Ana səhifə / İqtisadiyyat / Britaniya mətbuatı: Erdoğan Suriya qaçqınlarına niyə vətəndaşlıq vəd edir?

Britaniya mətbuatı: Erdoğan Suriya qaçqınlarına niyə vətəndaşlıq vəd edir?

“The Financial Times” qəzeti yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriya qaçqınlarına vətəndaşlıq vermək istəyir.

Məqalədə deyilir ki, prezidentin qaçqınlara bu təklifi nəinki ölkə daxilində ictimai fikri haçalaya, hətta Brüssellə Ankara arasında miqrant sazişinin icrasını mürəkkəbləşdirə bilər.

Erdoğan bu barədə ölkənin cənubunda yerləşən Kilis şəhərində etdiyi çıxışında deyib.

Qəzet yazır ki, indi bu şəhərin əhalisi qaçqınların hesabına iki dəfə artıb.

Prezident deyib ki, Türkiyə Daxili İşlər Nazirliyi Suriya qaçqınlarına vətəndaşlıq təklif etməyə hazırlaşır.

“Bu gecə mən qardaşlara və bacılara yaxşı bir xəbər vermək istəyirəm, – deyib Erdoğan iftar yeməyində, – Mən inanıram ki, qardaş və bacılarımızın arasında Türkiyə Respublikasının vətənadaşı olmaq istəyənlər var. Türkiyə sizin evinizdir”.

Cənab Erdoğan bu təklifin hazırda Türkiyəyə sığınmış 2,7 milyon suriyalının hamısına aid olub-olmadığını dəqiqləşdirməyib.

Bundan əvvəl Türkiyə bəyan etmişdi ki, əgər iş sahibləri xərcləri öz üzərlərinə götürsələr, iş tapan suriyalılara əməkçi icazəsi veriləcək.

Türkiyə hökumətinin bir rəsmisi bildirib ki, prezidentin təklifi hələlik niyyətdir və hökumət bu istiqamətdə müəyyən işlər görür.

Narahatlıq

Image copyrightAP
Image captionErdoğanın tənqidçiləri deyirlər ki, suriyalılara vətəndaşlıq verməklə prezident qarşıdakı seçkilərdə hakim partiyanın elektoratını genişləndirmək istəyir

“The Financial Times” yazır ki, cənab Erdoğanın çıxışı Türkiyə ilə Avropa İttifaqı arasında miqrant axınına dair imzalanmış saziş üşün müəyyən çətin suallar yaradır.

Məsələ burasındadır ki, Avropa İttifaqı Türkiyəyə miqrant axınının dayandırılması müqabilində ölkə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi üçün icazə verməlidir.

Məqalədə deyilir ki, Türkiyə ilə imzalanmış bu sazişin icrası üçün Avropa İttifaqı Ankaradan ölkənin yeni antiterror qanununun ləğv edilməsini tələb edib.

Bu güzəşt edilmədən Türkiyəyə Şengen zonasına giriş verilməsi perspektivi suallar doğurur.

İndi isə Erdoğanın bu çıxışı Avropa İttifaqı liderlərinin ciddi narahatlığına səbəb olacaq. Belədə suriyalı adı ilə, Avropaya İslam Dövləti adlanan təşkilatın əməliyyatçıları da soxula bilər.

Erdoğan üçün 1 milyonluq elektorat

Öz ərazisində rekord sayda Suriya qaçqınına sığınacaq verən Türkiyə indiyədək Avropa liderlərini öz ölkələrinin qapılarını Suriya qaçqınlarının üzünə bağlamaqda ittiham edib.

“The Financial Times” yazır ki, Türkiyədə düşərgələrdən kənarda yaşayan çox sayda suriyalı iş axtarır, habelə səhiyyə və təhsil müavinətləri almağa çalışırlar.

Məqalədə deyilir ki, yüz minlərlə suriyalı tarlalarda və fabriklərdə qanunsuz istismar edilir.

Onları normadan artıq saatlarla işlədir, lakin minimum əməkhaqqından qat-qat az məvacib verirlər.

“The Financial Times” yazır ki, suriyalılara tam vətəndaşlıq verilməsi Türkiyədə onların vəziyyətini yaxşılaşdıra bilər.

Bununla belə, prezident Erdoğanın təklifinin geniş ictimaiyyət və onun opponentləri tərəfindən əsəbiliklə qarşılandığı deyilir.

Erdoğanın tənqidçiləri deyirlər ki, Suriya qaçqınlarına vətəndaşlıq verməklə prezident qarşıdan gələn seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının elektoratını genişləndirmək məqsədi güdür.

Müxalif CHP-dən olan millət vəkili Erdoğan Toprak Hurriyet qəzetinə deyib ki, Suriya qaçqınlarına vətəndaşlıq verilməsi 2019-cu il seçkilərində hakim AKP üçün əlavə olaraq 1 milyon seçici yaradacaq.

Analitiklər deyirlər ki, Suriya qaçqınlarının Türkiyəyə sığınması artıq bu ölkənin iqtisadiyyatına 3 milyon əlavə istehlakçı verib.

Tony Blair həbsxanaya salına bilərmi?

Image copyrightGETTY
Image captionMillət vəkilləri inanırlar ki, Britaniyanın keçmiş baş naziri Tony Blair ölkəni əsassız yerə müharibəyə sürüklədiyi üçün mühakimə olunmalıdır

“The İndependent” yazır ki, Britaniya Parlamentinin bir sıra deputatları keçmiş baş nazir Tony Blair-in cəzalandırılması üçün “çox qədim” parlament qanunundan istifadə etmək istəyirlər.

Məqalədə deyilir ki, bütün partiyalardan olan millət vəkilləri tərəfindən dəstəklənən bu parlament təşəbbüsü keçmiş leyborist lider barədə Chilcot təhqiqatının hesabatının açıqlanmasından sonra müzakirəyə çıxarıla bilər.

Sözü gedən millət vəkilləri Tony Blair-i İraq müharibəsi ilə bağlı Britaniya parlamentini aldatmaqda ittiham edirlər.

1806-cı ildən bəri ilk dəfə

Millət vəkilləri inanırlar ki, 1997-2007-ci illərdə baş nazir olmuş Blair ölkəni əsassız olaraq müharibəyə sürüklədiyinə və 167 əsgərin ölümünə bais olduğuna görə mühakimə olunmalıdır.

“The İndependent” yazır ki, bu qanundan 1806-cı ildən bu yana istifadə olunmayıb.

O vaxt Mühafizəkar Partiyadan olan nazir – lord Melville rəsmi maliyyə fondlarından sui-istifadə etdiyinə görə cəzalandırılmışdı.

Təşəbbüsçü millət vəkilləri inanırlar ki, əgər Tony Blair, özünün dediyi kimi Chilcot araşdırmasından “təmiz çıxarsa”, onu 1806-cı il İmpiçment qanunu ilə mühakimə etdirə bilərlər.

“The İndependent” yazır ki, bu prosesin başlanması üçün millət vəkillərinin sadəcə olaraq təşəbbüs qaldırması və bu təşəbbüsdə İmpiçment qanununa əsaslanması kifayətdir.

Əgər bu təşəbbüs parlament tərəfindən dəstəklənərsə, Tony Blair-in məsələsi Lordlar Palatasında Black Rod deyilən centlmen komissiyasına göndərilə bilər.

Bu komissiyada nəzəri baxımdam cənab Blair həbsxana cəzasına məhkum edilə bilər.

Hərbi cinayətlər

Ötən il Leyborist Partiyasının lideri Jeremy Corbyn keçmiş baş nazirin hərbi cinayətlərə görə mühakimə edilməsi tələbi ilə çıxış etmişdi.

“Biz o vaxt fəlakətli, qanunsuz, külli miqdarda pul və çox sayda insan itkisinə səbəb olmuş müharibəyə girmişik” – demişdi Corbyn.

Onun sözlərinə görə, hazırda Avropanı bürümüş miqrant böhranının başlanmasına məhz bu müharibə səbəb olub.

Deyilənlərə görə 2,6 milyon sözlük hesabatda cənab Blair birbaşa ittiham edilmir. Bu sənəddə əsasən müharibə barədə qərarın qəbul olunması təfərrüatları yer alacaq.

Bu müharibə bəzi təxminlərə görə 150 minlə 600 min arasında iraqlının ölümnünə bais olub.

Bu ilin əvvəllərində Şotlandiya Millətçi Partiyasının keçmiş lideri Alex Salmond demişdi ki, Chilcot hesabatında müharibə qərarının Tony Blair və ABŞ prezidenti George Bush arasında şəxsi əsasda qəbul olunduğu barədə məlumat ola bilər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın