Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Bu, qanun deyil, xoş niyyətlər bəyannaməsidir”

“Bu, qanun deyil, xoş niyyətlər bəyannaməsidir”

“Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun qəbul etməyə hazırlaşır. Əslində, bu, Qanun deyil, xoş niyyətlər bəyannaməsidir. Orada heç bir hüquqi tənzimləmə-filan yoxdur! Yəni belə məzmunlu Qanun oldu, ya olmadı, heç bir əhəmiyyəti yoxdur”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, son zamanlar iqtisadi sahədə belə aşkar “xalturaçı” layihələr çoxalıb: “Məsələn, bir az əvvəl qəbul edilmiş “İnvestisiya fəaliyyəti haqqında” Qanun da bu qəbildəndir. Orada hüquqi əhəmiyyətli yalnız iki-üç müddəa var. Onları da sadəcə Mülki Məcəlləyə bir maddə kimi daxil etmək olardı. Görünən odur ki, həm ölkə rəhbərliyinin, həm də ictimaiyyətin gözündən pərdə asmaq istəyirlər. Yəni, “baxın sahibkarlığın inkişafı üçün qanunlar qəbul edirik!” Qanunların içi isə boşdur! Belə layihələrin hazırlanmasına da, yəqin ki, milyonlar xərclənir, daha doğrusu, göyə sovrulur. Boş-boş şeylərlə məşğul olmaq istəyirlər? Özləri bilər! Büdcəni dağıdırlar? Öyrəşmişik! Əsas bunlar deyil! Əsas odur ki, iqtisadi və sahibkarlıq sahəsində qəbul edilməli və təkmilləşdirilməli onlarla qanun var ki, onlarla məşğul olan yoxdur! Elə təkcə Prezidentin nə qədər tapşırığı hələ də icrasız qalıb. Məsələn, 2004-cü və 2014-cü illərdə Bank Məcəlləsinin hazırlanmasını tapşırmışdı. 2018-ci ildə isə 2020-ci ilədək Mülki Məcəllənin yeni redaksiyasının hazırlanmasını tapşırmışdı. Hanı? Niyə icra olunmayıb? Korporativ hüquq, müflisləşmə, daşınmaz əmlak və s. mühüm sahələrdə qanunlar qəbul edilməlidir! Hazırlayan yoxdur! Niyə? Çünki savad və səriştə, istək yoxdur. Axı ciddi iş ciddi yanaşma tələb edir. Boş-boş şeylərlərlə məşğul olaraq, büdcəni talayırlar. Əvvəlkilərdən nə fərqləri oldu bəs? Yeri gəmişkən, mənasız qanun layihələri hazırlamaq ənənəsini elə əvvəlkilər qoyub. Məsələn, 2002-ci ilin sonunda “Çayçılıq haqqında” Qanun qəbul edilmişdi. Həmin dövrdə Mərkəzi Bankda çalışırdım. Layihəni Milli Məclisin Aqrar siyasət komitəsi hazırlamışdı (o dövrün deputatları indikilərdən fərqli olaraq bəzən özləri də layihələr hazırlayrdılar). Komitənin sədri Eldar İbrahimov idi. Elman Rüstəmovla münasibətləri də gərgin idi, çünki ailəsinə mənsub olan “Universal Bank”ın lisenziyasını ləğv etmişdi. Layihənin ilkin versiyası lap bərbad idi, heç qanuna oxşamırdı, xoş niyyətlər məcmuəsi idi. Onun Komitədə müzakirəsinə Mərkəzi Bankdan məni göndərdilər və dedilər ki, sadəcə, iştirak et, heç nə demə. Mən də sakitcə oturub qulaq asırdım. İclasın sonuna yaxın Eldar İbrahimov qayıtdı ki, “Milli Bankdan heç kəs yoxdur?” Əlimi qaldırdım ki, burdayam. O da münasibət bildirməyimi xahiş etdi. Elmanla Eldarın konflikti arasında naəlac qalıb öz-özümə “eee” pıçıldayıb qısaca dedim: “Çox vaxtında hazırlanmış, lazımlı qanundur, dəstəkləyirik!” Bir qədər təkmilləşdiriləndən sonra Qanun qəbul edildi. Amma həmin Qanun bugünkülərə baxanda şükürlüdür…”

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …