Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Büdcəyə yenidən baxılacaq: Əhalinin sosial vəziyyətinə təsir etməyəcək?

Büdcəyə yenidən baxılacaq: Əhalinin sosial vəziyyətinə təsir etməyəcək?

Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin artırılmasını istisna etmir.

Bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.

O, büdcədə hazırda 50 dollardan hesablanan neft qiymətində may ayında artım ola biləcəyini vurğulayıb.

Bəs neftin qiymətinin artması büdcəyə necə təsir göstərəcək? Bunun insanların sosial vəziyyətinə mühüm təsiri olacaqmı?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bu ilin büdcəsi Azərbaycan tarixinin ən böyük büdcəsidir:

“Bunun xərclər hissəsini 33 milyard manatdan çox vəsait təşkil edir. Sözsüz ki, neftin qiyməti 50 dollar götürüləndə dünyada neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik müşahidə olunurdu. 

Bundan sığortalanmaq və büdcə kəsrinin yaranmaması üçün neftin qiyməti 50 dollardan hesablandı. Lakin hazırda neftin qiyməti yüksəlməyə davam edir. Hazırda da bu rəqəm 90 dollara yaxındır. Bu isə büdcədə neftin qiymətinə yenidən baxılmasına şərait yaradır. 

Əlbəttə ki, neftin qiymətinə yenidən baxılması büdcə gəlirlərini artıracaq. Bu, həm sosial sahəyə yönəldilə, həm də işğaldan azad olunmuş bölgələrdə investisiyanın artımına imkan yarada bilər. Bu ilin büdcəsinin 45 faizi sosial xərclərə yönəldilmişdi. Bu da onu deməyə əsas verir ki, may ayında büdcəyə yenidən baxılanda sosial xərclər də yenidən artırıla bilər”.

Ekspert xatırladıb ki, bu ilin əvvəllində büdcə gəlirlərinin artırılması halında sosial xərclər və investisiya xərclərinin də artırıla biləcəyi proqnozlaşdırıldı:

“Üstəlik, parlamentdə sosial ödəmələrin və pensiyaların artırılmasına yenidən baxıla biləcəyi də vurğulandı. Çünki ötən ildə böyük inflyasiya baş verdi.

Demək olar ki, 40 faizə yaxın real inflyasiya oldu. Rəsmi göstəricilərdə isə bu, 15 faizə yaxın idi. Bu ildə də bahalaşma davam edir. Sözsüz ki, bu da insanların sosial rifahına mənfi təsir göstərir. Düşünürəm ki, büdcədə gəlirlərin artmasının vətəndaşlara müsbət təsiri olacaq”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …