Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bölgənin üç aparıcı dövlətinin başçısı bir arada – ermənilər narahatdır

Bölgənin üç aparıcı dövlətinin başçısı bir arada – ermənilər narahatdır

İrəvanda növbəti etiraz aksiyası təyin edildi; hərbi və siyasi ekspertlər işğalçı ölkədə və Qarabağ ətrafındakı son durumu şərh edirlər…

Qarabağ danışıqlarında növbəti mərhələnin başlandığı barədə anonsların fonunda Ermənistanda narahatlıqlar yenidən baş qaldırıb. İşğalçı ölkədə artıq zəbt olunan ərazilərinin bir hissəsinin Azərbaycana qaytarıla biləcəyindən dolayı narahatlıqlar müşahidə olunmaqdadır. 
 
17-31 iyul tarixlərində Ermənistan polisinin post-patrul xidməti alayını zəbt edən silahlıların təslim olması ilə daxildəki gərginlikləri yatırdığını zənn edən prezident Serj Sərkisyan artıq yeni təhdidlərlə üz-üzə qalıb. Qeyd edək ki, “Sasna srer” qrupunun üzvləri həm də keçmiş Qarabağ döyüşçüləridir və onlar güzəştli sülhə qarşı çıxanların da dəstəyini qazanıblar. Müəyyən fasilədən sonra Ermənistanda yeni kütləvi etiraz aksiyasının vaxtı açıqlanıb (Strateq.az). 
Polis alayını ələ keçirən silahlıları dəstəkləyənlər ötən şənbə aksiya keçirib. Növbəti aksiya isə avqustun 8-nə təyin edilib. Nümayiş təşkilatçılarından biri bunu Putinlə Sərkisyanın görüşünə təzyiq kimi keçirəcəklərini deyib: “Avqustun 10-da Sərkisyan Putinlə görüşəcək. Bu zaman Qarabağ məsələsində hansısa güzəştlər oluna bilər. Bizim Azadlıq meydanına yığışmağımız böyük təsir göstərə bilər. Ona görə biz 8-9 avqustda yığışacağıq”.
Xüsusilə də bu ərəfədə daha bir banda üzvünün həbsi etirazları artırıb. İrəvanın Arabkir və Kanaker inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsi iyulun 17-də Ermənistan paytaxtında İrəvanda polis post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvü Armen Lambaryan barəsində həbs qətimkan tədbiri seçib (Virtualaz.org). Yaralı Armen Lambaryan “Erebuni” xəstəxanasından xərəkdə məhkəməyə aparılıb. O, məhkəmədən məhkumlar üçün xəstəxanaya göndərilib. Lambaryanın vəkilinin sözlərinə görə, məhkəmə onun girov müqabilində azadlığa buraxılması barədə vəsatətini rədd edib. Armen Lambaryana qarşı Cinayət Məcəlləsinin 235-ci (Mütəşəkkil qrup tərəfindən qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğunun əldə olunması, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi) və 219-cu (Mütəşəkkil qrup tərəfindən bina, tikili, nəqliyyat vasitəsi və s. ələ keçirilməsi) maddələri üzrə ittiham irəli sürülüb. Silahlı dəstənin daha 47 üzvünə də ağır ittihamlar elan olunub. Bir sıra müşahidəçilər baş verənləri Sərkisyanın oyunu hesab etsə də, müşahidələr göstərir ki, faktiki olaraq Ermənistan qaynayır. Hətta orduda da özbaşınalıq və ruh düşkünlüyü o həddədək aşağı düşüb ki, təkcə son günlər postda iki intihar hadisəsi baş verib.
Məhz bu gərgin proseslərin cərəyan etdiyi vaxtda erməni cəmiyyətini silkələyən yeni xəbər yayılıb. “Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verilməsi sülh sazişində razılaşdırılacaq”. Bu barədə erməni “Ani” tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir. İşğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirən məruzəyə artıq Ermənistan XİN-dən reaksiya bildirib. Xarici İşlər Nazirliyindən əsəbi tərzdə qeyd olunub ki, bu, ekspertlərin işinin nəticəsidir (Virtualaz.org). Ancaq bununla birlikdə, erməni ekspertlər təfərrüatları da nəzərə çatdırıblar. Belə məlum olub ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır. Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır.
***
Qarabağ ətrafında yayılan söhbətlərə həssaslığın artmasının səbəbi təkcə Rusiyanın vasitəçiliyi ilə aparılan proseslər, Rusiya XİN başçısı Sergey Lavrovun “tərəflər razılaşmaya heç vaxt bu qədər yaxın olmayıblar” məzmunlu açıqlaması və buna bənzər digər faktorlar deyil. Ermənistan əhalisini və Qarabağ separatçılarını daha çox narahat edən həm də Bakıda keçiriləcək Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşüdür. İşğalçılar şübhə etmir ki, bölgə üçün böyük fəlakətlərə gətirib çıxara biləcək Qarabağ ocağının söndürülməsi istiqamətində danışıqlar üç region dövlətinin birgə görüşündə əsas müzakirə mövzusu olacaq. Ermənistanın iştirak etmədiyi toplantıda hansısa qərarın verilə biləcəyi də düşmənin rahatlığını pozub. Düzdür, S.Sərksiyan elə Bakı toplantısından iki gün sonra özünü Moskvaya yetirəcək və Putinin qarşısında əmr müntəzir duracaq. Bu mənada ola bilsin ki, Rusiya lideri Bakıdan alacağı cavabla Sərksiyanı hali etmək üçün onu Rusiyaya çağırıb. Ancaq Ermənistandakı müharibə tərəfdarları hesab edir ki, S.Sərksiyanın “canımı verərəm, Qarabağı vermərəm” bəyanatı sadəcə, şou xarakterlidir və ona inanmaq olmaz. Bu mənada Sərksiyanın Moskva səfərindən sonra xalqına verəcəyi hesabat da onun taleyinə həlledici təsir göstərə bilər.
 
Hələ ki, nəzərlər 8 avqustdakı böyük toplantıya dikilib. Düzdür, toplantıda daha çox iqtisadi layihələrin müzakirə mövzusu olacağı güman edilir. Lakin iqtisadi layihələrin dayanıqlığı həm də bölgədəki müharibə alovunun birdəfəlik söndürülməsindən keçir. Aprel savaşı da sübut etdi ki, Qarabağ müharibəsi hər an böyük fəlakətlərə yol aça, bütün layihələrin üstündən xətt çəkə bilər. 
Bu mənada Qarabağ münaqişəsinin həllindən danışılacağı şübhəsizdir.
Artıq İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti arasında təkbətək görüş olub. Sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib. Avqustun 8-də isə Rusiya prezidentinin də iştirakı ilə üçtərəfli görüş keçiriləcək – ermənilərin İrəvanda aksiya təyin etdiyi gün.
***
Siyasi şərhçi Elxan Mehdiyev hesab edir ki, üç ölkə prezidentləri birlikdə, yəni üçtərəfli görüşdə, Qarabağı müzakirə etməyəcək: “Üçtərəfli görüşlər ancaq üç ölkənin qurmaq istədikləri gələcək iqtisadi platformalar üzərində olacaq. Erməni işğalı məsələsi ikitərəfli Putin-Əliyev görüşündə olacaq və düşünürəm ki, danışıqlar Sankt-Peterburqda əldə olunan perspektivlərin inkişafı üzərində qurulacaq. Əlbəttə ki, Putin gəlməzdən öncə yenə də bu işin üzərində hər iki tərəflə söhbət gedib və rasional düşüncə onu deməyə imkan verir ki, Putin bu görüşdə daha konkretliyə gedəcək. Ona görə də Sərkisyanın Moskva səfəri də bu görüşdən sonraya təsadüf edir”.
Lakin E.Mehdiyevin fikrincə, erməni tərəfinin niyyəti başqadır: “Məsələ bundadır ki, Sərkisyan torpaqlardan çıxmaq istəmir. Putin dediyi ”bizim hazır reseptlərimiz yoxdur” ifadəsi erməni tərəfinin müqavimətinə görə deyilib. Yəni bu, o deməkdir ki, tərəfləri məcbur etməyəcəyik. Sərkisyan indi danışıqlarda xoş mühit yaratmaqla öz dövrünü başa vurmaq istəyir. Onun bəyanatları bunu deməyə tam imkan verir. Ermənistandakı mövcud durum Sərkisyanın torpaqlardan çıxmasına imkan vermir. Əks halda, hakimiyyətə can atan qüvvələr zorakılığa əl atacaq və vəziyyət onun devrilməsinə qədər gəlib çıxacaq. Bu baxımdan indi düşünsək ki, Sərkisyan Dağlıq Qarabağa Azərbaycanın suverenliyi çərçivəsində veriləcək status müqabilində ətraf rayonları azad edəcək, bu, sadəlövhlük olardı. Bu məsələni ancaq Azərbaycan ordusu həll edə bilər. Ordumuz torpaqları azad edəndən sonra onlar bizə qarşı deyil, bir-biri ilə savaşacaq. Mən düşünürəm ki, İlham Əliyev Rusiya prezidentinə Sərkisyanın əsil niyyətlərini çatdırmalıdır”.
Siyasi şərhçi üçtərəfli görüşün önəmi ilə bağlı digər məqama da toxundu: “Bu cür üçtərəfli görüşün Bakıda və Azərbaycanla bərabərhüquqlu keçirilməsi Azərbaycanın bir dövlət kimi oturuşması və suverenliyi baxımından çox əhəmiyyətlidir və tarixi bir hadisədir. Çünki Azərbaycan xalqının keçmişi İran və Rusiya ilə bağlı olmuş və müstəqil Azərbaycanın gələcəyi də bu iki dövlətlə münasibətlərin necə qurulmasından az asılı olmayacaq. Azərbaycanın bu işdə olması və onun dövlət suverenliyi və təhlükəsizliyi üçün vacib amildir. İkinci tərəfdən, bu cür birlik erməni işğalına qarşı da Azərbaycanın mövqeyini gücləndirir”.
 
E.Mehdiyevin qənaətincə, Ərdoğanın səfərinin Qarabağla bağlılığı yoxdur: “O, ancaq Türkiyənin tənəzzülə uğrayan iqtisadiyyatını dirçəltmək üçün Putinlə işbirliyinə getməyə çalışacaq. Amma Rusiya hökuməti heç də ona dərhal əl uzatmayacaq. Çünki Rusiya Türkiyənin indiki durumunu yaxşı bilir”.
 Politoloq  Hikmət Hacızadə də qarşıdakı görüşlərdən müsbət nəticə gözləmir:  “Ayının min oyunu bir armudun başındadır. Yəni Rusiya da, İran da çalışır ki, Azərbaycanı Qərbdən qoparıb Moskva-İrəvan-Tehran oxuna birləşdirsinlər. O ki qaldı Qarabağ məsələsinə, burada vəziyyət eyni ilə qalır: 1. Rusiyanın razılığı olmadan Azərbaycan Ermənistana hücum edə bilməz; 2. Rusiyanın qoşunu sülhməramlı qüvvələri kimi Azərbaycanla Ermənistan arasında yerləşməyənə qədər Moskva Azərbaycana hərbi əməliyyatlar keçirməyə icazə verməyəcək; 3. Görünür ki, Azərbaycan hələ də dirənib və Rusiya ordusunu ölkəyə buraxmır. Putin də məhz bu məsələ üçün danışıqlar aparacaq”. H.Hacızadə Sərkisyanın Rusiyaya çağırılmasını səbəbsiz saymır: “Ola bilsin ki, Sərkisyan da müxalifətdən çəkinir deyə, dirənib və rayonları vermək istəmir”.
Bu mərhələdə Türkiyənin Qarabağ danışıqları ilə bağlı prosesə qartıla biləcəyi də müzakirə mövzusudur. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Türkiyəyə səfər etməyi nəzərdə tuturdu. Ancaq elə səfər ərəfəsində qardaş ölkədə çevriliş cəhdi oldu və həmsədrlərin istəyi reallaşması. Növbəti mərhələdə Türkiyə Qarabağ prosesinə qatıla bilərmi? Xüsusilə Rusiya ilə barışdığı bir zamanda bu, mümkündürmü?
H.Hacızadə: “Yox, Türkiyə prosesə qatıla bilməz. Rusiya salamat olduqca o, məsələyə heç kəsin müdaxilə etməsinə imkan verməyəcək. Gərək Rusiya zəifləsin, onda Türkiyə və ya başqa ölkələrə nə isə edə bilər”.
Müharibə ehtimalı isə yenə də qalmaqdadır. Ermənilər qanunsuz məskunlaşmanı davam etdirirsə, mövqelərini möhkəmləndirirsə, şübhəsiz ki, hərb variantı alternativ olaraq qalacaq.
Hərbi ekspert Üzeyir Cəfərov qeyd etdi ki, bu qədər mühüm görüşlər və müzakirələr fonunda bizim Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən Qarabağ məsələsi ilə bağlı zahirən böyük ajiotaj olsa da, ortalığa heç bir konkret nəticə çıxmayacaq: “Ən azından özümüz-özümüzü aldatmayaq ki, sonradan peşman olmayaq. Aprelin əvvəllərində vəziyyətin nəhayət ki, dəyişəcəyi ilə bağlı yaranmış ümidlər də, məncə, artıq yavaş-yavaş arxa plana keçir. Sözsüz ki, yenə cəbhədə qan töküləcək, yenə şəhidlər, yaralanan insanlar olacaq, bəlkə də ömürlük şikəst olacaqlar. Bunu görməmək və sadəcə proqnozlaşdırmamaq mümkün deyil. Biz ATƏT-ə, onun bivec Minsk Qrupuna çox ümidlər bəslədik. 20 ildən artıq bu qurum və onun başbilənləri sadəcə boş-boş, mənasız danışıqlar aparmaqla, görüşlər təşkil etməklə düşmənə vaxt qazandırdılar”.
 
Ü.Cəfərova görə, Rusiya 90-cı illərdə olduğu kimi Ermənistanı necə lazımdırsa, həm maddi, həm də mənəvi dəstəkləyir: “Buna heç kimin şübhəsi olmamalıdır ki, onlar Cənubi Qafqazda bizi tutub, öz vassalarından imtina etməyəcəklər. Əksinə, biz özümüz bizi gözləyən təhlükələrdən sığortalanmaq üçün ciddi-ciddi addımlarımızı düşünməli və ağıllı qərarlar qəbul etməliyik”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın