Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Bir ölümün müəmması: Mustafa Koç kimdir?

Bir ölümün müəmması: Mustafa Koç kimdir?

Dünən Türkiyənin ən zəngin iş adamlarından biri –“Koç Holding” şirkətlər qrupunun rəhbəri Mustafa Koç dünyasını dəyişdi. 56 yaşlı bu milyarderin birdən-birə ürəyində baş verən narahatçılıq və daha sonra bütün tibbi müdaxilələrə rəğmən, həyatla vidaşlaşması müxtəlif şübhələrə yol açıb.

Türkiyəli bəzi facebook dostlarımın statuslarına nəzər salanda, bu şübhələr açıq-aşkar sezilir, daha çox indiki siyasi hakimiyyət şübhə obyektinə çevrilirdi. İrəli sürülən fikirlər sadəcə şayiə xarakteri daşıdığından və heç bir rəsmi sənədə söykənmədiyindən, biz daha rəsmən elan olunmuş məlumatlar üzərində dayanmaq və şayiələrin nədən qaynaqlana biləcəyini araşdırmaq niyyətindəyik

Mətləbə keçməzdən əvvəl, Mustafa Koçun kim olduğu, rəhbərlik etdiyi  holdinqin necə dünyanın ən böyükləri sırasına düşdüyünə aydınlıq gətirmək tələb olunur.

Bu gün əsasən, maşınqayırma və cihaz sənayesiylə məhşur olan “Koç Holding”in təməlləri 1917-ci ildə Əhməd Vəhbi Koç tərəfindən atılıb.

Vəhbi Koç 1901-ci ildə Ankaranın Çoraklık səmtində anadan olub. Ata tərəfdən 3, ana tərəfdən 6 əsrlik tarixi bilinən məhşur bir ailənin törəməsidir. Anasının ulu babasının şəcərəsi Hacı Bayram Vəliyə qədər uzanır.

Məhşur bir ailədən gəlməsinə baxmayaraq, Əhməd Vəhbi Koçun iqtisadi cəhətdən yüksəliş tarixi olduqca təvazökar bir iş həyatından başlayır. Uşaqlıq illəri Türkiyənin Qurtuluş savaşı kimi çətin bir dövrə düşən Əhməd orta təhsilini yarımçıq buraxıb ticarətə atılır. Atası Koçzadə Hacı Mustafa Əfəndinin öz oğlu üçün açdığı baqqal dükanını işlədir. Baqqal dükanında qaloş (rezin ayaqqabı), şəkər, pendir, makaron, zeytun kimi mallar satan Əhmədin bir iş adamı kimi parlaması isə 1928-ci ilə təsadüf edir.

Sözsüz ki, hər bir kiçik sahibkarın böyük iş adamına çevrilməsi üçün individual xarakterlə yanaşı, tarixi zəmin də mühüm rol oynayır.

Şəxsi keyfiyyətlər bu tarixi zərurətlə birləşəcəyi və üst-üstə düşəcəyi təqdirdə, şəxsiyyətlər öz inkişaf proseslərini keçirir, ölkənin, yaxud dünyanın ən tanınmış simalarına çevrilirlər.

Adi bir baqqallıqdan başlayan Koç xaruqəsi də yüksəlişini Qurtuluş Savaşından sonra yaranan Türkiyə Cümhuriyyətinin yeni paytaxtının Ankaraya köçürülməsinə borcludur.

1919-cu ildən sonra Ankaranın paytaxta çevrilməsi bu şəhərin daha da böyüməsində və Türkiyənin əsas iqtisadi-siyasi mərkəzinə çevrilməsində mühüm rol oynayır. Yaşadığı şəhərin böyümə fürsətindən faydalanaraq, maliyyə gücünü artıran Əhməd Vəhbi Koç 1928-ci ildə  “Ford Motor Company ve Standard Oil”un yerli distribyütoru olur.

Bununla da kifayətlənmir, Ankaranın infrastrukturunun paytaxta uyğunlaşdırılması ehtiyacı gənc Vəhbinin qarşısında böyük imkanlar açır. O, tikinti materiallarının satışına keçir və ticarətini böyüdür. 1938-ci ildə İstanbul və Əskişəhərdə həmin müəssisələrin filiallarını açdıqdan sonra hamısını “Koç Ticaret A.Ş” adı ətrafında birləşdirir.

1948-ci ildə ticarətdən istehsala keçir və “General Electric”lə bağladığı müqaviləyə əsasən, özünün ilk barikasını – elektrik lampası istehsal edən müəssisəni açmağa qərar verir.

Bəzi mülahizələrə görə, bu yüksəlişdə 1944-cü ildə tanış olduğu yəhudi əsilli Bernar Nahumun xüsusi rolu var. (Bu barədə daha sonra bəhs edəcəyik).

Elektrik lampası fabriki 1952-ci ildə fəaliyyətə başlayır. O zamana qədər isə Koç artıq istehsalatda daha böyük addımlar atmaq barəsində düşünürdü.

1950-ci illər ümumiyyətlə, bu iş adamının ən böyük ilk uğurlarıyla yadda qalır. “Bozkurt Mensucat”, “Arçelik” (1955), “Demirdöküm” (1954), “Türkay”, “Aygaz”, “Siemens” ilə ortaq qurulan kabel zavodu, “Gazal”, “Türk Elektrik Sənayesi” kimi biznes layihələri bu uğurlardan bəziləridir.

Həmin illərdə hətta traktor istehsalına başlamış, “Fiat” adı altında lisenziya almışdı. Avtomobil sektorunda ilk cəhdi uğurlu alınan Koç təsərrüfatını ucu-bucağı görünməyən bir sənaye müəssisəsinə çevirir. “Ford Motor Company” ilə imzalanan sazişdən sonra 1959-ci ildə yük maşını montajına başlayır və bununla da Türkiyə maşınqayırma sənayesinin öndə gələn avtomobil şirkəti olan “Otosan”ın təməllərini atır.

1960-cı illər Koç mülkiyyətinin holdinqləşməsi dövrüdür.

1963-cü ildə “Koç Holding”i quran Əhməd Vəhbi 76 illik iş həyatında 108-dən çox nəhəng müəssisə yaratmışdır. Həmin müəssisələrdə 80 mindən artıq insan işləyir və ildə dəyəri 40 milyard dollardan çox mal istehsal edilir. İldə 500-600 milyon dollarlıq investisiyalarıyla holdinq hazırda dünyanın 200 böyük şirkətindən biri kimi tanınır.

1996-cı ildə dünyasını dəyişən Vəhbi Koç ölümündən xeyli əvvəl mülkiyyətini uşaqlarına dövr edir.Övladları Semahat Koç Arsel, Rəhmi Koç, Sevgi Koç Gönül, Suna Koç Kıraçın üzvü olduqları holdinqə 1984-cü ildə Vəhbi Koçun yeganə oğlu Rəhmi Koç rəhbərlik edib.

O da atası kimi ömrünün sonuna qədər rəhbər kürsüdə oturmaq istəməyib və 2003-cü ildə Koç liderliyini oğlu Mustafaya verib.

Mustafa Rəhmi, Koçun ilk uşağı olub. 1960-cı ildə anadan olan Mustafa 1984-cu ildə ABŞ-ın Corc Vaşinqton universitetində təhsil aldıqdan sonra “Tofas”da müşavir olaraq işə başlayıb. Təbii ki, öz ata-baba müəssisəsində yüksəlişi çox da çətin olmayıb. Bununla belə, o, yüksəliş karyerasına sıfırdan başlayaraq, özünü təsdiq edə bilib. Holdinqin rəhbəri olmasına baxmayaraq, ailənin ən zəngini də deyildi. Türkiyənin ən zənginləri arasında 2-ci sırada yer alan 84 yaşlı Semahat Koç Arsel ən imkanlı Koç sayılır. Onun şəxsi hesabında 3.4 milyard dollar pul var. Allah Semahat xanıma zənginliyi çox görməsə də, ona övlad nəsib etməyib.

Mustafanın atası Rəhmi Koç isə 2.9 milyard dollarlıq sərvətiylə Koçların 2-cisi, Türkiyənin 6-cı zənginidir. Əhməd Koçun kiçik qızı Suna Koç Kiraç isə 2.6 milyard dollarlıq sərvətiylə Türkiyənin 9-cu, Koçların 3-cü pullu adamıdır. Mustafa Koç isə 1.2 milyard dollarlıq sərvətiylə Koç ailəsinin 4-cüsü, Türkiyənin 32-ci pullusu sayılır. Bununla belə, Mustafa Koçun rəhbərlik etdiyi qurum hələ də Türkiyənin ən böyük şirkətlər şəbəkəsidir, ölkənin ilk yüz zəngin siyahısına ən çox təmsilçi ilə rəng qatan holdinqdir.

Mustafa Koçun ölümünün səbəbi barədə müxtəlif fikirlər söylənsə də, hər halda ötən il mədə əməliyyatı keçirmişdi. Məlumatlara görə, ürəyindən problem yaşayan Mustafa Koç yükünü azaltmaq üçün mədəsinin xeyli hissəsini götürtdürmüş və bununla yanaşı, ağır idmanla da məşğul olurdu. Məqsəd arıqlamaq idi.

Mədə əməliyyatından sonra qısa bir müddət ərzində 40 kq arıqlaması ciddi idman rejimiylə sağlam həyata qayıtmaq istəyindən irəli gəlirdi. Ölümündən əvvəlki rahatsızlığının da idman sırasında ortaya çıxdığı məlumdur. Görünür, həyat eşqi onu öz orqanizmini zora salacaq qədər idmana vadar etmiş, buna isə ürəyi dözməmişdir. (Ümumiyyətlə, Koç ailəsinin ürəkdən bəxti gətirməyib. Baba Əhməd Vəhbi də ürək çatışmazlığından dünyasını dəyişib).

Mustafa Vəhbi Koç haqqında yayılan şayiələrə gəlincə, bunun çox maraqlı səbəbləri var. Uzun illər Türkiyənin ən böyük iş adamı kimi tanınan bir neçə ailəsi mövcuddur ki, bu ailələr ölkənin siyasi mexanizmində yer almasalar da, idarə edilməsində misilsiz rol oynamışdılar. Koç ailəsi də bunlardan biridir.

Ən son tarixdə İslami düşüncə ilə ortaya çıxan yeni nəsil iş adamları qarşılarındakı ciddi problem kimi gördükləri Cümhuriyyət burjuaziyasıyla apara bilmədikləri rəqabətə görə, həmişə onlara qısqanclıqla yanaşıb, rəqiblərinin uğurlarını hansısa əsrarəngiz səbəblərdə axtarıblar. Əsasən isə, bu uğurların səbəbi yəhudilərlə iş birliyində görülüb. Xüsusi hədəf halına gələn fiqur isə Koçlar olub.

Sonradan siyasi hərəkata çevrilən və əvvəl Nəcməddin Ərbakan, nəhayət, indiki prezident Rəcəb Tayyib Ərdoğan ətrafında cəmləşən dünənin orta iş adamları uzun mübarizə nəticəsində qarşılarındakı bu əngəli tədricən qaldıra biliblər. Amma bu zamana gələnə qədər Cümhuriyyətin ilk quruluşunun gətirdiyi fürsətlərdən yararlanıb monopollaşan sərvət sahiblərinə qarşı müxtəlif əfsanələr də yaradılıb.

Belə əfsanələrdən birinə görə, Koçların soy şəcərəsi yəhudi kökənə dayanır. Guya bu nəsilin ulu babası Haim Namuhdur. Haim Namuh 1873-cü ildə Manisada bir yəhudi ailəsində doğulub. Uzun müddət Osmanlı xanədanının xəzinədarı olub. Deyilənlərə görə, Osmanlı imperatorluğunun son illərində xəzinəni oğurlayaraq, İsveçrəyə qaçıb. Avropalı maliyyə baronları o dövrün super güclərindən birini finansal olaraq çökdürdüyü üçün Haimə qaçırtdığı sərvətin yarısını hədiyyə ediblər. 1960-cı ildə ölən Haim isə öz varidatını 2 oğlu – Bernar və Vehbi Koç arasında bölüb. Hələ Haimin sağlığında, guya bu iki qardaş mülkiyyətlərini bəzi investisiya sahələrində birləşdirərək böyük iqtisadi imperatorluq yaradıblar. İkilinin birgə ərsəyə gətirdiyi “BeKo” adı da təsadüfi deyil. Bu marka adının ilk hecası, yəni “Be”-ni Bernarın, “Ko”-nu isə Koçun adından götürülüb. Elə bu səbəbdən də Koç ailəsinin varidatı əslində Osmanlı xanədanlığının mirası hesab olunur.

İrəli sürülən məlum mülahizələr, sözsüz ki, əfsanə xarakterli olsalar da, müəyyən həqiqətləri də özlərində ehtiva edirlər.

Mülahizənin şübhə doğuran ən mühüm məqamı manisalı Haimin ankaralı Əhmət Vəhbi Koçun atası olması barədə irəli sürülənlərdir.

Axı, Haim Namuh deyilən şəxs Osmanlı xəzinədarı olubdursa, ya İstanbulda, ya da öz məmləkəti Manisada yaşaya bilərdi. Onun iki şəhərdən də, təxminən, 500-600 km uzaqlıqda yerləşən Ankarada ailəsinin olması inandırıcı görünmür. Üstəlik, Koç aiəsinin ata tərəfdən 300 illik şəcərəsi məlumdur. Odur ki, haqqında bəhs etdiyimiz mülahizələr həqiqətdən daha çox əfsanəyə bənzəyir.

Əfsanənin ehtiva etdiyi yeganə həqiqət isə Bernar Namuhun həqiqən də Koçla müəyyən ortaq investisiyalara yönəlməsidir. Bernar Nahum dözümlü ev əşyaları sektorunda ilk şirkətlərdən olan Burla (Benardete) qardaşlardan Vehbi Koçun istəyiylə sözügedən holdinqə gəlir. Koçun bütün xarici əlaqələrində rol oynayır. İkili arasında dostluq o qədər möhkəm olub ki, Bernar Nahumun oğlu Jan Nahum da uzun illər Koçlara aid “Tofaş”a rəhbərlik edir. Fəqət bu əlaqələr sırf iqtisadi önəm də daşıya bilər.

Koçlarla islamçı iş adamlarının arasındakı ziddiyyətin kökündə, zənnimizcə, Türkiyənin dindar kəsiminin ilk əsas liderlərindən olan Nəcməddin Ərbakanla yaşanan gərginlik dayanır. Məlum olduğu kimi, daha sonra türk siyasətinin ən tanınmış adamı kimi parlayan Nəcməddin Ərbakan həm dəavtomobil mühəndisliyi üzrə elm xadimi idi. Ali təhsil aldığı Amerikadan geri döndükdən sonra 30 yaşlı bu gənc Türkiyənin özünəməxsus avtomobil sənayesini qurmağa çalışır. 1956-cı ildə başlatdığı kampaniya 1961-ci ildə nəticə verməyə başlayır.

Qurduğu “Gümüş” adlı maşın zavodunun təşkilatçılığı ilə keçirilən I Avtomobil Sənaye Konqresində isə Koçlarla kəllə-kəlləyə gəlir.

“Koç Holding”i təmsil edən Bernar Namuh toplantıda çıxışı zamanı “Türkiyənin öz maşınını istehsal etməsinə ehtiyac yoxdur. Türk iş adamları getsin, şəftəli yetişdirsin”, – sözündən sonra əsəblərinə hakim ola bilməyən Ərbakan ayaqqabını çıxarıb, natiqə tullayır. Deyilənlərə görə, ayaqqabı da naqitin tam alnından dəyib.

Maraqlıdır ki, bütün əngəllərə baxmayaraq, Ərbakan öz milli avtomobil proyektini reallaşdırıb. Amma sınaq zamanı içərisinə benzin tökməyi “unudan” münsiflər heyəti, nə illah ediblərsə, onu çalışdıra bilməyiblər.

Beləcə, dünyanın bir çox avtomobil markalarının patentini alan Koçlarla milli avtomobil ideyasını Türkiyə siyasi iradəsinə qəbul etdirə bilməyən Nəcməddin Ərbakan arasında bitib-tükənməyən mübarizənin təməlləri atılıb. Daha sonra bu şəxsi mübarizə ideyalar arasındakı çəkişməyə çevrilib.

Nə qədər Ərbakandan ayrılsa da, onun elektoratını ətrafına toplayıb, hakimiyyətə gələn Ərdoğanın da Koçlarla tarixdən gələn bir ixtilafı var. Ərdoğanın hesabına dünənə qədər orta sahibkar kimi bilinən iqtisadi quruluşlar artıq Türkiyənin nəhənglərinə çevrilib, bəziləri hətta Koçlarla kəllə-kəlləyə belə gələcək qüdrətə çatıblar.

Bu təbii rəqabətdəndir ki, ölümündən öncə Türkiyə prezidentiylə görüşən Mustafa Koçun gözlənilməz rahatsızlığı bəzi şayiələrə yol açıb…

Daha bir diqqətçəkən detal odur ki, son 13 ildə Ərdoğan komandasının addımlarının ictimai rəyə həzm etdirilməsi məqsədiylə çəkilən və böyük bir coğrafiyada geniş tamaşaçı auditoriyası toplayan “Kurtlar vadisi – Pusu” filmininin son bölümlərində ardıcılı olaraq Koç ailəsinin nəzərdə tutulduğu “Kuzuzadə” ailəsindən Türkiyədəki proseslərin qızışdırılmasında istifadə olunacağı mesajları verilmişdi…

Bunlar təsadüfdürmü? Bəlkə Türkiyəni qarışdırmaq istəyən hansısa qüvvələrə məhz bu ərəfədə Koç ailəsi ilə Ərdoğan arasında böyük bir müharibənin başlanması gərəkdir? Yoxsa Davos ərəfəsində Ərdoğan komandası kimlərəsə mesaj vermək qərarına gəlib?

Yəqin ki, Mustafa Koçun bu müəmmalı ölümü ətrafında hələ xeyli müzakirələr açılacaq. Ancaq o da mümkündür ki, əsl gerçəyi bilmək heç bir zaman türk insanına nəsib olmayacaq…  Strateq.az

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın