Şənbə , Oktyabr 23 2021
Ana səhifə / İqtisadiyyat / Biznesə və fiziki şəxslərə dəstək tədbirinin müddəti uzadılıb

Biznesə və fiziki şəxslərə dəstək tədbirinin müddəti uzadılıb

Azərbaycan hökuməti biznes və ev təsərrüfatlarını koronavirus pandemiyasının təsirlərindən qorumaq üçün tətbiq olunan bir sıra mexanizmləri davam etdirir. Belə mexanizmlərdən biri Mərkəzi Bank tərəfindən tətbiq olunur və maliyyə sektoruna dəstəyi nəzərdə tutur.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti “Tədbirlər Planı” təsdiq edib. Mərkəzi Bank həmin plana uyğun olaraq ötən ilin aprelində maliyyə sektoruna dəstəkləyici Tədbirlər Paketi hazırlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, qurum oktyabrın 1-də müddəti bitən paketin vaxtını ilin sonuna qədər artırıb: “Maliyyə sektorunun cari vəziyyəti, maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankı requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və adekvat qərarlar qəbul edir. İqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılıb, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb. Belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılıb və 1 yanvar 2022-ci il tarixinə qədər qüvvədə saxlanılıb”.

Maliyyə sektorundakı dəstəkləyici tədbirlər biznes və ev təsərrüfatları üçün nə qədər səmərəlidir? Praktik baxımdan bu tədbirlər əhalinin və biznesi pandemiyanın yaratdığı problemlərdən qoruya bildimi?

İqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, Azərbaycanda iqtisadiyyatın və əhalinin pandemiyanın təsirlərindən qorunması məqsədilə tətbiq olunan dəstək mexanizmləri arasında ən zəifi maliyyə sektoruna yönəlik mexanizm olub: “Bu sahədə dünya praktikasında biznesə və fiziki şəxslərə ciddi kredit tətillərinin verilməsi, borcların bir hissəsinin kompensasiya edilməsi kimi təsirli dəstək mexanizmləri tətbiq olundu. Azərbaycanda bu mexanizmlərdən istifadə olunmadı. Bizdə maliyyə institutlarına, banklara, bank olmayan kredit təşkilatlarına daha çox tövsiyə xarakterli və prudensial məsələlərdə müəyyən güzəştlər tanındı. Bunlar tövsiyə xarakterli olduğu üçün bir sıra hallarda onlara əməl olunmamasının da şahidi oluruq. Çünki tövsiyə xarakterli sənədlər əsasında Mərkəzi Bank kommersiya banklarının fəaliyyətinə tam müdaxilə edə bilməz. Sadəcə, təbii ki, sahibkarlar burada müəyyən qədər problemli müştəri siyahısına düşməkdən yayına bilirlər. Yaxud da ki, bəzi banklar müəyyən sahibkarlar üçün mövcud şəraiti dəyərləndirməklə öz müştəri kontingentini qorumaq xarakterli tədbirlər həyata keçirirlər. Mərkəzi Bankın müddəti uzadılan dəstəkləyici tədbirinin biznesin və ev təsərrüfatlarının kreditə əlçatanlığının artırılması, yaxud sahibkarın maliyyə-təsərrüfat fəaliyyətinin pisləşməsinin qarşısının alınmasında böyük təsiri olmayacaq. Belə böyük təsir bu günə qədər olmayıb, üç ayda da gözlənilən deyil”.

Qeyd edək ki, Mərkəzi Bankın dəstəkləyici tədbirləri qüvvədə olduğu müddətdə  – bu ilin ilk 7 ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği artıb.Yalnız avqust ayında azalma qeydə alınıb. AMB-nin məlumatına əsasən Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 904,2 milyon manat təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 3,55 faiz azdır. Problemli kreditlər ilin əvvəlinə nisbətən 1,2 faiz artıb, son 1 ildə isə 15,1 faiz azalıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,8 faiz təşkil edib. Bu nisbət iyulun sonuna və ötən ilin sonuna 6,1 faiz, ötən il iyulun sonuna isə 7,3 faiz olub. Mərkəzi Bankın dəstəkləyici tədbirlər çərçivəsində banklara verdiyi tövsiyə problemli kreditlərin artmasında stimullaşdırıcı rol oynaya bilərmi?

Ekspertin fikrincə, Mərkəzi Bankın tövsiyəsinin problemli kreditlərin artmasını stimullaşdırmaq baxımından müəyyən təsirinin olması mümkündür: “Amma bir məsələni qeyd edim ki, Mərkəzi Bankın tövsiyələri arasında kreditini ödəməkdə çətinlik çəkən müştərinin adının qara siyahıya salınmaması, kreditin problemli kateqoriyasına daxil edilməməsi də var. Yəni bir tərəfdən bank və bank olmayan kredit təşkilatlarına ödənişləri gecikdirən müştərilərlə yumşaq davranmağın tövsiyə edilməsi problemli kreditlərin həcminin artmasına qarşı addım kimi çıxış edirsə, digər tərəfdən, müştəriləri, kredit götürənləri də arxayınlaşdırmaqla ödənişlərdə fasilələrin çoxalmasını stimullaşdırır. Bu baxımdan, Mərkəzi Bankın tövsiyəsi problemli kreditlərin uçotunun dəqiq aparılmasına imkan vermir. Diqqət etsək, ötən ildən bəri problemli kreditlərin həcmində azalma olduğunu görürük. Düşünürəm ki, bu azalmanın böyük bir hissəsi prudensial güzəştin hesabınadır. Və bu güzəştin müddəti bitdikdən sonra biz Azərbaycanda problemli kreditlərin daha yüksək sürətlə artımının şahidi ola bilərik”. Musavat.com

Həmçinin oxuyun

Ən çox borcu olan ölkələr – SİYAHI

Avropa İttifaqının rəsmi statistika qurumu olan “Avrostat” birliyin ən borclu ölkələrinin siyahısını dərc edib.Məlum olub …