Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / “Belə çıxır ki, uduzacaq və pulları Azərbaycandan gedəcək” – Deputat

“Belə çıxır ki, uduzacaq və pulları Azərbaycandan gedəcək” – Deputat

Dekabrın 27-də Milli Məclis Azərbaycandan lotereya və idman mərc saytlarına girişi qadağan edən “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Üstəlik, bu sahədə cərimələr də artırılıb.

Azərbaycanda rəsmən lotereya oyunlarını keçirən yalnız bir qurum var. Bu, “Azərlotereya” ASC adlanır və Prezident İlham Əliyevin fərmanı ilə 2001-ci ildə yaradılıb, dövlətə məxsusdur. Fərmana əsasən, ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir…

50 milyon manat…

2020-ci ildə “Azərlotereya” ASC üzrə lotereya biletlərinin satışından 49 milyon 989.2 min manat və sair əməliyyatlardan 579.4 min manat olmaqla, ümumilikdə 50 milyon 568.6 min manat gəlir əldə edilib. “Satışın 56.59 faizi və ya 28 milyon 288.5 min manatı uduş fonduna sərf olunub”, – “Azərlotereya” ASC-dən “Turan”a bildirilib.

İstehsal, vergi və başqa xərcləri çıxanda balans mənfəətinin 7 milyon 151.9 min manat təşkil etdiyi açıqlanıb.

Türkiyə şirkətinə verilib…

2021-ci ilin fevralında isə bu qurumun Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə 10+5 illik idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb.

Qanuni idman mərc oyunların operatoru da ölkədə cəmi bir şirkətdir. Bu da “Caspiantech” QSC (2019-cu ilə qədər “Azərinteltek” QSC) ticarət nişanı olan “TOPAZ”dır. O, 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

“Heç bir monopoliyadan söhbət gedə bilməz”

İqtisadiyyat Nazirliyindən “Turan”a bildirilib ki, qanuna dəyişiklik insanların hüquq və mənafelərinin qorunması məqsədilə edilir: “Burada heç bir monopoliyadan söhbət gedə bilməz”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də agentliyə deyib ki, mərc oyunlar böyük bəladır və bu baxımından bu, vətəndaşların rifahının yaxşılaşmasına yönəlmiş düzgün qərardır: “Dövlət mərc oyunları üstündə pul qazanmaq istəsəydi, ölkədə kazinolar fəaliyyət göstərərdi. Bəzi ekspertlər və deputatlar bu fikirlə çıxış edib, lakin dövlət buna getmir. Dövlətin məqsədi mərc oyunlarının cəmiyyətə təsirini maksimum dərəcədə azaltmaqdır”.

Deputat hesab edir ki, mərc oyunlarına nəzarət dövlətə məxsus olmalıdır: “Bu, lisenziya, monitorinq formasında ola bilər. Bu gün yüzlərlə insan digər xarici platformalarda oynayır və bütün pullarını, var-dövlətini itirir. Məhz ona görə qanuna dəyişiklik çox vacib idi”.

“…Bir başqa dövlətlərin büdcəsinə pul yatırırıq”

Komitə üzvü sonra da deyib: “Onda belə çıxır ki, Azərbaycanda oturan insanlar xarici platformalarda oynayacaq, uduzacaq və pulları Azərbaycandan gedəcək. Belə çıxır ki, bir başqa dövlətlərin büdcəsinə pul yatırırıq”.

Onun sözlərinə görə, bu sahədə çoxlu dələduzlar peyda olub: “İnsanların bank kartlarından dələduz yolu ilə pul silənlər artıq onlayn mərc oyunlar sahəsində də peyda olub. Ona görə də bu sahə dövlətin nəzarətində olmalıdır”.

İqtisadçı Natiq Cəfərlinin isə AzadlıqRadiosuna bildirməsinə görə, Azərbaycanda problem ondan ibarətdir ki, bu tipli qaydaları tətbiq edərkən onların texniki tərəfləri haqqında düşünülmür: “Bu qadağa necə həyata keçiriləcək? Bank kartlarının Azərbaycan banklarında tranzaksiyaları üçün qadağalar olacaqsa, vətəndaşlar başqa ölkələrin kartlarından istifadə edəcək. Əgər saytlara giriş qadağan olunacaqsa, VPN-lərdən istifadə edəcəklər”.

“Uduş əmsalı daha aşağıdır”

O deyir ki, bunun qarşısını inzibati yollarla kəsmək çox çətindir: “Ona görə də insanların məhz xarici platformalara üz tütmasının səbəbi tapılmalıdır. Səbəb isə odur ki, Azərbaycanın bir mərkəzdən idarə olunan mərc saytlarında uduş əmsalı daha aşağıdır. Vətəndaşlar da görürlər ki, eyni vəsaitlə daha çox pul qazanmaq şansı var, üz tuturlar ora”.

İqtisadçının fikrincə, Azərbaycanda bu sahə inhisara alınıb: “Bu sahə sırf dövlətin əlindədir və qanuna edilən dəyişikliyin əsas məqsədi insanları yerli şirkətə yönəltməkdir”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …