Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Büdcədə neftin yeni qiyməti neçə olacaq? – TƏHLİL

Büdcədə neftin yeni qiyməti neçə olacaq? – TƏHLİL

Azərbaycan hökuməti 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsi üzərində işləri bitirmək üzrədir. Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, dəyişikliklər layihəsi qanunvericiliyə uyğun olaraq mayın 15-dən sonra Milli Məclisə təqdim olunacaq. Nazir həmçinin bildirib ki, büdcə xərclərində dəyişikliklər Prezident İlham Əliyevin qeyd etdiyi istiqamətlərdə və bir sıra digər sahələrdə ediləcək.

Xatırladaq ki, Prezident aprel ayında AzTV-yə müsahibəsində bildirmişdi ki, birinci rübün yekunları dövlət büdcəsində ciddi profisit yarandığını göstərir: “Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır.

Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər”.

Prezident büdcəyə daxil olan proqnozdan artıq gəlirlərin əsas xərc istiqamətlərini də açıqlayıb: “Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır”.

Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən 2023-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olub. Nəticədə büdcədə 1 milyard 723,1 milyon manat məbləğində profisit yaranıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343,0 milyon manat və ya 24,9 faiz çoxdur. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin daxilolmalarının 4 milyard 899,5 milyon manatı və ya 59,1 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 1 milyard 576,0 milyon manatı və ya 19,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 545,0 milyon manatı və ya 18,6 faizi Dövlət Gömrük Komitəsinin daxilolmalarının, 198,4 milyon manatı və ya 2,4 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 63,2 milyon manatı və ya 0,8 faizi sair daxilolmaların, 7,9 milyon manatı və ya 0,1 faizi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşür.

Nazirliyin məlumatına əsasən, 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin birinci rüb ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 35,5 faizi və ya 1 milyard 67,0 milyon manatı istifadə olunub. Bu vəsaitlərin 1 milyard 42,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi məqsədilə  Avtomobil Yolları Dövlət Agentliyinə, 13,0 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Meliorasiya və Su Təsərüffatı” ASC-yə, 6,0 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinə, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçılara ayrılıb.

Birinci rübdə büdcədə nəzərdə tutulan müdafiə və milli təhlükəsizlik xərcləri 82,6 faiz icra edilib, bu istiqamətə 777,3 milyon manat yönəldilib.

Açıqlanan məlumatlardan aydın olur ki, aprel ayında da dövlət büdcəsinə ödənişlərdə artım var. Belə ki, rəsmi məlumata əsasən,  Dövlət Gömrük Komitəsi aprel ayında büdcəyə 500 milyon manat köçürüb. Ümumilikdə yanvar-aprel aylarında komitə xətti ilə büdcə daxilolmaları 2 milyard 46,681 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz çoxdur. Komitənin açıqladığı rəqəmlərə əsasən son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21 faiz artaraq 496,589 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 25,2 faiz artaraq 1 milyard 470,764 milyon manat, aksizlər üzrə daxilolmalar 56,3 faiz artaraq 62,297 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 1,5 faiz artaraq 17,03 milyon manat olub.

S.Şərifov bildirib ki, büdcədə dəyişiklik olunarkən nefti  dünya bazar qiymətinin də dəyişdirilməsi nəzərdə tutulur: “Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollardan hesablanıb. Azərbaycanın dövlət büdcəsində neft-qaz gəlirlərinin payı yüksək olaraq qalır. Bu ilin birinci rübündə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4 milyard 430 milyon manat olub ki, bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur.

Birinci rübdə büdcənin vergi gəlirləri 4 milyard 899,5 milyon manat təşkil edib. Ötən il isə Dövlət Vergi Xidməti büdcəyə 2 milyard 802,2 milyon manat təmin etmişdi. Bu, vergi gəlirlərində 2 milyard 97,3 milyon manatlıq artım deməkdir. Bu artımda neft sektorunun payı 1 milyard 726,5 milyon manat, yaxud 82,3 faizdir. Belə ki, ötən il vergi gəlirlərinin cəmi 557,5 milyon manatı neft sektorundan daxil olmuşdu. Bu il isə 2 milyard 284 milyon manatı neft sektorunun payına düşüb. Bu isə o deməkdir ki, neft sektorundan vergi daxilolmalarında 4 dəfədən çox artım qeydə alınıb.

Keçən ilin birinci rübündə vergi daxilolmalarının 80,1 faizi, yaxud 2 milyard 244,7 milyon manatı qeyri-neft sektorundan təmin olunmuşdu. Bu il bu sektordan 2 milyard 615,5 milyon manat daxil olub ki, bu da cəmi vergi gəlirlərinin 53,4 faizi deməkdir.

Neft-qaz gəlirlərinin büdcədə payı yüksək olduğuna görə bu iki məhsulun qiyməti büdcəyə ediləcək dəyişikliklərdə mühüm əhəmiyyət kəsb edir. Bu ilin ötən dövrü ərzində dünya neft qiymətləri 72 dollardan aşağı düşməyib. Doğrudur, ilin əvvəlindən bəri bir neçə dəfə qiymətlərin kəskin enişi müşahidə edilib. Həmçinin bir sıra analitik mərkəzlər və bazar iştirakçıları 2023-cü il üzrə neft qiymətlərinə dair proqnozlarına dəyişiklik edirlər. Məsələn, ABŞ Energetika Nazirliyi 2023-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 85,01 dollardan 78,65 dollaradək endirib. Nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən 2024-cü ildə neftin qiyməti 74,47 dollar təşkil edə bilər (öncəki proqnoza əsasən 81,21 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 73,62 dollar (öncəki proqnoz – 79,24 dollar), 2024-cü ildə isə 69,47 dollar (öncəki proqnoz – 75,25) səviyyəsində olacağı ehtimal edilir.

EIA 2023-2024-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu da dəyişib. Quruma görə, gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,71 milyon barel səviyyəsində olacaq, bu da öncəki proqnozdan 0,01 milyon barel azdır. 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2024-cü ildə qlobal tələbat üzrə artım 1,72 milyon barel təşkil edə bilər.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,99 milyon barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,12 milyon barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1,56 milyon barel təşkil edəcək.

Tələbatdakı artıma rəğmən, EIA 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu azaldıb, 2023-cü il üçün isə artırıb. Belə ki, qurum gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının orta hesabla 103,02 milyon barel olacağını gözləyir ki, bu da öncəki proqnozdan 0,23 milyon barel azdır.

Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,3 milyon barel təşkil edəcək ki, bu, ötən proqnoz göstəricidən 0,04 milyon barel çoxdur.

Hazırda dünya neft bazarında qiymətlər 75-76 dollar civarında dəyişir. Hətta ilin yekununda orta qiymət 70 dollar olsa belə, bu, hazırda Azərbaycan büdcəsində nəzərdə tutulan 50 dollardan 40 faiz yüksəkdir. Bu baxımdan, büdcə dəyişikliyi layihəsində neftin orta qiymətinin 65-70 dollara qədər artırılması mümkündür.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı ilkin məlumata əsasən, 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard dollar təşkil edib ki, bunun da cəmi 1,2 milyard dolları qeyri-neft məhsullarıdır.

Bu ilin dörd ayında Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yatağından hasil oluna neftə görə gəlirləri 2 milyard 468 milyon dollar, “Şahdəniz” yatağının qaz və kondensatına görə gəlirləri isə 935 milyon 754 min dollar təşkil edib. Birinci rübddə fonddan büdcəyə nəzərdə tutulan 2 milyard 820,0 milyon manat məbləğində transfertə qarşı cəmi 1 milyard 576,0 milyon manat transfert daxil olub.

Energetika Nazirliyinin operativ məlumatına əsasən, 2023-cü ilin birinci rübündə Azərbaycanda 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalma deməkdir. Ümumi hasilatın 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 11,3 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (dəyişməyib) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton (dəyişməyib) təşkil edib.

İlk üç ayda 6,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 4,5 faiz). Bunun 5,8 milyon tonu konsorsiumun, 576 min tonu isə SOCAR-ın payına düşür.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …