Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Beynəlxalq Qırmızı Xaç Azərbaycanın “əsir götürdüyü” erməni hərbçilərinin qaytarılmasına çalışır

Beynəlxalq Qırmızı Xaç Azərbaycanın “əsir götürdüyü” erməni hərbçilərinin qaytarılmasına çalışır

Aprelin 1-dən 2-nə keçən gecə Qarabağda başlayan və aprelin 5-də Mokskvada əldə edilən razılaşma ilə dayandırılan irimiqyaslı hərbi əməliyyatlar zamanı tərəflərin itkiləri barədə rəsmi rəqəmlər artıq açıqlanıb.

Virtualaz.org xatırladır ki, Azərbaycan Müdafiə Nazirliyi bu döyüşlərdə 31 hərbçimizin həlak olduğunu bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə guya Qarabağda gedən döyüşlərin onlara dəxli olmadığı, döyüşləri “DQR ordusu”nun apardığı haqda illüziya yaratmaq üçün itkilər haqda danışmır. Bununla belə Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” döyüşlərdə 32 hərbçi itirdiklərini, 25 hərbçinin itkin düşmüş hesab edildiyini açıqlayıb.(Azərbaycan tərəfi isə düşmənin itkilərinin 200-dən çox olduğunu bildirir)

Azərbaycan tərəfdən itkin düşmüş hesab edilən hərbçilərin sayı açıqlanmayıb. Müdafiə Nazirliyi bu barədə şərh vermir. Bununla belə məlumdur ki, vurulan vertolyotumuzun pilotlarının cəsədləri də daxil olmaqla düşmənin nəzarəti altında, yaxud neytral zonada hərbçilərimizin cəsədləri qalıb.

Cəsədlərin dəyişdirilməsi, əsir götürülən hərbçilərin geri qaytarılmasında vasitəçilik etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə birinci müraciət edən tərəf Ermənistan Müdafiə Nazirliyidir. Ermənistan müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Qırmızı Xaçın İrəvan komitəsinin rəhbəri Zara Amatunini qəbul edərək ondan cəsədlərin dəyişdirilməsi, əsirlərin geri qaytarılması üçün vasitəçilik etməyi xahiş edib.

Hərçənd ki, Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə erməni hərbçilərinin əsir götürüldüyünə dair hər hansı şərh vermir. Bununla belə məlumdur ki, döyüşçülərimiz düşmən mövqelərini ələ keçirərkən onları ciddi itkilərə məruz qoyublar və ermənilər həlak olanların cəsədlərini ataraq qaçıblar. Yəni Azərbaycan tərəfdə də cəsədlər olduğu yəqinləşib. Sağ ələ keçirilən düşmən əsgərləri ilə bağlı məsələ hələ açıq qalır.

Bu gün isə Beynəlxalq Qırmızı Xaçın İrəvan komitəsinin rəhbəri Zara Amatuni RİA Novosti-yə bildirib ki, onlar döyüşlərdə itkin düşmüş erməni hərbçilərinin qaytarılması üçün dialoq aparırlar.

“Söhbət mübadilədən deyil, hərbçilərin geri qaytarılmasından gedir. Biz onların geri qaytarılması prosesinə kömək etməyə çalışırıq. Bu məsələ ilə bağlı dialoqu və müzakirələri davam etdiririk”-Zara Amatuni bildirib.

Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi deyib ki, hələlik detalları açıqlaya və işlərin hansı mərhələdə olduğunu deyə bilməz. Bəs söhbət hansı erməni hərbçilərinən gedir-öldürülənlərdən, yoxsa sağ ələ keçirilənlərdən? Zara Amatuni bu məsələyə dair şərh verməkdən imtina edib. “Biz tərəflərə fəal kömək göstərmişik ki, itkin düşmüş elan edilən hərbçilərin barəsində dəqiqləşdirmələr aparsınlar. Hazırda biz bu istiqamətdə işləri davam etdiririk”-o deyib. Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi danışıqların məxfi xarakter daşıdığını deyib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın