Ana səhifə / İqtisadiyyat / Birjalar çökdü, neft düşdü, Putin qazandı… – Avropa şokda

Birjalar çökdü, neft düşdü, Putin qazandı… – Avropa şokda

Böyük Britaniyanın Aİ-dən ayrılması qərarı nəinki ölkə daxilində, eyni zamanda birlik daxilində də birmənalı qarşılanmayıb.

Qafqazinfo” xəbər verir ki, artıq bir sıra dünya ölkələri Britaniyanın verdiyi qərara ilk reaksiyalarını veriblər.

Referendum qərarının açıqlanmasından sonra dünya bazarında Brent markalı neftin qiyməti 48,56 dollar səviyyəsinə ensə də, Rusiya Maliyyə Nazirliyi Britaniyanın Aİ-dən çıxmasının ölkəsi üçün ciddi risklər daşımadığını bildirib. Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə sədri Aleksey Puşkov isə bildirib ki, qurumun digər elit ölkələri belə bir referendumun keçirilməsini istəməyəcək. Onun fikrincə, xalqın rəyi onların siyasi məqsədləri üçün təhlükəlidir.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk qərardan sonra dərhal bəyan edib ki, Britaniyada keçirilən referendumun nəticəsindən asılı olmayaraq Aİ 27 ölkə ilə öz bütünlüyünü qoruyacaq: “Bu, tarixi məqamdır, lakin tarixi reaksiya verməyə əsas yoxdur. Hər kəsi inandırmaq istəyirəm ki, biz bu mənfi ssenariyə hazırıq”.

Almaniyanın xarici işlər naziri Frank Walter Steinmeier isə ölkəsinin adından verdiyi ilk açıqlamasında qərarı “Avropa və İngiltərə üçün pis bir gün” deyə qiymətləndirib.

Bir sıra siyasi liderlər isə hesab edirlər ki, bu qərar ən çox Rusiya prezidenti Putinin xeyrinə oldu.ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol tvitter hesabında baş verənləri “Bu gecə Putin, onun xarici siyasəti üçün möhtəşəm qələbədir” şəklində şərh edib.

Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond isə hesab edir ki, Putin referendumun nəticəsinə sevinəcək. Bunu, perspektivdə antirusiya sanksiyalarının yumşaldılma ehtimalı ilə izah edib:

“Bu səhər o, daha az təzyiq və Aİ sanksiyalarının yumşaldılmasına nail olmaq perspektivi barədə böyük coşğu hiss etdi”.

Avropa Parlamenti sədri Martin Şults isə bildirib ki, Britaniyanın Aİ-dən çıxması ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq: “Böyük Britaniya öz yolu ilə getməyə qərar verdi. Düşünürəm ki, bu səhərki iqtisadi rəqəmlər onu göstərir ki, bu, çox çətin yol olacaq”.

Qərardan daha çox zərər çəkəcək ölkənin isə ABŞ olduğu deyilir. Xatırladaq ki, ABŞ prezidenti Obama Britaniyanı referendum keçirmək qərarından döndərmək üçün bu ölkəyə səfər etmişdi. Ekspertlərin fikrincə, Britaniyanın Aİ-dən çıxması Vaşinqtonun Avropadakı nüfuzunu itirməsinə səbəb ola bilər.

Bundan başqa, referendum Britaniya krallığına daxil olan ölkələrdə də parçalanmaya səbəb olub. Artıq Şimali İrlandiyada Böyük Britaniyanın tərkibindən çıxmaq üçün referendumun keçirilməsi təklifi irəli sürülüb .

Referendumun digər Aİ ölkələri üçün domino effekti yaradacağı da istisna edilmir. Artıq Fransa və Hollandiyada da Aİ üzvlüyü ilə bağlı analoji referendumun keçirilməsi təklifləri irəli sürülüb.

Ekspertlərin fikrincə Avropa İttifaqından çıxmaq Britaniyaya təxminən 42,4 milyard dollar zərər vuracaq.

Qeyd edək ki, artıq Brexit tərəfdarlarının qələbəsindən sonra Avropa Fond birjalarında çöküş baş verib. Böyük Britaniyanın aparıcı fond indeksi təxminən 9 faiz enib. Referendumdan sonra funt sterlinq 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəyə düşüb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın