Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Bugünkü ehtiyac dünyada neftə olan tələbatın 1995-ci ildəki səviyyəsindədir, ona görə də…”

“Bugünkü ehtiyac dünyada neftə olan tələbatın 1995-ci ildəki səviyyəsindədir, ona görə də…”

“Trampın tvittindən sonra neftin qiymətində 10 dollar artım oldu və bundan sonra bir həftə boyunca təqribən 32-35 dollar arasında qaldı. Lakin OPEK-in son iclasından sonra artıq qiymətlər düşməyə başladı”.

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.

Aprelin 9-da OPEK+-un iclası keçirlsə də gözlənilənlərin əksinə olaraq neftin qiyməti aşağı düşməyə başladı. İclas ərəfəsində 33-35 dollar/barel olan qiymətlər bu gün 29 dollardan da bir az aşağıdır.

Ekspert İlham Şaban Moderator.az-a neftin hazırkı qiymət siyasətini şərh edərkən deyib ki, bu, bir sıra amillərlə bağlıdır:

“OPEK-in iclasında hasilatın azaldılması haqqında razılıq əldə edildi. Lakin qiymətlər gözlənildiyinin əksinə olaraq aşağı düşdü.

Nə baş verdi ki, neftin qiymətində artım olmadı, əksinə, ucuzlaşdı?

 Bu, onunla əlaqədar idi ki, BVF 2020-ci il üçün dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı korrektə edilmiş hesabatını yaydı. Hesabatdakı proqnozlar xeyli dərəcədə pessimist ruhdadır. Əsasən də koronavirusun təsiri ilə dünya iqtisadiyatının mənfi təzahürləri, cari ildə dünya iqtisadiyyatının 3 faiz azalacağı barədə proqnozlar verilib. Bundan əlavə, 190 ölkədən 157-də iqtisadi tempin artıma yox, aşağıya doğru gedəcəyi ayrıca vurğulanıb.

Belə bir şəraitdə enerjiyə olan tələbat təbii olaraq azalmalıdır”.

İlham Şabanın sözlərinə görə, BVF bu il üçün neftin qiymətində 35 dollar orta qiymət müəyyənləşdirib və gələn illə bağlı da optimist qiymət göstərməyib:

“Fondun hesabatında vurğulanır ki, gələn il dünya iqtisadiyyatı əvvəlki vəziyyətinə tam bərpa olunmayacaq. Təqribən 2022-ci ildə bu nəticənin alınması gözlənilir. Bu isə bazar üçün böyük təsiredici rol oynadı və qiymətlərin ucuzlaşmasına səbəb oldu.

Bu gün isə neftin qiymətinin bir az da aşağı düşməsi Beynəlxalq Enerji Agentliyinin aprel hesabatı ilə bağlı idi. Burada əsas məqam odur ki, koronavirus iqtisadiyyata böyük miqyasda zərbə vurur və bunun nəticəsində istehlak xeyli azalıb. Aprel ayı boyunca gündəlik istehlakın 29 milyon barel həcmində azalması gözlənilir. Bu isə bazara yenə təsir etdi. Bugünkü səviyyə dünyada neftə olan tələbatın 1995-ci ildəki səviyyəsindədir.

Onu da əlavə edək ki, OPEK-in qəbul etdiyi qərarlar hələ may ayının 1-dən qüvvəyə minəcək. O vaxtadək isə çox şey dəyişə bilər və bu, o deməkdir ki, bazar bu gün baş verən hadisələrə adekvat reaksiya verir”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …