Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / “Bu, Türkmənistan üçün Avropaya açılan qapı sayılır” – EKSPERT

“Bu, Türkmənistan üçün Avropaya açılan qapı sayılır” – EKSPERT

Azərbaycan Prezidenti İlham Əliyevin qonşu Türkmənistana rəsmi səfəri arzuolunan idi və hər iki ölkə üçün önəmli məsələ sayılır. Ümumilikdə Azərbaycan-Türkmənistan münasibətlərinin yaxşı səviyyədə olması və inkişaf etdirilməsi bir çox ölkələr üçün də vacib xarakter daşıyır. Çünki ortada dünya iqtisadiyyatı, o cümlədən region ölkələri üçün çox böyük strateji əhəmiyyət kəsb edən enerji resursları, tranzit və müxtəlif təyinatlı mal və məhsulların daşınması kimi məsələlər mövcuddur. Bu, təkcə hər iki ölkəyə aid məsələlər deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Aşqabada səfəri böyük əhəmiyyət daşıyır: “İqtisadi cəhətdən ölkələrimiz arasında münasibətlər və əlaqələr yaxşı səviyyədədir. Səfər çərçivəsində prezidentlərin geniş tərkibli görüşü zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qeyd etdi ki, bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 17 % artması sevindirici haldır. Və əlavə etdi ki, kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyllər yaranıb.

Amma dövlət başçımız bildirdi ki, əmtəə dövriyyəsi artsa da, ölkələrimizin potensialını tam əks etdirmir və bu sahədə hələ çox işlər görmək lazımdır. Həqiqətən də, qarşılıqlı mal mübadiləsi və idxal-ixrac sahəsində çox böyük imkanlar və potensial mövcuddur. Söhbət kənd təsərrüfatı, sənaye və ümumiyyətlə, qeyri-neft emalı məhsullarından gedir”.

Enerji resurslarına və neft-sektoruna aid məsələlərə gəlincə, iqtisadçı vurğulayıb ki, həm Türkmənistan, həm də Azərbaycan bu sahədə böyük təbii ehtiyatlara malik ölkələrdir: “Azərbaycan prezidentinin bildirdiyi kimi ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Özü də bu əməkdaşlıq mübadiləni əhatə etmir və bununla bitmir. Söhbət bazarlara çıxışdan gedir.

Azərbaycan bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı və icraedicisi, hazırda isə sahibi sayılır. Bakı-Tbilisi-Ceyhan neft boru kəməridir, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xətti bütün region ölkələri üçün gəlir gətirə bilən infrastruktur vasitələrdir. O cümlədən, Türkmənistanın özü üçün də olduqca vacib və əhəmiyyətlidir. Elə təkcə bunların özləri, Aşqabadı Bakı ilə sıx münasibətdə və əlaqələrdə olmasını vacib edən amillərdir”.

Pərviz Heydərov hesab edir ki, Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyədə olması əslində Aşqabada Bakıdan daha çox vacibdir: “Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Türkmənistan neftini real olaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql etməsi əməkdaşlığın ilkin özülünü təşkil edir.

Türkmənistan böyük qaz resurslarına malik ölkədir. Bu mənada, Cənubi Qafqaz qaz boru kəməri Türkmənistan üçün bizə olandan bəlkə daha əhəmiyyətli və cəlbedicidir. Hər iki ölkə bu tranzit imkanlarından birgə çıxış etmək və Asiya-Avropa, Avropa-Asiya arasında enerji resurslarının daşınmasında eyni siyasət yürütmək perspektivinə malikdirlər”.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin 10 ilə yaxın vaxt apardığını xatırladan iqtisadçı qeyd edib ki, bir çox ölkələr onun rentabelliyinə inanmırdılar: “Buna görə də onun tikintisinin ağırlığı iştirakçı ölkələrin, əsasən də Azərbaycanın üzərinə düşdü. Amma tikinti başa çatdıqdan sonra məlum oldu ki, marşrutun mühüm əhəmiyyəti var.

Ən mühümü heç şübhəsiz, Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi idi. Bu liman Xəzər dənizinin demək olar, hər mənada ən böyük limanıdır. Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı zəncirin mərkəzi həlqəsini təşkil edir. Yəni, adı çəkilən liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsi – mərkəzi sayılır. Türkmənistan üçün bu, Avropaya açılan qapı sayılır”.

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …