Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / “Bu tendensiya növbəti aylarda davam etsə…” – Qiymətlərdəki qəribəlik nədən xəbər verir?

“Bu tendensiya növbəti aylarda davam etsə…” – Qiymətlərdəki qəribəlik nədən xəbər verir?

2019-cu ilin dekabr ayında Azərbaycanın qeyri-ərzaq bazarında maraqlı bir tendensiya müşahidə edilib: bir sıra malların (geyim, ayaqqabı, parçalar, xalça və digər döşəmə örtükləri, mebel və ev aksesuarları, divar kağızları, yağlar, sulu boya, soyuducular, velosipedlər, tozsoranlar) qiymətləri artdı, digərlərinin qiyməti isə (kondisionerlər, mobil telefonlar, televizorlar, kəsilmiş taxta və sintetik yuyucu vasitələr) əksinə azalıb.

İlin sonunda qeyri-ərzaq məhsullarının qiymətlərinin belə qəribə dinamikasının səbəbləri nələrdir? Onlar mövsümi olaraq ildən-ilə təkrarlanır, yoxsa dekabr ayının qiymətləri xüsusi mal növlərinin hansısa qiymət meyllərinin başlanğıcı kimi qəbul edilməlidir? Yeni qiymət artımı dalğası gözlənilirmi?

Məsələ ilə bağlı suallarımızı cavablandırmaq üçün iqtisadi ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu cür tendensiyalar adətən mövsümi xarakter daşıyır:

“Yeni il qabağı müəyyən hədiyyələrin alınması və tələbatların artması bəzi qeyri-ərzaq mallarının qiymətində artım dinamikasına səbəb olub. Məsələn mobil telefonların qiymətinin azalmasının texniki səbəbi də var. Çünki yeni modellər təqribən payızın əvvəlində çıxmışdı və növbəti yeni modellər isə bu yaxınlarda çıxacaq. Yeni modellərin qiymətləri aylar, həftələr keçdikcə, dünya üzərində də, o cümlədən Azərbaycanda da enmə tendensiyası olur. Mobil telefonların qiymətlərinin enməsini texniki səbəblərlə də izah etmək olar. Lakin həm qiymət artımı, həm azalması kəskin xarakter daşımır. Yəni bu dəyişim, insanların davranış qaydaları, Yeni il bayramı və ya texniki səbəblərə görə də ola bilər. Əslində bunun üçün ciddi analizə də ehtiyac yoxdur. 

Əgər qiymətlər də ciddi dəyişikliklər olsaydı, məsələn söhbət 5 və daha artıq faizdən getsə, artama və azalmaya doğru, onda mütləq araşdırma aparılmalıdır. Mənə elə gəlir ki, bu tendensiya hər il tez-tez təkrarlanan, mövsümi xarakter daşıyan haldır. Əgər bu tendensiya növbəti aylarda davam etsə, həm gömrüyün, həm verginin və yaxud da digər statistika komitəsinin verdiyi məlumatların analizi şəklində bir araşdırmaya ehtiyac yaranır. Ona görə də bundan sonrakı ayların da statsitikasına nəzər yetirmək lazımdır. Yanvar-fevral aylarının məlumatları açıqlananda bu tendensiyaların davamını görsək, artıq daha ciddi izləmək lazım olacaq”. 

Ekspert qiymətlərin idxal və ya ixrac komponentindən nə dərəcədə asılı olması məsələsinə də toxunub:

“İdxal və ixrac daha çox tələbatla bağlıdır. Nəticə etibarilə yenə insan davranışları ilə bağlılıq müşahidə edilir. İş adamları da müşahidə etsələr ki, hər hansı bir məhsul növündə tələbat artır, həmin məhsulun gətirilməsi və satışını daha cəlbedici hala gətirilər”. 

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …