Ana səhifə / İqtisadiyyat / Büdcə vəsaitlərinin yeni talanma üsulları…

Büdcə vəsaitlərinin yeni talanma üsulları…

Milli Məclisdə “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunarkən deputat Əli Məsimli dövlət vəsaitlərindən qənaətli istifadənin zəruriliyindən bəhs edib:

“Dövlət fondunun vəsaitləri sürətlə artır. Bu vəsaitlərdən səmərəli istifadə mexanizmlərinin yaradılmasına ehtiyac var. Odur ki, parlament nəzarəti, ictimai nəzarət gücləndirilməli, şəffaflıq təmin olunmalıdır”.

Ə.Məsimli bildirib ki, təkcə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti 5,6 milyard manatdan çoxdur. Deputat qəbulu gözlənilən Büdcə Məcəlləsi haqqında qanun layihəsinin hazırlanmasında bu məsələlərin nəzərə alınmasını vacib sayıb.

Deputatın açıqlaması əslində həyəcan təbili də sayıla bilər. Hörmətli Əli Məsimlinin diplomatik qaydada SOS-u son vaxtlar mediada, sosial şəbəkələrdə də müzakirə olunan bir məsələnin üzərinə fokuslanmağa əsas yaradır.

Bir çox ekspertlər iddia edir ki, məmurlar büdcə vəsaitini talamağın “evropeyski” qaydalarını tapıblar. Əgər əvvəllər köhnə məmurlar, nazirlər açıq-aşkar şəkildə maxinasiyalar edirdilərsə, indi bəzi müasir, Avropa təhsilli məmurlar bunları tenderlər, dolayısı ilə özlərinə aid olan şirkətlərin vasitəsilə “şəffaf” qaydada həyata keçirirlər.

Güman ki, bu məsələ haqda deputatlarda da siqnallar var və ona görə də şəffaflığın, ictimai nəzarətin artırılmasının vacibliyini gündəmə gətirir, dövlətə işarə verirlər.

Necə deyərlər, qaydalar sərtləşdikcə, məmurlar yeyintinin də yeni metodlarını “kəşf edirlər”. Nə etməli, hansı mexanizmləri tətbiq etmək effektli ola bilər?

Ağ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri, iqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Tender maxinasiyaları Azərbaycanda yeni deyil, illərdir var, indiyə qədər də qarşısı alınmayan, dövlət büdcəsinə ən çox zərər vuran korrupsiya hallarından biridir. Bu sahədəki saxtakarlıq faktlarını saymaqla bitməz. Əvvəla onu qeyd edim ki, ölkəmizdə keçirilən tenderlərin çoxu formal xarakter daşıyır. Hər hansı bir tender müsabiqəsi və ya müqaviləsi olmadan həyata keçirilən saxta satınalmalardan hər kəs xəbərdardır. Çox vaxt tender layihələri barədə məlumat ictimaiyyətə heç açıqlanmır, nə KİV, nə də ki, internet saytları vasitəsilə elan edilir. Bir də görürsən ki, hər hansı bir şirkət, hər hansı bir tenderin qalibi elan edilib. Tərəflərin bir-birini necə tapması da beləcə sirr olaraq qalır. 2016-cı ildə Prezidentin fərmanı ilə ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi tenderlərin siyahısını nəzərdən keçirdikdə eyni şəxs və şirkətlərin təkrar-təkrar qalib elan edildiyini görmək olardı. Bəzən rəsmi qeydiyyatı olmayan hər hansı bir naməlum firma elan edilən tenderlərin əksəriyyətinin müəmmalı şəkildə qalibinə çevrilirdi. Şirkətin nizamnamə kapitalı 10 manat, işçilərinin sayı isə bir nəfərdən ibarətdir, ancaq tenderin qalibi elan edilir. Sual olunur, işçisi olmayan şirkət layihəni necə icra edəcək? Və ya günəmuzd fəhlə kimi çalışan bir neçə gəncin adına rəsmiləşdirilmiş saxta şirkətlərin tender qalibi olduğu faktlar da müəyyən edilmişdi.

2016-cı ildə ləğv edilən qurumun vəzifə və funksiyaları daha sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verildi. Hazırda dövlət satınalmalarını qeyd olunan bu qurum həyata keçirir. 2019-cu ildən bu günə qədər 13.165 sayda açıq tender müsabiqəsi keçirilib ki, saysız-hesabsız MMC, şirkətlərinn adını qaliblər siyahısında görə bilərsiniz. Düşündürücüdür, yəni ölkədə bu qədər MMC həqiqətən fəaliyyət göstərirmi? Onlar hansı meyarlara görə qalib elan ediliblər? Qeyd olunan MMC-lər tək-tək araşdırılmalı, əslində kimlərə məxsus olduqları aşkara çıxarılmalıdır”.

İqtisadçı əlavə edib ki, bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə heç riayət edilmir, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verilir. Xərclər əsaslandırılmadan artırılır, şirkətin maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda tender qalibi elan edilir, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilmir: “Tenderlərdə “şapka” məsələsi isə populyar deyimə çevrilib. Tenderə çıxarılan xidmət və iş üçün ayrılan vəsaitin bir hissəsi dövlət satınalmalarını həyata keçirən qurum tərəfindən əvvəlcədən qalib şirkətdən alınır. Aydın məsələdir ki, tenderdə qalib gələn şirkət də verdiyi rüşvəti kompensasiya etmək və daha çox gəlir əldə etmək üçün işini keyfiyyətsiz görəcək.

Türkiyə Cinayət Məcəlləsində belə bir müddəa var: “ihaleye fesat karıştırma suçu”. Türkiyə qanunlarında tender saxtakarlıqları bir inzibati xəta deyil, bilavasitə mücərrəd təhlükə törədən cinayət növü olduğundan, cinayətin baş verməsi üçün zərərvurma ehtimalının olması kifayətdir. Burada qorunan qanuni mənafe nədir? Cəmiyyətdə azad rəqabət mühitinin qorunması, dövlət qurumlarına və dövlət məmurlarına inamın təmin edilməsi, dövlət fəaliyyətlərində dürüstlük prinsipinə əsaslanma. Tender saxtalaşdırmalarında cinayət təşkil edən əməlləri bir-bir sadalasaq, onlardan ən başlıcası, aldatma, saxtakarlıq və ya səhlənkarlıq yolu ilə aldadıcı hərəkətlər edərək insanları və ictimaiyyəti yanıltmaqdır. Məsələn, tenderdə iştirak etmək üçün xüsusi tələb və şərtləri qarşılayan şirkətin saxtakarlıqla qalib olmasının qarşısını almaq və ya əksinə, tenderdə iştirak etmək üçün tələb və ya şərtlərə malik olmayan şəxs və şirkətlərin tenderdə iştirakını təmin etmək. O cümlədən şəxs və şirkətlərə zor tətbiq etməklə və ya hədə-qorxu gəlməklə və ya digər qanunsuz hərəkətlərlə tender prosesində iştirakının qarşısının alınması da buraya daxildir. Digər bir cinayət əməli, tenderi təşkil edən dövlət qurumu və ya vəzifəli şəxs ilə tenderdə iştirak edən şəxs və ya şirkətlərin gizli sövdələşməyə daxil olmasıdır. O cümlədən tenderdə iştirak etmək üçün spesifikasiya almış şəxs və ya şirkətlərin, tenderin şərtlərinə və xüsusən də qiymətə təsir etmək üçün öz aralarında açıq və ya gizli sövdələşməyə getməsi də cinayət əməlidir. Türk Cinayət Qanununda tender saxtalaşdırmalarına görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Dövlət qurumuna və ya təşkilatlarına zərər vurulduqda, verilən həbs cəzasını cəriməyə çevirmək mümkün olmur”.

Əhmədova əlavə edib ki, ölkəmizdə satınalma prosedurlarının keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: “”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 13-1. maddəsində davranış kodeksi yer alır. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə vəzifəsini yerinə yetirərkən hər şeydən əvvəl qərəzsiz olmalı, satınalma proseduralarının iştirakçıları arasında fərq qoymamalı, vəzifə funksiyalarının icrası zamanı ona təsir edilməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Davranış Kodeksində təsbit olunmuş tələb və qaydalara dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin tələb və qaydaların pozulması hallarına göz yumması, xidməti intizamın pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti yaradır. Əslində bu hallar intizam məsuliyyəti deyil, cinayət məsuliyyəti yaratmalıdır. İntizam icraatı zamanı dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hüquq-mühafizə orqanına məlumat verməlidir. Yalnız dövlətə külli miqdarda ziyan vurulduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsində iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Digər bütün hallarda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə olmaqla inzibati cəzalar nəzərdə tutulur”.

Həmçinin oxuyun

Bir neçə ay ərzində 100 minlik tenderləri udan Vüsalə Sultanova kimdir? – Faktlar

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Dəyəri 58 min …