Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

O əlavə edib ki, bu gün Heydər Əliyev Mərkəzində keçirilən və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev həlli qarşıda dayanan məsələləri sadalayıb:

“Prezident bildirdi ki, Azərbaycan hökuməti bu sahələrin inkişafına yenə də xüsusi fikir verəcək. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub və bu, davam etdiriləcək. Yəni, Azərbaycanda qeyri-neft sektorunun inkişasına çox böyük diqqət yetirilir. Davosda keçirilən Dünya İqtisadi Forumunda cənab prezident qeyd etmişdi ki, artıq neft və qazı yaddan çıxarmaq lazımdır. Azərbaycan olaraq artıq biz qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. 2017-ci ilin yekunları göstərdi ki, aparılan siyasət tamamilə düzgündür və qeyri-neft sektorunun inkişafında hardasa 3 faizə yaxın artım var. İlk dəfə 2017-ci ildə ixrac idxalı üstələdi, ticarət balansında faktiki olaraq 6 milyard manata yaxın müsbət saldo yarandı. Bütün bunlar hamısı müsbət hallardır. Konfransda 2018-ci ilin axırınadək üçüncü proqramın yerinə yetirilməsi ilə əlaqədar müzakirələr aparıldı”.

Üçüncü proqramın icrasının bu il uğurla başa çatacağına əmin olduğunu deyən V.Əhmədov bunun rəqəmlərdən də göründüyünü vurğulayıb:

“Düzdür, biz bunun həqiqi qiymətini bir neçə il sonra verə biləcəyik. Çünki bir neçə şəhər və rayonda inşa olunan sənaye məhəllələri, sənaye parkları, aqroparklar birdən-birə gəlir gətirmir. Bunun üçün müəyyən vaxt lazımdır. Bir neçə ildən sonra biz hiss edəcəyik ki, bu proqramların təməli düzgün qoyulub və qeyri-neft sektorunun inkişafında artımlar var”.

V.Əhmədov hələlik problemlərin olduğunu da vurğulayıb:

“Məsələn, bu gün bizi narahat edən məsələlərdən biri bank sektorudur. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektorunda sağlamlaşdırma prosesi həyata keçirilir. Amma bu proses hələlik tam ciddiliyi ilə həyata keçirilməyib. Ona görə də bank sektorunun sağlamlaşdırılması üçün ciddi tədbirlər görülməlidir. Bu iş də gedir. Mən belə düşünürəm ki, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulda da artım olmalıdır. Neftin dünya bazarındakı qiyməti də 70 dollar ətrafındadır. Yəni, ciddi problemimiz olmayacaq. Bəzən deyirlər ki, neftin qiymətinin artması digər sektorları kölgədə qoyacaq. Elə deyil. Neftin qiyməti artsa da, cənab prezidentin dediyi kimi, qeyri-neft sektorunun inkişafı ön plandadır. Yəni, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrə diqqət həddən artıq böyükdür”.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair indiyədək 3 dövlət proqramı icra olunub. Birinci proqram 2004-2008, ikinci proqram 2009-2013-cü, üçüncü proqram isə 2014-2018-ci illəri əhatə edir. Prezident İlham Əliyev bu gün keçirilən konfransda üçüncü proqramın icrasının çox uğurla getdiyini bildirib və dördüncü dövlət proqramının icrasına başlanılacağını vurğulayıb.