib. Lakin  hesab edirəm ki, bir şey ki, idxaldan asılıdır və üstəlik, dünya bazarlarında onun qiyməti qalxır, həmin məhsulun dəyərini uzun müddət olduğu kimi saxlamaq mümkün deyil. Odur ki, subsidiya yolu ilə bazarda sabitliyi qoruyub saxlamaq müvəqqəti xarakter daşıyır. Bundansa neçə illərdir ki, ölkə daxilində bu sahədə istehsalı və tədarükü artırmaq qayğısına qaldığımız halda, nəyə görə hələ də idxaldan asılı olduğumuz araşdırılsa yaxşıdır”.

Pərviz Heydərov ile ilgili görsel sonucu

Pərviz Heydərov

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda un istehsalında ciddi artım var. 2018-ci ildə 1 milyon 603 min 133 ton olan istehsal 2019-cu ildə 1 milyon 806 min 69 tona yüksəlib. Daha 88 min 453 ton un isə xaricdən idxal olunub.

Ərzaq balansından aydın olur ki, 2019-cu ildən 2020-ci ilə 468 min 709 ton un ehtiyatı keçib. 2020-ci ildə buğda istehsalının və idxalının azalması şəraitində cari ilə xeyli az un qalığı ilə keçdiyimizi söyləyə bilərik. 

Unun istehlakına gəlincə, bu göstərici 2019-cu ildə çörək və sair un məhsullarının istehsalında 979 min 362 ton, ərzaq məhsulu kimi istifadədə 838 min 87 ton təşkil edib. Mal-qar və quş yemi kimi illik istehlak isə 2018-ci ildəki 25 min 150 tondan 2019-cu ildə 27 min 417 tona çatıb.

Aydın Vəliyev ile ilgili görsel sonucu

Unun hər kiloqramına 3.5 qəpik təşkil edcək dövlət subsidiyası müəyyən müddətdə çörəyin qiymətini sabit saxlamağa imkan verəcək. Lakin undan istehsal olunan digər məhsulların, xüsusilə də makaron məmulatlarının qiymətində buna nail olmaq mümkün deyil. Çünki bu məmulatların çox böyük hissəsini Azərbaycan xaircdən idxal edir. Rəsmi məlumata əsasən, 2019-cu ildə ölkədə ərzaq məhsulu kimi istehlak olunan 15 min 664 ton makaron məmulatlarının 13 min 332 tonu xaricdən idxal olunub. Ölkədə bu məhsulların istehsalı 2015-ci ildəki 9 min 248 tondan 2019-cu ildə 4 min 77 tona düşüb. Bu, ikiqat azalmadır. Yerli istehsalın belə azalması idxalın artması ilə müşayiət olunub: həmin dövrdə idxal 9 min 54 tondan 13,3 min tona qədər artıb. Bu isə o deməkdir ki, buğdanın bahalaşması ilə xarici istehsalçılar da qiyməti artıracaqlar.

Onu da qeyd edək ki, buğdanın bahalaşması xüsusilə quşçuluqda ciddi qiymət artımına rəvac verə bilər. Nəzərə alsaq ki, 2020-ci ilin payızında quşçuluqda əsas paya malik soya mənşəli yem və yem əlavələrinin də qiymətində ciddi bahalaşma gedib, taxıl mənşəli yemlərin də bahalaşması bu sektor üçün ciddi problemlər yarada bilər. Belə ki, sənaye üsulu ilə istehsal olunan hər1 kq quş ətinin maya dəyərinin 65 faizini, yumurtanın maya dəyərinin 70 faizdən yuxarısını məhz yem və yem əlavələri təşkil edir.

Aydın Vəliyev ile ilgili görsel sonucu

Xatırladaq ki, quşçuluqla məşğul olan sahibkarlar hökumətə ölkəyə idxal olunan yem və yem əlavələrinin idxalının ƏDV-dən azad olunması barədə təkliflə müraciət ediblər. Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin mətbuata verdiyi məlumata görə, xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40 faiz) bahalaşıb: “Bizim istehsalçılar yem və yem əlavələrinin çox mühüm hissəsini xaricdən idxal edirlər, çünki yerli istehsal çox cüzidir. Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir. Eyni zamanda yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin”.

Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 milyon ədəd yumurta istehsal edilib. Bu,  2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalında 3 faiz, süd istehsalında 1,5 faiz artım, yumurta istehsalında isə 4,6 faiz azalma deməkdir. Musavat.com

Həmçinin oxuyun

Yayadək artıq neft tükənəcək, tədarük çətinləşəcək. SOCAR nə düşünür?

Dünya bazarlarında neft qiymətlərinin sıçrayışına hazırlaşmaq məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hasilatı dayandırılmış quyularda …