Şənbə , May 25 2024
Ana səhifə / İqtisadiyyat / Bu bank üçün “əcəl zəngi” çalınır

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.

Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən ayrılıb. Onun yerinə isə bankın audit komitəsinin üzvü Ramin Hüseynov təyin edilib. 

Qeyd edək ki, ilin əvvəlində “Bank BTB”-nin İdarə Heyətinin sədr müavini Rauf Qurbanov bankdan ayrılmışdı. Paralel olaraq bir neçə departament rəhbəri və işçilərin də bankdan ayrıldığı haqqında məlumatlar var. Bankdakı mənbənin verdiyi məlumata görə, yüksək əməkhaqqı verməmək üçün artıq bir ildir ki, bankın İdarə Heyətinə sədr təyin edilmir. 

İH sədrinin birinci müavini Eldəniz Hüseynov həm də sədr vəzifəsini icra edir. 

İdarə Heyətinin keçmiş sədri Emil Rzayev ötən il mart ayında bankdan kənarlaşıb. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Beləliklə, artıq bir neçə nəfər “Bank BTB”-dən işdən ayrılıb, bu bankda “təhlükə zənglərinin çaldığını”n göstəricisidirmi? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, ümumən “Bank BTB”dən bir neçə nəfərin işdən hansı səbəblə çıxmasının səbəbini bilmək olmur:

“Çünki ola bilər ki, daha yaxşı bir iş əldə edib. Banklarda zamanla belə proseslər olur. “Bank BTB”ni mən heç vaxt ciddi bank kimi qəbul etməmişəm. Həmin bankın heç vaxt güclü kadrları olmayıb.

İndi ola bilər ki, ya işçiləri digər işə qəbul edilib, yaxud maaş problemi yaşanıb. Hansısa vəzifənin yerinə namizədin olmaması onu göstərir ki, kadr özü gedib. Çünki adətən çıxaranda namizədi tapıb, sonra həmin həmin şəxsi vəzifədən azad edirlər”. 

Ekspertin sözlərinə görə, əgər bir bank işçilərin əmək haqqını vermirsə, o, əslində bank deyil:

“Başqa şirkətlərdə zaman-zaman belə hallar ola bilər, amam bankın pulu hər zaman olmalıdır. Azərbaycanda yüksək maaş verməyən banklar ya çox böyük, ya da çox kiçik banklardır. Ən yüksək maaş ölkədə orta səviyyəli banklardadır. Kiçik bankların bir qayda olaraq imkanı yoxdur, hesab edirlər ki, burada elə də iş yoxdur, kadrları az, elə də yüksək səviyyəli olmurlar. Məsələn, “BTB”kimi banklar hesab edirlər ki, niyə yüksək maaş verməliyəm? Böyük bankların rəhbərləri yaxşı maaş alır, ancaq orta, kiçik səviyyəli işçilərə yüksək maaş vermirlər. Hesab edirlər ki, Allaha şükür edin ki, bizim kimi bankda çalışırsız. Həm də həmin bankların rəhbərləri ilin sonunda bonus alırlar. Bu mükafat da ilin sonunda bankın göstəricilərinə uyğun olur. Bank əgər yaxşı məbləğlə ili başa vurubsa, rəhbərlər həmin mükafatı alırlar. Ona görə də banklar daha çox maraqlıdır ki, orta səviyyəli və kiçik vəzifəlilərə yüksək maaş verməsinlər, ilin sonunda daha çox mənfəəət əldə etsinlər. Bu baxımdan yüksək maaş bir qayda olaraq orta səviyyəli banklarda olur. Onlar real özəl banklardır, inhisarçı deyillər, dövlətə bağlı deyillər. Ona görə də onlara yaxşı işçilər lazımdır ki, yaxşı xidmət göstərib müştəriləri cəlb etsinlər”. 

Ekspert qeyd edib ki, ancaq bu, “BTB” kimi bank üçün problemdir: 

“Çünki orada kadr yetişdirilmir. Bank özü nə gücdədir
ki, kadr da yetişdirsin. O bank üçün problem ola bilər. Ancaq deyə bilmərik ki, bu bank mütləq bağlanacaq. Ümumilikdə isə kadrların işdən çıxması mənfi haldır”. 

Həmçinin oxuyun

Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 …