Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Buğda istehsalı azaldı, ixrac yenə artdı

Buğda istehsalı azaldı, ixrac yenə artdı

2022-ci ilin 11 ayı ərzində Azərbaycana xaricdən 398 milyon 9 min dollar dəyərində 1 milyon 167 min 957 ton buğda idxal edilib. Bu barədə ‘’Yeni Müsavat’’ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 287 milyon 558 min dollar dəyərində 1 milyon 17 min 504 ton buğda idxal edilmişdi.

Bu il  ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 341 dollar (579 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə orta qiymət 282 dollar (480 manat) olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda 1 milyon 736 min 87 ton buğda istehsal edilib. 2021-ci illə müqayisədə istehsal 7,9 faiz azalıb. Yerli istehsalın mühüm hissəsi ərzaq kimi istifadəyə yararsız olan yem buğdasıdır. Ölkədə istehsal olunan ərzaqlıq buğda bu məhsula olan tələbatın 25 faizə yaxınını ancaq qarşılayır. Buna görə də tələbatın ödənməsi üçün hər il xaricdən 1,2-1,3 milyon ton buğda idxal olunur.

Buğda bazarından təhlükəli siqnallar - Azərbaycan nə edəcək?

“Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırır”.

APA xəbər verir ki, bunu Milli Məclisin son iclasında baş nazir Əli Əsədov deyib.

Əli Əsədov bildirib ki, Prezidentin hökumətə verdiyi tapşırıqlardan irəli gələrək Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlər görülüb: “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün əsas prioritetlərdən biridir”.

“Taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görülür”.

“APA-Economics” xəbər verir ki, bunu da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib: “Bunlar həm normativ tədbirlərdir, həm də növbəti addım kimi ərzaqlıq buğdanın dövlət ehtiyatı fonduna tədarükü istiqamətində iri taxıl tədarükçüləri ilə müqavilələr bağlanıb. Hazırda ümumi bazarda 4 aylıq taxıl ehtiyatı var”.

Cəlilabadda taxıl istehsalı niyə azalıb

Yerli istehsalın azalmasına rəğmən 2022-2023-cü il mövsümündə Azərbaycanın buğda təminatında hansısa problemlərin olması real görünmür. Çünki dünyanın ən böyük buğda ixracatçıları olan iki yaxın qonşumuzda bu mövsüm rekord həcmdə buğda əldə olunub. Söhbət buğda idxalımızın 75 faizdən çoxunu təmin etdiyimiz Rusiyadan, qalan tələbatımızı ödədiyimiz Qazaxıstandan gedir.

Məlumat üçün bildirək ki, yanvar-oktyabrda Azərbaycana 949 min 897,67  ton yumşaq buğda və meslin, digərləri idxal olunub ki, bunun da 193 min 715,08 tonu Qazaxıstandan, 756 min 182,59 tonu Rusiyadan alınıb. Bundan əlavə, on ayda ölkəmizə 22 min 541,41 ton buğda unu və ya buğda-çovdar unu idxal olunub, onun da 22 min 167,13 tonu Rusiyadan reallaşıb.

Rusiya Taxıl İttifaqının sədri Arkadi Zloçevskinin verdiyi məlumata əsasən bu mövsüm ölkədə 100 milyon ton civarında təmiz çəkidə buğda toplanıb. Ötən ildən keçən 14 milyon ton ehtiyatla, bu qədər məhsul istehsalçı fermerlər üçün ciddi problemə çevrilməkdədir. Əvvəla, qiymətlər keçənilki 450 dollardan bu il 320 dollar civarına qədər ucuzlaşıb. Rusiya buğdası daşınmadakı problemlərə görə dünya bazar qiymətindən 35 dollara qədər endirimlə alınır. Zloçevskinin dediyinə görə, onlar bu endirimlə razılaşmalı olurlar, çünki satılacaq məhsul çoxdur, mövsüm bitənə qədər onu reallaşdırmaq problem olacaq. Hazırda Rusiyada buğda qiymətləri bir qədər bahalaşmaqdadır. İttifaq rəhbəri deyir ki, bu da ixrac həcmlərinin artması ilə bağlıdır.

Buğda təchizatımızda ikinci yeri tutan Qazaxıstanda bu mövsüm 13-13,5 milyon ton proqnoza qarşı 15 milyon tondan yuxarı buğda yığılıb.

Göründüyü kimi, bu mövsüm Azərbaycan buğda almaqda problemlə üzləşməyəcək. Gələn mövsümə isə hökumətin planları reallaşarsa, ərzaqlıq buğda təminatında idxaldan asılılığımız xeyli azalacaq.

Prezident İlham Əliyev iyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. İlin 6 aylıq yekunları ilə bağlı müşavirədə Prezident ərzaq təminatı bağlı danışarkən, “biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq” deyib. Dövlət başçısı bildirib ki, ehtiyatlar yığılmalıdır: “Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var – həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır”.

Daha sonra hökumət qanunvericiliyə müvafiq dəyişiklik edərək, dövlətin strateji ərzaq ehtiyatlarının yaradılmasına qərar verib. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna edilən yeni fəsildə qeyd olunur ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir. Bu dəyişiklikdə dövlətin əsas vəzifələri sırasında qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək,  qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq da var.

Rəsmi statistikaya əsasən, dekabrın 1-dək 540,2 min hektar sahədə buğda, 330,8 min hektarda arpa və 0,1 min hektarda çovdar səpini həyata keçirilib.

Aqrar Subsidiya Şurası 2023-cü ildə buğda əkinlərinin hər hektarına görə 220 manat əkin subsidiyası müəyyənləşdirib. Eyni zamanda Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanının icrası məqsədilə 2023-cü il üzrə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilib.

Nazirlər Kabinetinin sərəncamına əsasən ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən edilib.

Beləliklə, 1 ha pivot suvarma sistemli sahədə ərzaqlıq buğda əkən fermer 220 manat+minimum 360 manat(1ha buğdanın ölkə üzrə orta məhsuldarlığı 3,2 tondur) = cəmi 580 manat subsidiya alacaq. Əgər yetişdirilən buğda tələb olunan keyfiyyətlərə cavab verəcəksə, dövlət onun zəmanətli alışına da təminat verir. Bu, fermerlərin, iri istehsalçıların ərzaqlıq buğda istehsalına meyllənməsi üçün yetərli stimul sayıla bilər.

Qeyd edək ki, hələlik ölkədə pivot suvarma sistemi ilə təmin olunan buğda sahələri daxili tələbatı tam təmin edəcək istehsal imkanına malik deyil. Belə sahələr əsasən aqroparklardadır: 21,7 min ha. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ümumilikdə 41 min buğda əkini sahələrində bu il 152 min tondan çox məhsul istehsal edilib. Bu il ölkədəki 51 aqroparkdan 40-da taxıl əkilib. Əkinlərdən 88,8 min ton ərzaqlıq, 31,4 min ton toxumluq, 32 min ton isə yemlik buğda toplanıb. Buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (3,2 ton/ha) yüksəkdir.

Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub: “”Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə prezidentinin fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində bu il aqroparkların pivotaltı sahələrində buğda əkinini 52  faiz və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır”. Musavat.com

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …