Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Biznes kreditlərinin kompensasiya olunması ədalətli yanaşmadır

Biznes kreditlərinin kompensasiya olunması ədalətli yanaşmadır

Azərbaycan hökuməti fiziki şəxslərdən sonra devalvasiya nəticəsində zərərlə üzləşmiş hüquqi şəxslərə də dəstək mexanizmi hazırlayır. Bu barədə maliyyə naziri Samir Şərifov bu günlərdə mərkəzi televiziyaya müzahibəsi zamanı məlumat verib. Maliyyə nazirinin dediyindən aydın olub ki, hökumət hüquqi şəxslərin ödənilməyən borcları ilə bağlı da iş aparır: “Bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər. Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir. Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun  maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək”.

Onu da qeyd edək ki, bir çox ekspertlər problemli kreditlərin əsas hissəsinin fiziki şəxslərə deyil, məhz hüquqi şəxslərə məxsus olduğunu bildirirlər. Son illərdə kredit götürənlərlə bağlı statistikada müəyyən məhdudiyyətlər tətbiq olunduğu üçün bu gün Azərbaycanda nə qədər sahibkarlıq subyektinin problemli kreditinin olduğunu söyləmək mümkün deyil. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il mayın 1-də yaydığı məlumatdan aydın olur ki, o zaman üçün ölkədə kredit təşkilatlarına borcu olan 2 milyon 414 min 122 nəfərin 2 milyon 381 min 592 nəfəri fiziki şəxs olub. Ondan sonra Reyestrin açıqladığı məlumatlarda kredit götürənlər arasında hüquqi və fiziki şəxslərin sayına dair bölgü əksini tapmayıb. Reyestrin kredit götürənlərin sayına dair son məlumatı 2016-cı ilin fevral ayının yekunlarını əks etdirir. Həmin məlumata görə, Azərbaycanda 2 milyon 555 min 645 nəfər borcalan  qeydə alınıb.

Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, devalvasiyadan zərərçəkən tərəflərdən biri də hüquqi şəxslərdir: “Bu baxımdan, onların da üzləşdiyi zərərin heç olmasa bir qisminin kompensasiya olunması ədalətli yanaşmadır. Sadəcə, düşünürəm ki, hüquqi şəxslərin hamısının deyil, mikro, kiçik və orta sahibkarların mənafeyi önə çəkilməlidir. İri holdinqlərin borclarının dövlət büdcəsi hesabına kompensasiya olunmasına gedilməməlidir”.

S.Əliyev hesab edir ki, hüquqi şəxslərlə bağlı qərar verilərkən kompensasiya olunacaq məbləğ artırılmalıdır:“Kredit qalığının azı 50 faizinin artan məzənnə xərcləri kompensasiya edilməlidir”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rəşad Həsənov da hesab edir ki, hüquqi şəxslərin devalvasiya nəticəsində üzləşdiyi maliyyə itkisinin qaytarılması düzgün addım olacaq: “Əlbəttə, hüquqi şəxslər də devalvasiya qərarından təsirlənən qruplardandır. Bir gecədə onların maliyyə yükü kəskin şəkildə artıb. Bu baxımdan, onların zərərinin qarşılanması mütərəqqi bir addım olar. Nəzərə almaq lazımdır ki, hər hansı bir qərar hazırlayarkən mikro, kiçik və orta sahibkarlıq diqqət önünə gətirilməlidir. Onlar üçün dəymiş zərərin kompensasiyası, yaxud qismən ödənilməsi mexanizmi hazırlanmalıdır. Sonrakı mərhələdə isə iri sahibkarlıq subyektlərinin də devalvasiya nəticəsində üzləşdiyi zərərin qarşılanması məsələsinə baxılmalıdır. Burada differensial mexanizm tətbiq edilə bilər. Məsələn, bir hüquqi subyektə dəyən zərərin müəyyən faizinin – tutalım ki, 50 faizinin, yaxud 70 faizinin ödənməsi nəzərdə tutula bilər. Digər yanaşma, sahibkarlıq subyektlərinin bölgüsünə uyğun tətbiq oluna bilər. Məsələn, mikrosahibkarlıq subyektlərinin zərərinin 80 faizinin, orta sahibkara dəyən zərərin 70 faizinin, iri sahibkarın isə zərərin 40 faizinin ödənməsi mexanizmi tətbiq oluna bilər”.

Ekspert deyir ki, hüquqi şəxslərin devalvasiya nəticəsində dəyən zərərinin kompensasiya edilməsi bütövlükdə ölkə iqtisadiyyatında aktivliyi artıra biləcək addım ola bilər: “Bu gün ölkədə maliyyə mənbələrinə çıxış çox məhduddur. Biz əgər iqtisadiyyatın diversifikasiya olunmasından, qeyri-neft iqtisadiyyatının inkişafından, dayanıqlı iqtisadiyyatın formalaşdırılmasından danışırıqsa, iqtisadiyyatın maliyyə resursları ilə təminatına, maliyyə mənbələrinin genişlənməsinə də diqqət yetirməliyik. O cümlədən biznesin maliyyəyə çıxış imkanlarının artırılmasına nail olmalıyıq. Mərkəzi Bankın qərarından yaranan zərərin ödənməsi müasir texnologiyaların, innovasiyaların tətbiqinə, dövriyyənin genişləndirilməsinə, bütövlükdə iqtisadiyyatda aktivliyin tətiklənməsinə gətirib çıxara bilər”.

R.Həsənovun fikrincə, fiziki şəxslərlə bağlı mexanizmdə də təkmilləşmə aparılmalıdır: “Belə etmək olar ki, hər bir kredit götürənin 10 min dollara qədər olan kredit məbləği üzrə zərər kompensasiya olunsun. Bu, daha ədalətli bir yanaşma olar, hər kəs dövlətin dəstəyindən yararlana bilər”. (Musavat.com)

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …