Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / Bu il kirayə mənzil bazarında bahalaşma olmayacaq – EKSPERT

Bu il kirayə mənzil bazarında bahalaşma olmayacaq – EKSPERT

Paytaxtın kirayə mənzil bazarında son 6 ayda yaşanan durğunluq həm də qiymətlərin müəyyən qədər ucuzlaşmasına səbəb olub. Elə ötən ay ərzində də mənzillərin kirayəsində ucuzlaşma müşahidə olunub.  “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib  ki, iyul ayında ucuz mənzillərin kirayə qiyməti 5.76 faiz, orta mənzillərin 3.69 faiz, bahalı mənzillərin isə 7.93 faiz ucuzlaşıb. Ekspert bildirib ki, qiymətlərin ucuzlaşmasına koronavirus pandemiyası və mövsümi amillər təsir edib.

Qeyd edək ki, pandemiya dövründə, xüsusən də sərt karantin rejiminin  yay aylarına təsadüf etdiyi dövrdə insanlar daha çox paytaxtdan çıxmağa, hətta işsiz qalanlar, kirayədə qalıb rayonda evləri olanlar köç etməyə çalışdılar və bəziləri buna müxtəlif yollarla nail oldu. Bundan başqa, mart ayından etibarən ölkə ərazisində əyani təhsilin dayandırılması, ali məktəblərin onlayn tədrisə keçməsi səbəbindən yüzminlərlə tələbə paytaxtı tərk edib bölgələrə, valideynlərinin yanına qayıtdı ki, bu da kirayə mənzil bazarına təklif paketinin artmasına səbəb oldu.

Son olaraq, təhsil naziri yeni tədris ili ilə bağlı açıqlama verərək ali məktəblərdə tədrisin onlayn şəkildə başlayacağını bildirdi. Bu isə o deməkdir ki, ən azı növbəti 3 ayda da bölgələrdən paytaxta tələbə köçü müşahidə edilməyəcək və kirayə mənzil bazarında tələbin artmasını görməyəcəyik. Köhnə binaların sökülməsi ilə bağlı pilot layihələrin dayanması da kirayə bazarında tələbi formalaşdıran əsas şərtin bir müddət gündəmdə olmayacağı mənasına gəlir.

Mənzil tikintisi bazarı çökür - bahalaşma gözlənilir

Ramil Qasımzadə

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, son illər ərzində ilk dəfə avqust-sentyabr aylarında kirayə mənzil bazarında qiymətlərin sabitliyini müşahidə edəcəyik: “Təhsil Nazirliyi artıq qərarını açıqladı. Dərslər onlayn şəkildə keçiriləcək və distant təhsil tətbiq olunacaq. Ona görə də, tələbələrin Bakıya axını baş verməyəcək. Bu səbəbdən qiymətlərin ötən illərdə müşahidə etdiyimiz sıçrayışlı artımını bu il müşahidə etməyəcəyik. Tələbələr ənənəvi təhsil metodu ilə deyil, onlayn şəkildə tədris prosesinə qoşulacaqlar. Bu səbəbdən paytaxtda mənzil kirayələməyə ehtiyac olmayacaq. Hər il tələbələr paytaxtdakı kirayə mənzillərin təxminən 20 faizini tuturdular. Onların gəlməməsi həmin mənzillər hesabına Bakının kirayə mənzil bazarında təklif portfelinin daha da artması ilə nəticələnəcək. Biz mart ayından bunu görürük ki, təklif artım deyə qiymətlərdə dəyişikliklər baş vermir. Ötən illərdə qiymətlərdə müşahidə olunan artımın bu il şahidi olmayacağıq”.

Ekspertin sözlərinə görə, ötən il mənzil bazarına tələbin yüksək olmasının əsas səbəblərindən biri də köhnə binaların pilot layihə əsasında sökülməsi idi: “Bu zaman bir tərəfdən kirayə mənzil bazarı daralırdı, digər tərəfdən yeni binalar tikilənə qədər həmin insanlar kirayə bazarında yüksək tələb formalaşdırırdı. Artıq karantin dövründən etibarən biz köhnə binaların söküntüsünü müşahidə etmirik. Köhnə binaların sökülməsi baş vermir. Yalnız öncəki dövrdə sökülən binaların yerində yenisinin inşası davam etdirilir. Bu amil hazırda deyil, gələcəkdə qiymətlərə təsir göstərə bilər. Yeni binaların tikilməsinin az olması, tələbin isə ildən-ilə yüksəlməsi cari ildə deyil, növbəti illərdə qiymətə təsir göstərə biləcək. Cari ildə kirayə mənzil bazarında hər hansı sıçrayışlı qiymət artımının baş verməsi gözlənilmir”.

Karantin dövründə insanların həyət evləri deyilən fərdi yaşayış evlərinə üstünlük verdiyini qeyd edən ekspert vurğuladı ki, mart ayından etibarən həyəti olan evlərin, bağ evlərinin kirayə qiymətləri kəskin artıb: “Biz hətta sözügedən dövrdə qiymətlərin iki dəfə artdığının şahidi olduq. Əvvəlki illərdə 2000 manata təklif olunan bağ evləri hətta 4000 manata yüksəldi. Fantastik  qiymətə təklif olunan, aylığı 20 min manat olan evlər də var idi. İndi isə həmin qiymətlər qüvvədə deyil. İnsanlar artıq bina evlərində yaşamağa üstünlük verirlər. Bağ evlərinə maraq həm də mövsümlə əlaqəli idi, həm də karantinlə bağlı məqam idi. İndi vəziyyət dəyişib. Bağ evlərinə maraq  hələ ki, qalsa da, oktyabr ayında bu öz qüvvəsini demək olar ki, itirəcək və həmin bağ evləri boşalacaq. İnsanlar şəhərdə olan mənzillərə axın edəcəklər. Hər il bu amil mövsümi  olaraq bu tendensiya müşahidə olunur. Həm bağ evlərinin, həm həyət evlərinin qiyməti artıma doğru gedir. Payız-qış aylarında isə qiymətlər azalır”.

Həmçinin oxuyun

Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR

Ötən ilin dekabr ayında Böyük Britaniyada “Agro Group Ltd” adlı şirkət təsis olunub.Yeniavaz.com Böyük Britaniyanın …